Milli Məclisin plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı dinlənilib - YENİLƏNİB FOTO
Martın 13-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib. İclasda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və hökumət üzvləri iştirak ediblər.
Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
İclası açan Milli Məclisin sədri Baş nazir Əli Əsədovu və hökumət üzvlərini salamlayaraq, bildirib ki, bugünkü iclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı dinləniləcək.
Spiker diqqətə çatdırıb ki, milli tariximizə “Konstitusiya və Suverenlik İli” kimi daxil olan 2025-ci il Azərbaycan dövlətinin siyasi və hüquqi yetkinliyinin rəmzinə çevrilib, eyni zamanda, ölkəmizin ardıcıl və dinamik inkişafında yeni mərhələ təşkil edib. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin uzaqgörən siyasəti həm ölkə daxilində, həm də beynəlxalq arenada çoxsaylı böyük uğurların əldə olunmasına şərait yaradıb.
Milli Məclisin sədri bildirib ki, keçən il biz 44 günlük Vətən müharibəsində tarixi Zəfərin 5-ci ildönümünü qürurla qeyd etdik. Azərbaycan Prezidentinin təşəbbüsü ilə başlanmış sülh prosesinin institusional əsaslarını möhkəmləndirən, Cənubi Qafqazda yaranmış yeni reallıqları təsbit edən Vaşinqton razılaşmaları dövlətimizin növbəti diplomatik uğuru oldu.
Həyata keçirilən müstəqil və düşünülmüş xarici siyasət Azərbaycanı beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşa çevirib. Bizim dövlətimiz regional və qlobal məsələlərin həllində fəal iştirak etmiş, enerji təhlükəsizliyinin təmin edilməsinə, nəqliyyat dəhlizlərinin inkişafına və beynəlxalq əməkdaşlığın genişlənməsinə dəyərli töhfələr vermişdir.
Azərbaycanın 8 böyük müsəlman ölkəsini birləşdirən D-8 beynəlxalq təşkilatına qəbul edilməsi, Orta Asiya ölkələrinin Məşvərət Şurasının tam hüquqlu üzvü olması böyük tarixi nailiyyətlərdir. İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilən Zirvə Görüşü dövlətimizin siyasi və iqtisadi gücünü bir daha nümayiş etdirdi. Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən Zirvə Görüşü isə türk dünyasının inteqrasiyası yolunda mühüm addım oldu.
Spiker vurğulayıb ki, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ötən il ölkəmizin sosial-iqtisadi inkişafı sahəsində də böyük uğurlar əldə edilib. Həyata keçirilən düşünülmüş tədbirlər nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik təmin edilib, iri miqyaslı infrastruktur layihələri həyata keçirilib. Sənaye və energetika sektorlarında modernləşdirmə davam etdirilib, iqtisadiyyatın qeyri-neft-qaz sahələri daha da genişləndirilib. Nəqliyyat, kənd təsərrüfatı, rəqəmsal transformasiya, turizm və innovasiyalar sahəsində önəmli tədbirlər görülüb.
Milli Məclisin sədri qeyd edib ki, son illərdə Azərbaycan regional inkişaf sahəsində ciddi uğurlar qazanıb. Azad edilmiş ərazilərin bərpası və inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib.
Spiker bildirib ki, bu gün Qarabağda və Şərqi Zəngəzurda “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası reallaşdırılır, yeni iqtisadi və sosial mərkəzlər yaradılır. Böyük qayıdış dövlət proqramı mərhələ-mərhələ həyata keçirilir.
Qeyd edilib ki, 2025-ci ildə sosial siyasətə xüsusi diqqət yetirilib. Əhalinin rifahının yüksəldilməsi ilə bağlı proqramlar icra olunub, sosial müdafiə tədbirləri genişləndirilib, səhiyyə və təhsil sistemlərində təkmilləşdirmə işləri aparılıb.
Spiker nəzərə çatdırıb ki, ötən il ümumi daxili məhsulun artımı davam edib, ölkənin strateji valyuta ehtiyatları 20 faizə yaxın artaraq 85 milyard ABŞ dollarını ötüb. Bu da məmnunluqla qeyd edilməlidir ki, iqtisadi artım qeyri-neft-qaz sektorunda daha yüksək olub, iqtisadiyyata yönələn investisiyaların təqribən 75 faizi də bu sahənin payına düşür.
2025-ci ildə biznes və investisiya mühitinin yaxşılaşdırılması, institusional islahatların aparılması, korrupsiyaya qarşı mübarizə istiqamətində zəruri tədbirlər davam etdirilib.
