AZ

Milli Teatr Günü təntənəsi və Türk dünyasının ortaq səhnəsi

ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1 mart 2013-cü il tarixində Milli Teatr Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Həmin sərəncama əsasən hər il ölkəmizdə 10 mart tarixi rəsmi şəkildə Milli Teatr Günü kimi qeyd olunur. 2026-cı ilin 14 yanvar tarixində dövlət başçısı cənab İlham Əliyev tərəfindən imzalanmış "Azərbaycan mədəniyyəti - 2040" Dövlət Konsepsiyası isə milli mədəniyyətimizin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirərək bu sahədə həyata keçiriləcək tədbirlərin əhəmiyyətini bir daha önə çəkir.

Cənab Prezidentin türkdilli ölkələrlə əlaqələrin inkişaf etdirilməsi istiqamətində müəyyən etdiyi konseptual və praktik addımlar, hazırlanmış strateji "yol xəritəsi" türk dünyasında siyasi birliyin möhkəmlənməsinə, iqtisadi inteqrasiyanın genişlənməsinə və mədəni həmrəyliyin daha da dərinləşməsinə xidmət edir. Məhz bu ideyaların ruhuna uyğun olaraq, bu il 10 mart - Milli Teatr Günü Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının birgə təşkilatçılığı ilə təntənəli şəkildə qeyd olundu. Həmin gün teatrda başqa bir həyəcan, sevinc və şövq vardı. Hər kəsin üzü gülür, hər kəs bir-birini bayram münasibəti ilə təbrik edirdi. Əlbəttə, bu təbrikdən teatrın, sənətin yaxın dostu olan bizə - mətbuat nümayəndələrinə də pay düşdü.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin deputatı və Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva, teatrın əməkdaşlıq haqqında memorandum imzaladığı türkdilli ölkələrin milli teatrlarının rəhbərləri, tanınmış mədəniyyət xadimləri, eləcə də Azərbaycanın paytaxt və bölgə teatrlarının rəhbərləri və əməkdaşları iştirak edirdilər.

Akademik Milli Dram Teatrının dəvəti ilə tədbirə qatılan qonaqlar arasında Azərbaycan əsilli məşhur aktyor, Türkiyənin Dövlət Teatrları Genel Müdiri Tamer Karadağlı, İstanbul Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrlarının direktoru Ayşəgül İşsevər, Qazaxıstan Dövlət Akademik Milli Dram Teatrının direktoru Erkin Juasbek və Xalq artisti Cahangir Novruzov da var idi. Onların iştirakı tədbirə xüsusi rəng qatmaqla yanaşı, türk dünyası teatrlarının ortaq mədəni platformada bir araya gəlməsinin rəmzi kimi də dəyərləndirildi.

Milli Teatr Gününə həsr olunmuş proqram müxtəlif məqamlarla zəngin və unudulmaz oldu. Tədbir çərçivəsində qonaqlar və media nümayəndələri üçün mətbuat konfransı keçirildi. Mətbuat konfransında Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov qonaqları və jurnalistləri salamlayaraq türkdilli ölkələrin teatrları ilə bağlanan memorandumların əhəmiyyətindən danışdı. O, bu əməkdaşlığın teatr prosesinə təsiri, ortaq mədəniyyətlərin formalaşması və inkişafı baxımından mühüm rol oynadığını vurğuladı. İlham Əsgərov həmçinin qeyd etdi ki, növbəti ildə də Milli Teatr Gününün Akademik Milli Dram Teatrında türkdilli ölkələrin nümayəndələri ilə birgə, həm də daha geniş tərkibdə keçirilməsi planlaşdırılır.

Tədbir iştirakçıları üçün Akademik Milli Dram Teatrının foyesində "Türk dünyası: ortaq köklər və dəyərlər" adlı sərgi də nümayiş etdirildi. Sərgidə türk xalqlarının ortaq mədəni irsini əks etdirən nümunələr qonaqlar tərəfindən maraqla qarşılandı.

