BAKI, 14 mart. TELEQRAF
ABŞ administrasiyası İranın Minab şəhərində qızlar məktəbinə endirilən zərbənin səbəblərini hələ tam başa düşmür.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hadisənin bütün təfərrüatlarını müəyyənləşdirmək üçün araşdırma aparılmalıdır.
“Düşünmürəm ki, orada baş verənləri tam başa düşürük. Araşdırmanı başa çatdırmalıyıq. Hər hansı addım atmazdan əvvəl əslində nə baş verdiyini dəqiq bilməliyik”, – deyə Vens bildirib.
Vitse-prezident əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp Minabdakı faciənin bütün hallarla tam araşdırılmasını istəyir.
Xatırladaq ki, 28 fevralda İran hakimiyyəti ABŞ və İsrailin ölkənin cənubunda yerləşən Minab şəhərində qızlar üçün ibtidai məktəbə zərbə endirdiyini açıqlayıb. Son məlumatlara görə, hadisə nəticəsində əsasən şagirdlər, həmçinin valideynlər və müəllimlər olmaqla 175 nəfər həlak olub, 95 nəfər yaralanıb.