Bildirilib ki, ötən ilin dövlət büdcəsinin icrasında da müsbət nəticələr əldə edilib. Spiker 2025-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin müzakirəsi zamanı bu məsələləri ətraflı müzakirə ediləcəyini qeyd edib.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin müəyyən etdiyi iqtisadi kursun həyata keçirilməsində Nazirlər Kabineti mühüm rol oynayır. Hökumətin səmərəli fəaliyyəti ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı vəzifələrin uğurla yerinə yetirilməsini təmin edir.
Spiker qeyd edib ki, Nazirlər Kabinetinin illik hesabatlarının Milli Məclisdə dinlənilməsi parlamentlə hökumət arasında təmasların artmasına şərait yaradır, iqtisadi inkişaf məsələlərinin obyektiv araşdırılmasında və həllində deputatların iştirakını təmin edir.
O, bildirib ki, ötən il Milli Məclisdə Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı irəli sürülmüş təklif və tövsiyələr, həmişə olduğu kimi, yenə də hökumət tərəfindən diqqətlə araşdırılıb. Bu təklif və tövsiyələrin icra vəziyyətinə dair ətraflı məlumat bizə təqdim edilib.
Eyni zamanda, artıq 6 ildir ki, hesabata ayrıca olaraq, sosial və infrastruktur obyektlərinin əsaslı təmiri və tikintisi, xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması barədə Milli Məclis deputatlarının təkliflərinin icrasına dair məlumat da daxil edilir.
Milli Məclisin sədri çıxışının sonunda deputatların bu gün aparılacaq müzakirədə fəal iştirak edəcəyinə və səmərəli təkliflər irəli sürəcəyinə inamını ifadə edib.
Sonra Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edib.
Baş nazir çıxışında 2025-ci ili Azərbaycan üçün siyasi sabitliyin daha da gücləndiyi və iqtisadi inkişafın ardıcıl şəkildə həyata keçirildiyi mərhələ kimi xarakterizə edib. Qeyd edilib ki, Azərbaycan hesabat ilində beynəlxalq və regional platformalarda fəal iştirakını davam etdirib. 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə keçirilmiş Zirvə görüşünün regionda sülh və əməkdaşlıq üçün yeni imkanlar yaratdığı bildirilib.
Vurğulanıb ki, bu gün regionda cərəyan edən mürəkkəb geosiyasi proseslər, artan gərginlik və risklər fonunda cənab Prezidentin ardıcıl və praqmatik xarici siyasət kursu, uzaqgörən strateji baxışı və milli maraqlara əsaslanan prinsipial mövqeyi nəticəsində Azərbaycan Respublikasının suverenliyi və sərhədlərinin toxunulmazlığı etibarlı şəkildə təmin olunmaqdadır.
Baş nazir Əli Əsədov bildirib ki, 2025-ci il ölkənin iqtisadi inkişafı baxımından uğurlu olub. Onun sözlərinə görə, hesabat ilində ümumi daxili məhsulun real həcmi əvvəlki illə müqayisədə 1,4 faiz artaraq 129,1 milyard manata çatıb.
Qeyd edilib ki, qeyri-neft sektoru real ifadədə 2,7 faiz artaraq 92,3 milyard manat olub və iqtisadiyyatda yaradılan ümumi əlavə dəyərin 72 faizi məhz bu sektorun payına düşüb. Qeyri-neft-qaz sənayesində 5,5 faiz artım qeydə alındığı halda, neft-qaz sektorunda 1,6 faiz azalma müşahidə olunub. Bildirilib ki, neft hasilatının azalması fonunda ümumi iqtisadi artımın qorunması məhz qeyri-neft sektorunun genişlənməsi hesabına mümkün olub.
Baş nazir vurğulayıb ki, xarici ticarətdə 6,4 milyard dollarlıq müsbət saldo qeydə alınıb, qeyri-neft ixracı isə 8 faizdən çox artaraq 3,6 milyard dolları ötüb. Bu göstəricilər ölkənin ixrac potensialının genişləndiyini və beynəlxalq rəqabət qabiliyyətinin yüksəldiyini göstərir.
Hesabat dövründə strateji valyuta ehtiyatlarının da artdığı diqqətə çatdırılıb. Bildirilib ki, bu ehtiyatlar təqribən 14,1 milyard dollar və ya 20% artaraq 85 milyard dolları keçib. Bildirilib ki, 2025-ci ildə inflyasiya hədəf diapazonunda olub.
