Bakı növbəti dəfə beynəlxalq siyasi dialoqun mühüm mərkəzinə çevrildi. XIII Qlobal Bakı Forumunun gündəliyində ilk növbədə beynəlxalq təhlükəsizlik məsələləri dayanırdı. Müasir dövrdə artan geosiyasi gərginliklər, müxtəlif regionlarda davam edən münaqişələr və onların dünya siyasətinə təsiri geniş şəkildə müzakirə olundu. Ekspertlər qeyd etdilər ki, beynəlxalq münasibətlər sistemi hazırda ciddi transformasiya mərhələsindən keçir və dövlətlər arasında etimadın bərpası qlobal sabitliyin təmin olunması üçün mühüm əhəmiyyət kəsb edir.
Müzakirələrin əsas istiqamətlərindən biri də yeni dünya nizamının formalaşması ilə bağlı idi. Forum iştirakçıları vurğuladılar ki, təkqütblü beynəlxalq sistem tədricən zəifləyir və dünya siyasətində çoxqütblü münasibətlər sistemi formalaşır. Bu şəraitdə dövlətlər arasında dialoq və çoxtərəfli əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Tədbirin ən vacib məqamlarından biri də Prezident İlham Əliyevin forumdakı çıxışı oldu. Cənab Prezident çıxışında müasir beynəlxalq münasibətlər sistemində dialoqun və qarşılıqlı hörmətin əhəmiyyətini vurğulayaraq, qlobal problemlərin yalnız əməkdaşlıq yolu ilə həll oluna biləcəyini qeyd etdi. Dövlət başçısı həmçinin regional sabitliyin və təhlükəsizliyin təmin edilməsinin beynəlxalq təhlükəsizlik sisteminin vacib elementlərindən biri olduğunu diqqətə çatdırdı.
Son illərdə ölkədə keçirilən beynəlxalq tədbirlər Azərbaycanın qlobal siyasi müzakirələr üçün mühüm mərkəzə çevrildiyini göstərir. Qlobal güc mərkəzləri arasında artan rəqabət fonunda Azərbaycan müxtəlif tərəflərlə əməkdaşlıq münasibətlərini qoruyaraq regional sabitliyə töhfə verməyə çalışır.
Azərbaycanın bu uğurları ölkəmizə qarşı qarayaxma kampaniyası həyata keçirən qərəzli dairələri narahat edir. Son illərdə informasiya müharibəsinin miqyası daha da genişlənib və dövlətlərə qarşı aparılan təbliğat kampaniyaları əsasən sosial media üzərindən həyata keçirilir. Təəssüf ki, Azərbaycana qarşı aparılan qarayaxma kampaniyalarında yalnız xarici dairələr deyil, bəzən özünü “müstəqil bloger” kimi təqdim edən üzdəniraq ünsürlər də iştirak edirlər. Məlumdur ki, Azərbaycan son illərdə regional və beynəlxalq səviyyədə mühüm siyasi və iqtisadi layihələrin təşəbbüskarı kimi çıxış edir. Ölkənin beynəlxalq nüfuzunun artmasından narahat olan dairələr müxtəlif dezinformasiya hücumları təşkil edir. Bu cür kampaniyaların əsas məqsədi ölkənin imicinə zərbə vurmaq və ictimai rəyə təsir göstərməkdir.
Belə bir şəraitdə cəmiyyətin bütün üzvlərinin, xüsusilə geniş auditoriyaya təsir imkanına malik sosial media istifadəçilərinin məsuliyyətli davranması vacibdir.
Lakin təəssüf ki, bəzi blogerlər reytinq və izləyici qazanmaq naminə ölkəmizlə bağlı məsələlərdə qeyri-obyektiv və qərəzli mövqe sərgiləyirlər. Bu cür yanaşma təkcə jurnalist etikası baxımından deyil, həm də milli maraqlar kontekstində ciddi suallar doğurur.
Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, bəzi blogerlər ölkəmizə qarşı aparılan xarici dezinformasiya kampaniyalarının ritorikasını təkrarlayırlar. Mövcud vəziyyət bu ünsürlərin mövqeyinin milli maraqlarla ziddiyyət təşkil etdiyini təsdiqləyir. Tənqid və müzakirə mədəniyyətindən uzaq, eyni zamanda milli maraqlara zidd informasiya manipulyasiyaları yolverilməzdir.
Bu prosesə qarşıprinsipial mövqe nümayiş etdirilməlidir. Sosial media platformalarında fəaliyyət göstərən şəxslər daha böyük məsuliyyət daşıdıqlarını dərk etməlidirlər. İctimai rəyə təsir imkanına malik olmaq yalnız populyarlıq deyil, həm də məsuliyyət deməkdir. Bu məsuliyyət isə ilk növbədə həqiqətə, obyektivliyə və milli maraqlara hörmət prinsiplərinə əsaslanmalıdır.
Bakı Qlobal Forumunun iştirakçıları Azərbaycanın qlobal nüfuzunu, beynəlxalq təşəbbüslərini təqdir etdiyi halda antimilli ünsürlər kommersiya maraqları naminə ən iyrənc vasitələrə əl ataraq özlərini ifşa edirlər.
Könül Nurullayeva,
Millət vəkili