525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Baharın gəlişinə az qalıb. Artıq üç çərşənbəni yola salsaq da, qış hələ ki təslim olmaq istəmir. Çiskinli, boz-bulanıq səhərin səmasından günortaya doğru günəş boylanır, azacıq da olsa, havanın soyuğunu hərarəti ilə isidir. Çünki bahar təbiətin ən incə, ümid dolu nəfəsidir və hər birimizin ömründə onun özəl yeri həmişə var. Ömrün bahar fəsli insan həyatının ən işıqlı, arzularla aşıb-daşan çağıdır. Yaşamaq, yaşatmaq, yaratmaq, hər bir istək, arzu, amal uğruna çalışmaq və istədiyinə nail olmaq ömrün bahar fəslinin payına düşür...
Amma həyat ömrün bu baharı ilə bitmir. İllər keçir, insan həyatının fərqli bir mərhələsinə qədəm qoyur və bu zamanın içində ömrün ikinci baharı başlayır. Bu bahar artıq gəncliyin tələsik addımlarını deyil, həyatın verdiyi təcrübəni, müdrikliyi və daha dərin duyğuları özü ilə gətirir. Və həmin bu çağda insanın həyata baxışı daha sakit, daha düşüncəli olsa da, qəlbinin dərinliyində yenə də bahar nəfəsi duyulur. Çünki insan ruhən hər zaman yenilənməyə qadirdir...
Beləcə, illər bir-birini geridə qoyur, insanın yaşı üstünə yaş gəlir və bir də görür ki, ikinci bahar da artıq geridə qalıb, ömür isə hələ davam edir. Məhz davam edən bu ömrə üçüncü bahar adını verərək müdrik yaş həddinə çatan, qəlbən hələ də gəncliyini belə, qoruyub saxlayanlara qarşı çox həssas olanlar bu insanlara qayğı, diqqət göstərməkdən savayı, nə qədər böyük savab qazandıqlarının bəlkə də heç fərqində deyillər. Bu məqama elə-belə toxunmadıq. Müsahibimiz "Üçüncü Bahar" Yaşlılara Dəstək İctimai Birliyinin həmtəsisçisi və İdarə Heyətinin sədri Nərmin xanım Qəniyevadır.
- Həm maraqlı ideya, həm birliyinizə seçdiyiniz ad bir-birini tamamlayır - Üçüncü Bahar...
- Hər ideyanı həyat özü diktə edir. On il əvvəl birliyin digər həmtəsisçisi Natəvan Yusifova ilə Avropada səyahətdə idik. Orada diqqətimizi çəkən o oldu ki, müxtəlif məkanlarda yaşlı insanlara tez-tez rast gəlinir. Maraqlanıb onlarla ünsiyyət yaratdıq və məlum oldu ki, orada təqaüdə çıxanlar qalan ömrünü özləri üçün yaşayır, yəni özünü cəmiyyətdən təcrid etmir, kənardan özünə lazımsız biri kimi baxmır, həyatın axarı ilə yaşamağa davam edir. Düşündük ki, görəsən, bizdə də belə düşünənlər və ya onlarla maraqlanan bir platforma varmı? Vətənə qayıdandan sonra araşdırmalara başladıq. Məlum oldu ki, məhz yaşlı insanlarla bağlı heç bir layihə yoxdur və 2017-ci ilin fevral ayında biz belə bir yola çıxdıq, yaşlı insanları yavaş-yavaş ətrafımıza toplamağa başladıq. Təəssüf ki, Avropadan fərqli olaraq bizdə təqaüdə çıxanlar çox vaxt sarsıntı keçirir, düşünür ki, artıq heç kimə lazım deyiləm və bu, onlarda bəzən ruh düşkünlüyü yaradır. Təsəvvür edin, illərlə necə deyərlər, külüng çalan insan bir gün yuxudan oyananda anlayır ki, artıq işə getməyəcək. Baxmayaraq ki, ailə, övlad, nəvə onun ətrafındadır, o, həyatda özünə həm doğma bildiyi, həm aludə olduğu, vərdiş etdiyi bir parçadan həmişəlik ayrıldığının fərqinə vara bilmir. Bu məqsədlə "Üçüncü Bahar"ı yaratmaq qərarına gəldik. İstədik onlarda ruh yüksəkliyi oyatmaqdan savayı, bildirək ki, yaşlı nəslə ehtiyac həmişə var. Onlar, "artıq yaşım keçib deyə" fikri ilə yaşamağı unudub, Tanrının onlara bəxş etdiyi ömür payının qalan hissəsini özləri, maraqları, nə zamansa gerçəkləşdirə bilmədikləri arzuları üçün yaşasınlar.