Baş nazir qeyd edib ki, 2025-ci ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi və sosial rifah halının yaxşılaşdırılması istiqamətində sosial siyasət tədbirləri davam etdirilib. Əhalinin real gəlirlərinin artırılması məqsədilə sosial ödənişlərin yüksəldilməsi ilə bağlı bir sıra mühüm qərarlar qəbul olunub. Bildirilib ki, 2025-ci ildə əhalinin nominal gəlirləri və orta aylıq əməkhaqqının artım tempi illik inflyasiya səviyyəsini üstələyib.
O, ötən il əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət büdcəsi xərclərinin 39,5%-nin və ya 15,3 mlrd. manatının sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldiyini bildirib. Bu 2024-cü illə müqayisədə 601,5 mln. manat çoxdur. Vurğulanıb ki, son yeddi il ərzində 4 milyon vətəndaşı əhatə edən 5 sosial paket həyata keçirilib və bu məqsədlər üçün 8 milyard manat məbləğində vəsait xərclənib. Təkcə keçən il 1,4 milyard manat büdcə vəsaiti bu məqsədlər üçün sərf olunub. Maaşlar, pensiyalar, müavinətlər müntəzəm olaraq artırılır, pensiyalar indeksləşdirilir.
Baş nazir təhsil, səhiyyə və sosial müdafiəyə ayrılan vəsaitlərdən danışıb. Bildirilib ki, 2025-ci ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə 8,1 milyard manat vəsait ayrılıb. Bu isə əvvəlki ilin məbləğindən 23% çoxdur. Qeyd edilib ki, ötən il 1,4 milyard manat dəyərində hərbi təyinatlı məhsul istehsal etmişik. Bu gün Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir.
Əli Əsədov vurğulayıb ki, mövcud geosiyasi şərait nəzərə alınaraq, əldə olunmuş nəticələrin qorunması, ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsi, müdafiə qabiliyyətinin artırılması və dövlət sərhədlərinin toxunulmazlığının təmin olunması istiqamətində tədbirlərin bundan sonra da ardıcıl şəkildə davam etdirilməsi vacibdir.
Baş nazir diqqətə çatdırıb ki, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri uğurla davam edir. Hesabat ilinin sonuna bu ərazilərdə yaşayan (məskunlaşan, işləyən və oxuyan) əhalinin sayı təqribən 75 min nəfərə çatıb. Dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərin bərpa-quruculuq işlərinə 2025-ci il də daxil olmaqla indiyədək ümumilikdə 22 milyard manata yaxın, o cümlədən 2025-ci ildə 4,4 milyard manat vəsait ayrılıb.
Baş nazir bildirib ki, hesabat ilində ölkədə sənaye parkları və sənaye məhəllələrinin fəaliyyəti genişləndirilib, yeni müəssisələr istehsal fəaliyyətinə başlayıb və sənaye zonalarında istehsal və ixrac imkanları artıb.
2025-ci ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi olaraq ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün 504 mln. manat vəsait ayrılıb. Eyni zamanda, torpaq və su ehtiyatlarının mühafizəsinin gücləndirilməsi, su problemlərinin həlli istiqamətində müvafiq tədbirlərin həyata keçirildiyi qeyd olunub.
Baş nazir hesabat ilində nəqliyyat, logistika və informasiya-rabitə sahələrində müşahidə olunan dinamikanı diqqətə çatdıraraq, iqtisadiyyatın yeni artım mənbələrinin formalaşdığını deyib.
O, bildirib ki, informasiya və rabitə xidmətləri sektorunun genişlənməsi iqtisadiyyatın texnoloji komponentini gücləndirib, məhsuldarlıq bilik, rəqəmsallaşma və innovasiya vasitəsilə artıb. Ötən il Rəqəmsal İnkişaf Konsepsiyası və Süni İntellekt Strategiyası təsdiq olunub, həmçinin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üzrə Dövlət Proqramı qəbul edilib. Proqram çərçivəsində dayanıqlı nəqliyyat sistemi, xidmət keyfiyyətinin artırılması və rəqəmsal texnologiyaların tətbiqi prioritetlər kimi müəyyən edilib. Eyni zamanda, ölkədə avtomobil və dəmir yollarının tikintisi, yenidən qurulması və bərpası davam etdirilib.
Hesabat ilində energetika sahəsində infrastrukturun modernizasiyası, enerji təhlükəsizliyinin təmin edilməsi, ölkənin enerji sisteminə yeni generasiya güclərinin daxil edilməsi, habelə yaşıl enerjinin tətbiqi istiqamətində tədbirlər həyata keçirilib.
