AZ

QHT sədri: "Azərbaycanın tranzit mərkəzinə çevrilməsi təhsildə yeni ixtisaslara ehtiyacı artırır"

"Azərbaycan yalnız “qara qızıl”ın – neftin məskəni deyil, eyni zamanda mühüm beynəlxalq tranzit ölkəsidir. Onun sözlərinə görə, ölkəmiz Avropa və Asiya arasında strateji mövqedə yerləşərək bir sıra beynəlxalq nəqliyyat layihələrinin həyata keçirilməsində fəal iştirak edir".

Bu fikirləri “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” İctimai Birliyinin sədri Şahin Rəcəbov QHT.az-a açıqlamasında bildirib. Ş.Rəcəbov qeyd edib ki, bu layihələr sırasında Orta Dəhliz (Çin–Mərkəzi Asiya–Xəzər dənizi–Azərbaycan–Gürcüstan–Türkiyə–Avropa marşrutu), Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi (Hindistan–İran–Azərbaycan–Rusiya–Şimali Avropa), Bakı–Tbilisi–Qars dəmir yolu, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizi, həmçinin Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu kimi mühüm layihələr yer alır:

"Bu cür iri beynəlxalq tranzit layihələrinin həyata keçirilməsi üçün peşəkar kadrlara böyük ehtiyac var. Bu sahədə logistika və nəqliyyat üzrə iqtisadçılar, beynəlxalq hüquqşünaslar, mühəndislər, texnoloqlar, menecerlər, rabitə mütəxəssisləri, hava, dəniz və dəmir yolu sahəsində çalışan mütəxəssislər, həmçinin rəqəmsal texnologiyalar və süni intellektlə işləməyi bacaran kadrlar xüsusi əhəmiyyət kəsb edir. Tranzit ölkələri ilə əməkdaşlığın genişlənməsi xarici dil biliklərinə malik mütəxəssislərə də tələbatı artırır. Xüsusilə ingilis, türk, rus və çin dillərini bilən tərcüməçilər və mütəxəssislər gələcəkdə daha çox tələb olunacaq".

Assosiasiya sədrinin sözlərinə görə, Azərbaycanın tranzit mərkəzinə çevrilməsi fonunda təhsil sistemində bir sıra mühüm istiqamətlərə xüsusi diqqət yetirilməlidir. Bunlara rəqəmsal texnologiyalara əsaslanan müasir tədris, informasiya texnologiyaları və logistika sahələrinin inkişafı, xarici dil hazırlığının gücləndirilməsi, nəzəri biliklərin praktiki təcrübə ilə əlaqələndirilməsi, əmək bazarına uyğun yeni ixtisasların yaradılması, elmi tədqiqatların və beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi, ali təhsil müəssisələri ilə texnoloji sənaye arasında əməkdaşlığın gücləndirilməsi və rəqəmsal bacarıqların inkişafı daxildir:

"Bu istiqamətlər üzrə görüləcək işlər Azərbaycanın regional tranzit mərkəzi kimi mövqeyinin möhkəmlənməsinə və ölkənin iqtisadi inkişafına mühüm töhfə verəcək".

 

Pərvanə Fərhadqızı

Seçilən
72
qht.az

1Mənbələr