- Dediniz ki, artıq doqquz ildir fəaliyyətdəsiniz. Gəlin başlanğıca qayıdaq...
- Başlanğıcda 2017-ci ildə təşəbbüs qrupu yaratdıq. Bir ildən sonra Bakıxanov qəsəbəsində, 2020-ci ildə Mingəçevir və Şamaxıda mərkəzlərimiz açıldı. İndi qonaq olduğunuz İçərişəhər mərkəzi sayca dördüncüdür. 2019-cu ildən sonra ictimai birlik statusunu aldıq. Bir təşkilat olaraq ölkədə yaşayan yaşlı insanların sosial rifahının yaxşılaşdırılması, onların artıq zamanlarının səmərəli keçməsini qarşımıza məqsəd qoyduq. İlk olaraq özümüzün, rəfiqələrimizin valideynlərini, onların dostlarını, yaxın bildiklərimizi dəvət etdik. On yeddi nəfərlə İçərişəhərə ekskursiya etdik. Mir Teymur Məmmədovun ev-muzeyinə getdik, daha sonra onun dəvətilə çay süfrəsi arxasında gördüklərimizi müzakirə etdik. Və beləcə, birliyin üzvlərinin sayı yavaş-yavaş artmağa başladı. Televiziya və radio verilişlərinə çıxdıq, sosial mediaya müraciət etdik. Televiziyalardakı səhər verilişlərindən sonra zənglərin, bizə müraciət edənlərin sayı artmağa başladı. Artıq doqquz il ərzində qırx beş min insanın həyatına toxuna bilmişik ki, zənnimcə, o qədər də kiçik rəqəm deyil. Getdikcə hiss etdik ki, onların özlərinin maraq dairəsi var və istədiklərini görməyəndə yanaşmaları fərqli olur. Anladıq ki, fəaliyyətimizi insanların maraq dairəsi çərçivəsində qurmalıyıq və bunu etdik. Fəaliyyətimizin üç istiqaməti var - yaradıcılıq, sağlamlıq və maarifləndirmə. Yaradıcılığa istiqamətlənənlər rəsm, toxuma, qurama, tikmə, muncuqlarla işləmə kimi sahələrdə həvəslə çalışırlar, dəvət etdiyimiz ekspertlərin köməyi ilə lazımi məlumatlara yiyələnirlər. Aralarında elələri olur ki, kifayət qədər bilgi əldə edəndən sonra özləri təlimlər keçməyə başlayır, sərgilərdə iştirak edir, əl işlərinin satışını təşkil edirlər. Daha sonra poeziya dərnəyi, kitab klubu, teatr tamaşası, xor kollektivi kimi sahələrimiz də var.
- Teatr dərnəyi və xor... Maraqlı səsləndi...