Bildirilib ki, qaz təchizatı coğrafiyasının genişləndirilməsi və yeni ixrac marşrutlarının inkişafı istiqamətində ardıcıl və məqsədyönlü siyasət nəticəsində 2025-ci il ərzində ixrac boru kəmərləri vasitəsilə ümumilikdə 25,2 mlrd. kubmetr qaz ixrac edilib. Avropa bazarı ilə yanaşı, yeni istiqamətlər üzrə əməkdaşlıq inkişaf etdirilib və ötən il Azərbaycan qazını alan ölkələrin sayı artaraq 14-ə yüksəlib. Hazırda bu ölkələrin sayı 16-ya çatıb.
Çıxışının sonunda Baş nazir hökumət adından parlamenti əmin edib ki, cənab Prezident tərəfindən Hökumət qarşısında qoyulmuş bütün hədəflər və tapşırıqlar bundan sonra da tam məsuliyyətlə, vaxtında və yüksək keyfiyyətlə yerinə yetiriləcəkdir.
Sonra plenar iclasda Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı ətrafında müzakirələr aparılıb. Müzakirələrdə Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, parlamentin komitə sədri Fazil Mustafa, deputatlar Vüqar Bayramov, Asif Əsgərov, Sahib Alıyev, Vasif Qafarov, Kamal Cəfərov, Azər Badamov, Jalə Əliyeva, Aydın Mirzəzadə, Bəhruz Məhərrəmov, Tural Gəncəliyev, İlham Məmmədov, Zaur Şükürov və Rövşən Muradov çıxış ediblər.
Bildirilib ki, Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatı dövlət başçısının müəyyənləşdirdiyi strategiyanı özündə ehtiva etməklə, hökumətin qarşısına qoyulan vəzifə və tapşırıqların uğurla yerinə yetirildiyini göstərir. Vurğulanıb ki, Prezidentin rəhbərliyi ilə həyatın bütün sahələrində aparılan uğurlu siyasət 2025-ci ildə də ölkəmizin hərtərəfli tərəqqisinə və güclənməsinə, sosial-iqtisadi sahədə davamlı inkişafın təmin olunmasına, makro-iqtisadi sabitliyin qorunub saxlanılmasına, dövlətimizin regional mövqeyinin möhkəmlənməsinə və beynəlxalq aləmdə artan rolunun daha da yüksəlməsinə xidmət edib.
Qeyd olunub ki, hesabatda öz əksini tapan yüksək göstəricilər və şaxələndirilmiş inkişaf dinamikası ölkə rəhbərinin müəyyən etdiyi Yol xəritəsinin hökumət tərəfindən yüksək səviyyədə icra olunmasının bariz nümunəsidir. 2025-ci il ölkəmizdə qeyri-neft sektorunun inkişafı, maliyyə sabitliyinin təmin edilməsi, əhalinin rifah halının yüksəldilməsi məqsədilə sosial layihələrin həyata keçirilməsi, işğaldan azad olunmuş ərazilərimizdə Böyük Qayıdış proqramı çərçivəsində bərpa və quruculuq işlərinin həyata keçirilməsi, strateji valyuta ehtiyatlarının artırılması, xarici ticarət dövriyyəsinin böyüməsi baxımından uğurlu olub.
Diqqətə çatdırılıb ki, dövlət başçımızın rəhbərliyi altında ölkəmizin və vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi sahəsində səmərəli fəaliyyət uğurla həyata keçirilir. 2025-ci ildə hökumətin apardığı siyasət nəticəsində vətəndaşların rifah halının yüksəldilməsi, o cümlədən əməkhaqları, pensiya və müavinətlərin artımı istiqamətində əhəmiyyətli işlər görülüb.
Hökumətin hesabatında səhiyyə sahəsində də əldə edilən uğurlar öz əksini tapıb. Əhalinin sağlamlığının daha etibarlı və keyfiyyətli qorunması istiqamətində yeni meyarlar hazırlanıb, bir sıra proqramlar icra olunub, icbari tibbi sığorta sisteminin tətbiqi müvəffəqiyyətlə davam etdirilib.
Bununla yanaşı, ötən il ölkədə müdafiə sahəsində görülmüş işlər, o cümlədən hərbi qulluqçuların sosial təminatının yüksəldilməsi istiqamətində atılan addımlar təqdirəlayiq hesab edilib. Qeyd edilib ki, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, icra olunan infrastruktur layihələri dövlətimizin iqtisadi qüdrətinin əyani sübutudur.
