AZ

AÇG tükənməyib

Bu yataqlar bloku indi isə dərin laylarından təbii qaz vəd edir

"Azəri-Çıraq-Günəşli" (AÇG) hazırda dünyada istismar olunan ən böyük və ən məhsuldar laylara malik karbohidrogen yataqlarından biridir. Bu həqiqəti BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli də təsdiqləyir.

Keçən həftə jurnalistlər üçün keçirdiyi brifinqdə C.Kristofoli BP-nin operator olaraq AÇG layihəsi çərçivəsində əsas vəzifəsinin, daha doğrusu, ölkəmiz qarşısında öhdəliyinin mümkün qədər çox neft hasil etmək olduğunu söyləyib. O, eləcə də bu yataqlar blokunda iş icrasının ən yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. 

Qarşıya qoyulan vəzifəni, yəni imkan daxilində daha çox neft çıxarmaq məsələsini həll etmək üçün əvvəla quyuların sayı artırılır. Layların gücləndirilməsi onların neftvermə əmsalının artırılması da mühüm şərtdir. Belə ki, laylara təzyiq artırılmalıdır - su və qaz vurulmalıdır. Həm də bunun üçün lazımi nöqtə tapılmalıdır. Bu işlər də uğurla icra edilir.

Hasilatı sabit saxlamaq üçün həmçinin yeni texnologiyalar tətbiq olunur. Seysmik tədqiqatlar aparılır ki, neftin harada toplanıb qaldığı aşkarlansın və məhz oradan hasilata başlansın. Bu məqsədlə horizontal quyular qazılır. Məsələn, 1100 metrlik üfüqi bir quyu artıq qazılıb.  

Cio Kristofoli ona AÇG-də hasilatın doğrudanmı azaldığı barədə tez-tez suallar verildiyini deyir. Hasilatın aşağı düşdüyü barədə danışmaqdansa, buna vaxt sərf etməkdənsə, düşünmək, yeni işlər görmək lazımdır. Və AÇG-nin hələ böyük imkanları var. Məsələn, bu yataqlar blokunun laylarındakı sərbəst təbii qaz (STQ)  ehtiyatı. BP-nin regional prezidentinin fikri məhz belədir.

AÇG-nin mövcud Hasilatın Pay Bölgüsü Sazişinə STQ ilə bağlı yeni əlavənin imzalanmasından sonra ilkin hasilat quyusu planlaşdırılmış və quyu "Qərbi Çıraq" platformasından təhlükəsiz şəkildə qazılmışdır. Bu quyu qiymətləndirmə baxımından da çox əhəmiyyətlidir, çünki quyudan əldə edilən məlumatlar AÇG-dəki STQ ehtiyatlarının işlənməsi üçün gələcək planların hazırlanmasına kömək edəcək. 

Keçən il quyuda qazma işləri uğurla tamamlanmış və hazırda hasilatda olan neft laylarının altında yerləşən iki prioritet STQ layına - daha dayaz "Qırmakıüstü Qumlu" və daha dərin "Qırmakıaltı"  lay dəstlərinə çıxış təmin edilmişdir.

 Quyu ilk STQ hasilatı üçün əsas hədəf lay sayılan "Qırmakıüstü Qumlu" lay dəstində mavi yanacaq ehtiyatlarının mövcudluğunu təsdiqləmişdir. Bu laydan hasilat cari ilin təxminən yayında planlaşdırılır.

 Bundan əlavə, "Qırmakıaltı" lay dəstində də yüksəktəzyiqli qaz ehtiyatlarının mövcudluğu aşkar edilmişdir və 2026-cı ilin birinci yarısında bu laydan hasilata başlamaq planlaşdırılır. Lakin bu, sınaq məqsədilə aparılacaq qısamüddətli hasilat kimi nəzərdə tutulur və bundan sonra ilin ikinci yarısından başlayaraq, daha dayazda yerləşən "Qırmakıüstü Qumlu" layından hasilata start veriləcək.

Xatırladaq ki, 2025-ci il ərzində AÇG yataqlar blokundan stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. AÇG-dən - "Çıraq", "Mərkəzi Azəri", "Qərbi Azəri", "Şərqi Azəri", "Dərinsulu Günəşli", "Qərbi Çıraq" və ACE platformalarından  ümumi hasilat gündə  orta hesabla 330 min barel, il ərzində ümumilikdə təxminən 120 milyon barel, yəni 16 milyon ton olub.

İl ərzində AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin "Neft Daşları"ndakı qurğu vasitəsilə gündə orta hesabla 8 milyon kubmetr, ümumilikdə isə 2,7 milyard kubmetr səmt qazı təhvil verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

Flora SADIQLI,

"Azərbaycan"

Seçilən
65
azerbaijan-news.az

1Mənbələr