- Təbii ki, onlar peşəkar aktyor deyillər. Sadəcə olaraq uşaqlıqdan onların içində aktyor olmaq kimi bir istək olub. Biz onlara şərait yaratdıq və içində bu istəyi qalan insanlar 65-70 yaşında böyük səhnəyə çıxdılar. İki dəfə onların iştirakı ilə Gənc Tamaşaçılar Teatrında anşlaqla tamaşa göstərmişik. Tamaşadan sonra tamaşaçı bilib ki, gənclər peşəkar aktyorlardır, yaşlılar isə həvəskarlar. Xordakılar isə bir qədər fərqlidir. Bura toplaşanlar bəlli yaşdan sonra özündə cəsarət tapıb indi oxumağa başlayanlardır. Onları festivallara, tədbirlərə dəvət edirik, hətta onlar üçün geyim də sifariş etmişik ki, fərqli görünsünlər. Mən bir qədər digər istiqamətlərimiz haqqında da azacıq məlumat vermək istərdim. Maarifləndirmə çərçivəsində biz onlara kompüter, dil bilgiləri öyrədirik. Sağlamlıq çərçivəsində isə biz yaşlılarımızı müayinə və müalicə etmirik. Onları sağlam yaşlanmaları üçün məlumatlandırırıq.
- Maraqlı və faydalı iş görürsünüz. Amma bu gün yaşlı dediyimiz kifayət qədər insanlar var ki, onlar ömrünü qocalar evinin divarları arxasında yaşayır. Kimisi tənhadır, kimisindən övladları imtina edib. Onlar da ömrünün üçüncü baharını yaşayır...
- Əslində həssas bir nöqtəyə toxundunuz. Uzun illərdir könüllü kimi fəaliyətim olub və bu gün də davam edir. Davamlı olaraq uşaqlar və qocalar evlərini bir vətəndaş olaraq ziyarət etmişəm. Lakin birliyimizin ahıllar evi ilə əməkdaşlığı olmayıb. Həmin insanların hansı səbəbdən orada yaşamaq məcburiyyətində olduğunu özünüz dediniz. Təəssüf ki, biz onların həyatında nə bir dönüş nöqtəsi ola bilirik, nə də dəyişiklik etmək imkanımız var. Bilirsiniz niyə? Onlar kifayət qədər həssas insanlardır. Bir dəfə gedib onları nəyəsə həvəsləndirib sonra gözlərini yolda qoymaq da günah etməkdir. Mənim nəzərimdə nə ediriksə, davamlı olmalıdır. Əgər bu davamlılığını saxlaya bilməyəcəksənsə, başlamamaq daha məqsədəuyğundur. Mənim yanaşmam belədir.
- "Üçüncü Bahar"ın yəqin ki, özəllikləri də var...
- Var təbii ki... Bizə əməkdaşlıq təklif edən təşkilatlar az deyil. Olub ki, əməkdaşlıqdan imtina etmişik o səbəbdən ki, formatımızı dəyişmək istəməmişik. Biz elə üçüncü bahar olaraq gözəlik. Birliyimiz həm də ona görə davamlıdır ki, dəyərlərini qoruyur, ona inananlara sahib çıxır. Biz hər bir yeniliyə açığıq və bu yeniliklərə daxili dəyərlərimizi, öz çərçivələrimizi pozmadan qoşuluruq. Biz iki təsisçi - Natəvan xanım və mən yaşımıza rəğmən, bir qədər konservativ insanlarıq. Çox vaxt bizə irad bildirirlər ki, siz cəmiyyət kimi düşünmürsünüz. Bir forumda mənə sual verdilər ki, niyə piarınız zəifdir? Bir misal çəkim. Bizdə yaşlı insanlar idman, yoqa dərsləri ilə məşğul olur. Biz heç zaman onların fonunda şəkil çəkdirmirik. Ona görə ki, həmin dərslərdə onlar idman geyimində olur, fərqli görsənirlər. Mən heç vaxt istəmərəm ki, anam yaşında olan birinin şəkli hansısa sosial şəbəkənin manşetində yer alsın və ona baxıb şərhlər yazsınlar. Bu, bizim dəyərlərə uyğun deyil. Baxmayaraq ki, müasir dövr bunları tələb edir, biz dəyərlərimizi daha dəyərli bilirik. Yaşlı nəsil bizim keçmişimizdir. Biz gənc nəslə təlqin edirik ki, keçmişimizi qorumasaq, gələcəyimizi qura bilmərik. "Üçüncü Bahar"ın özəlliyi budur. Biz müdrik yaşında olan insanların həyatına bir daha bahar gətirməklə nə qədər onları sevindirdiyimizi görürük.
