AZ

Qulaqcıqlardan istifadənin gözlənilməz təhlükəsi

Qulaqcıqlar artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib: insanlar musiqi dinləyir, podkastlara qulaq asır və gün ərzində bir neçə saat telefonla danışırlar. Lakin “The Conversation” portalının məlumatına görə, onların istifadəsi təkcə eşitmə funksiyasına deyil, həm də qulaq daxilində mikrobların mühitinə təsir göstərə bilər.

HİT.az xəbər verir k, ən çox verilən tövsiyələr səs səviyyəsinə aiddir. Ümumdünya Səhiyyə Təşkilatı cihazın maksimal gücünün 60%-dən yüksək səs səviyyəsindən istifadə etməməyi tövsiyə edir ki, eşitmə itkisi riski azalsın. Lakin mütəxəssislər bildirirlər ki, qulaqcıqların uzun müddət istifadəsi də qulaq sağlamlığına təsir göstərir.

Xüsusilə daxili qulaqcıqlar — yəni “stöppler” — qulaq kanalını bağlayır və cihaz səthindəki bakteriya və çirkləri dəridən qulağa keçirə bilər.

Normal halda qulaq kanalı özünü qoruyan sistemə malikdir. Onun daxili hissəsi qulaq mumu və yağlar ifraz edərək dəri sağlamlığını qoruyur və infeksiyalardan müdafiə edir. Kiçik tüklər və qulaq mumu toz, bakteriya və ölü dəri hüceyrələrini xaricə çıxarır. Beləliklə, qulaq təbii şəkildə təmizlənir.

Lakin qulaqcıqların uzun müddət istifadəsi bu balansı poza bilər. Sağlam qulaq kanalında müxtəlif mikroorqanizmlər — əsasən bakteriyalar, həmçinin göbələklər və viruslar yaşayır. Bu müxtəliflik potensial təhlükəli mikrobların çoxalmasının qarşısını alır.

2024-cü ildə aparılmış tədqiqat göstərib ki, qulaq cihazlarını davamlı istifadə edən insanlarda qulaq kanalındakı bakteriyaların müxtəlifliyi, istifadə etməyənlərlə müqayisədə daha azdır. Alimlər bunu qulaq kanalının uzun müddət bağlı qalması ilə izah edirlər.

2025-ci ildə dərc olunmuş başqa bir araşdırma qulaqcıqlardan istifadənin qulaq infeksiyaları riskini artırdığını göstərib, xüsusilə cihazlar bir neçə insan tərəfindən paylaşıldıqda. Daxili qulaqcıqlar qulaq kanalında daha isti və rütubətli mühit yaradır.

Artan rütubət, xüsusilə idman zamanı, tərli dəri ilə müşayiət olunur. Bu mühit infeksiyaların inkişafına və qulaqdan ifrazatların əmələ gəlməsinə səbəb ola bilər. Uzun müddət qulaqcıq istifadə etmək həmçinin qulaq kanalının qulaq mumu vasitəsilə təbii təmizlənməsini əngəlləyir.

Mütəxəssislər tövsiyə edir ki, qulaqlara gün ərzində “istirahət” verilsin — qulaqcıqları çıxarmaqla kanal havalandırılsın və rütubətin yığılma riski azaldılsın. Həmçinin cihazlar müntəzəm təmizlənməlidir. Onları yumşaq parça və az miqdarda sabunlu məhlul ilə silmək, sonra tam qurudaraq istifadə etmək məsləhətdir.

Qulaqda qaşınma, qızartı və ya ifrazat müşahidə olunarsa, mütəxəssislər daxili qulaqcıqlardan müvəqqəti imtina etməyi və tibbi məsləhət almağı tövsiyə edirlər.

Samir

Seçilən
25
50
hit.az

10Mənbələr