Təntənəli mərasim Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının çıxışı ilə başladı. Tədbir boyu çıxışçılar cənab Prezidentin teatra göstərdiyi diqqət və qayğını xüsusi qeyd etdilər. Daha sonra Ulu öndərə həsr olunmuş videoçarx, eləcə də Akademik Milli Dram Teatrının ötən bir il ərzində gördüyü işləri əks etdirən görüntülər nümayiş etdirildi. Mədəniyyət naziri Adil Kərimlinin ünvanladığı təbrik məktubu isə mədəniyyət nazirinin müavini Murad Hüseynov tərəfindən oxundu.

Mərasim Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalının təqdim olunması ilə davam etdi. İttifaqın Sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov "Sənətkar" medalını Özbəkistanın və Tacikistanın Xalq artisti Yodqar Sağdiyevə (medal Səfirə təqdim edildi), Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi Dövlət Teatrlarının Genel Müdiri Tamer Karadağlıya, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru, Azərbaycanın Xalq artisti Cahangir Novruzova, İstanbul Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrlarının baş bədii rəhbəri, aktrisa Ayşəgül İşseverə, İstanbul Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrlarının aktrisası, Azərbaycanın Əməkdar incəsənət xadimi Məlahət Kalyoncuya (Abbasova), Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərova, Xalq artistləri Samir Cəfərova, Mehriban Zəkiyə və Əməkdar artist Anar Heybətova təqdim etdi.

"Teatr xadimi" medalı Qazaxıstan Milli Dram Teatrının direktoru, Qazaxıstanın Əməkdar xadimi, sənətşünaslıq elmləri namizədi Erkin Juasbekə təqdim olundu.

"Qızıl Dərviş" mükafatı ilə "Dar ağacı" tamaşasına görə Şəki Dövlət Dram Teatrının direktoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli, Əməkdar artist Rauf Ağakişiyev (Sumqayıt Dövlət Dram Teatrı), Gəncə Dövlət Milli Dram Teatrının aktrisası Zəminə Cəfərova təltif olundu. "Qızılgül" mükafatı isə Xalq artisti Şükufə Yusupovaya təqdim edildi.

Məhz keçən il Milli Teatr Günündə təsis olunmuş Akademik Milli Dram Teatrının "Milli Teatr Mükafatı" da tədbir çərçivəsində öz sahiblərinə qovuşdu. Mükafatları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi İncəsənət siyasəti şöbəsi İfa sənətləri sektorunun müdiri Böyükxanım Talıbova təqdim etdi. Bu mükafata Xalq artistləri Məleykə Əsədova, Yusif Eyvazov, Afaq Bəşirqızı, Bəxtiyar Xanızadə, Yasin Qarayev və Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor İlham Rəhimli layiq görüldülər.

"Teatr dünyası" mükafatı Akademik Milli Dram Teatrının dostu Song Guangxiao və Teatrın direktor müavini Hacıbaba Məmmədova təqdim olundu.

Akademik Milli Dram Teatrının təsis etdiyi "Qızıl pərdə" mükafatlarını isə teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov Xalq artisti Lyudmila Duxovnayaya, Əməkdar artistlər Rita Əmirbəyovaya, Elşən Cəbrayılova, Münəvvər Əliyevaya, Məsmə Aslanqızıya, Rövşən Kərimduxta və "Əsa" teatrına təqdim etdi.

Mükafatlandırma mərasiminin sonunda Elnur Qədirov Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının tədbir, tamaşa və layihələrinin Azərbaycan Dövlət Televiziyası vasitəsilə işıqlandırılmasında göstərdiyi dəstəyə görə Akademik Milli Dram Teatrının Diplomu ilə təltif edildi.

Tədbirin bədii hissəsində Xalq artistləri Gülyanaq Məmmədova və Samir Cəfərov çıxış etdilər.

Qeyd edək ki, təntənəli tədbirdən sonra Mədəniyyət Nazirliyinin "Zəfərdən qələmə" pyes müsabiqəsinin qalibi, yazıçı Pərviz Seyidlinin Əmir Teymurun həyatı və döyüş yoluna həsr olunan, milli kimlik və milli özünüdərk ideyasına söykənən "Ləng: zamanla yarışan insan" tamaşasının premyerası təqdim edildi. Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Bəhruz Vaqifoğludur.

Şahanə MÜŞFİQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
2
525.az

3Mənbələr