- Gözləntilər, planlar olmamış deyil...
- Çox şeylər gözlənilir. Bizim birliyin loqosu çinar ağacıdır. Ona görə ki, çinar kökü dərin, budaqları göylərə çatan məğrur ağacdır. Çox istəyirəm ki, bu ağacın budaqları bütün ölkəmizi əhatə etsin və biz buna doğru gedirik. Bir təşkilat olaraq Azərbaycanı dəfələrlə xarici ölkələrdə təmsil etmişik. Ölkəmizdə yaşlı təbəqəyə olan münasibəti, qayğını, diqqəti, sevgini nümunə olaraq əcnəbi vətəndaşa çatdırmağa çalışmışıq. Madrid planı adlı çərçivə sənədi var. Bu plan dünya ölkələrində yaşlılığı öyrənir və onlarla bağlı hansı islahatların aparılmalı olduğunu göstərir. Dünya ölkələri hər dörd ildən bir bu istiqamətdə hesabat verir. 2018-2022-ci illəri əhatə edən son hesabatda "Üçüncü Bahar"ın fəaliyyəti əks olunub. Bir vətəndaş cəmiyyəti olaraq ölkəmizdə yaşayan yaşlı insanların həyati keyfiyyətinin yüksəldilməsi, onların cəmiyyətə inteqrasiya edilməsi üçün bütün mümkün imkanlarımızdan istifadə edirik. Nə yaxşı ki, insanların həyatına üçüncü baharı gətirə bildik.
- Mərkəzə daxil olanda əsasən qadınları gördüm. Bəlli bir yaşda, özünə baxımlı bu qadınlara nəzər yetirəndə düşündüm ki, qadını zəif hesab edənlər yanılırlar...
- Mənim nəzərimdə qadın zərifdir. Tanrı qadınları daha incə, daha kövrək yaradıb və bu, Allahın bizə göstərdiyi bir lütfdür. Qadın bir ocağın nəfəsidir, hərarətidir. Mən çox istərdim ki, gənc qızlarımız kişi kimi güclü olmağa çalışmasınlar. Yaranışdan zəriflik bizə layiq görülübsə, elə də qalaq. Yeri düşmüşkən, bir fikrimi də bildirim. Həmişə zərif cinsin nümayəndələrinə təlqin etməyə çalışıram ki, rolunuzu dəyişib əks cinsin nümayəndəsi kimi davranmağa çalışmayın, mövqeyinizin dəyərini bilin, bacarıqlı olub, əldə etdiyiniz sənətin sahibinə çevrilin ki, gözünüz kimsənin əlinə baxmasın. Bununla yanaşı, qadın, qız ailədə öz yerini, davranışını mütləq ki, bilməlidir. Və bir də arzu edirəm ki, qadının yanında həmişə arxalana biləcəyi bir güc olsun ki, heç zaman zərifliyini unutmasın.
SÖZARDI: Ömrün hər mərhələsi taleyimizə öz rəngini qatır. Rənglər bəzən parlaq olur, bəzən də sakit və düşüncəli. İllər keçir və zamanla anlayırıq ki, həyatın ən böyük gözəlliyi yaşananların özüdür. Hər yaşın, hər dövrün öz baharı var. Əsas olan isə bu baharın nəfəsini duymağı, həyatın verdiyi anların dəyərini bilməyi bacarmaqdır. Çünki ümid qəlbdən itməyincə, ömrün baharı heç vaxt tükənməz.
Tamilla M-ZADƏ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.