AZ

Kibercinayətkarlar minlərlə cihazı ələ keçirərək yeni hücum sistemi yaradıb

London, 13 mart, AZƏRTAC

Kibertəhlükəsizlik üzrə mütəxəssislər xəbərdarlıq ediblər ki, cinayətkarlar dünyada 14 mindən çox internetə qoşulan cihazı gizli şəkildə ələ keçirərək müdafiəsi demək olar ki, mümkün olmayan yeni kiberhücum aləti yaradıblar.

AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, “KadNap” adlandırılan yeni zərərli proqram əsasən “Asus” şirkətinə məxsus routerlərə yoluxur. Bu cihazlar daha sonra zərərli internet trafiki yönləndirmək və genişmiqyaslı kiberhücumlar həyata keçirmək üçün istifadə olunur.

“KadNap” botneti ilə bağlı məlumatlar “Lumen Technologies” şirkətinin hazırladığı yeni hesabatda açıqlanıb. Bildirilir ki, sistem şəbəkələr tərəfindən aşkarlanmanın qarşısını almaq üçün mərkəzləşdirilməmiş “peer-to-peer” texnologiyasından istifadə edir.

Tədqiqatçılar bildiriblər ki, “KadNap” zərərli proqramının qurbanlarının əksəriyyəti ABŞ-də yerləşir. Bununla yanaşı, Böyük Britaniya, Avstraliya, Braziliya, Rusiya və Avropanın müxtəlif ölkələrində də yoluxmuş cihazlar aşkar edilib.

“Botnet” adətən internetə qoşulan müxtəlif cihazların təhlükəsizlik zəifliklərindən istifadə edilərək yaradılır. Bu cihazlara routerlər, smart texnika və digər ağıllı qurğular daxil ola bilər. Kibercinayətkarlar həmin cihazları gizli şəkildə ələ keçirərək onları bir şəbəkə halında birləşdirir və daha sonra “DDoS” adlanan hücumlar həyata keçirirlər. Bu cür hücumlar zamanı veb-saytlar və onlayn xidmətlər çox böyük trafik axını ilə yüklənərək fəaliyyətini dayandırır.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
80
2
azertag.az

3Mənbələr