Deputatlar 2025-ci ilin həm də Azərbaycanın beynəlxalq siyasətdə əldə etdiyi nailiyyətlərlə yadda qaldığını söyləyiblər. Həyata keçirilən uğurlu xarici siyasət nəticəsində ötən ilin 8 avqust tarixində ABŞ Prezidentinin, Azərbaycan Prezidentinin və Ermənistanın Baş nazirinin iştirakı ilə keçirilmiş Vaşinqton sammitinin Cənubi Qafqaz regionu üçün önəmindən bəhs ediblər. Bildirilib ki, Azərbaycan və Ermənistan arasında Sülh sazişinin mətninin paraflanması münaqişənin həlli istiqamətində mühüm addım hesab olunur, bununla yanaşı, ABŞ ilə strateji əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Ötən il ölkəmiz həm də beynəlxalq səviyyəli siyasi və iqtisadi platformalarda mövqeyini daha da gücləndirərək önəmli uğurlara imza atıb. Belə ki, Azərbaycanın səkkiz ölkənin təmsil olunduğu İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) tamhüquqlu üzv olması, habelə C5+ formatına qoşulması regional əməkdaşlığın inkişafına xidmət edir.
Çıxışlarda, həmçinin qeyd olunub ki, rəqəmsal inkişaf və sosial innovasiyalar dövlət siyasətimizin prioritet istiqamətlərindən biridir. Ölkəmizdə həm dövlət xidmətləri, həm də elektron xidmətlər sahəsində ciddi nailiyyətlər əldə olunub. Bizim süni intellekt və texnologiya nəhəngləri ilə işləmək üçün kifayət qədər böyük institusional bazamız mövcuddur.
Fasilədən sonra Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabata dair müzakirələr davam etdirilib.
Müzakirələrdə parlamentin komitə sədrləri Musa Quliyev, Tahir Rzayev, Sadiq Qurbanov, deputatlar Elman Nəsirov, Fariz İsmayılzadə, Səbinə Xasayeva, Azay Quliyev, Elçin Mirzəbəyli, Nurlan Həsənov, Səyyad Aran, Ceyhun Məmmədov, Vüqar İskəndərov, Rəşad Mahmudov, Qüdrət Həsənquliyev çıxış ediblər.
Deputatlar 2025-ci ildə hökumətin gördüyü işlər barədə hesabatın əhatəli hazırlandığını, ötən ilin ölkənin siyasi, iqtisadi və sosial sahələrində əhəmiyyətli irəliləyişlərlə yadda qaldığını söyləyiblər. Qeyd olunub ki, Prezidentin milli maraqların qorunması baxımından həyata keçirdiyi siyasət sayəsində və hökumətin səmərəli fəaliyyəti nəticəsində ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasına, firavanlığa, inkişafa nail olunub. Bu dövrdə iqtisadi sabitliyin qorunması, investisiya mühitinin təkmilləşdirilməsi sahəsində aparılan islahatlar, sosial rifahın artırılması istiqamətində görülən işlər ötən ilin strateji hədəflərinə nail olmaq potensialını gücləndirib.
Bildirilib ki, ötən il hökumətin fəaliyyəti bir çox istiqamətlər üzrə, xüsusilə regionumuzda təhlükəsizliyin təmin olunması, Ermənistanla sülh prosesinin davam etdirilməsi, Cənubi Qafqazda sülhün davamlılığının bütün dünyada qəbul edilməsi, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, nəqliyyat və logistika imkanlarının genişləndirilməsi, beynəlxalq əməkdaşlığın inkişafı sahəsində uğurlu nəticələr verib.
Qeyd olunub ki, hesabat ilində ölkənin enerji təminatının dayanıqlığının və təhlükəsizliyinin gücləndirilməsi üçün infrastruktur modernləşdirilib, qabaqcıl texnologiyalar tətbiq edilib. “Yaşıl enerji” layihələrinin ölkənin əsas hədəfləri sırasında olduğu, bu sahədə görülən işlərin ətraf mühitin qorunmasına və davamlı enerji resurslarına keçidin sürətləndirilməsinə xidmət etdiyi söylənilib. Bildirilib ki, qaz ixracının genişləndirilməsi, enerji infrastrukturunun modernləşdirilməsi, bərpa olunan enerji layihələrinin inkişafı Azərbaycanın enerji təhlükəsizliyində rolunu daha da gücləndirib. Vurğulanıb ki, ölkəmiz öz enerji təhlükəsizliyini tam təmin etməklə yanaşı, eyni zamanda, Avropa və bir çox region ölkələri üçün etibarlı enerji tərəfdaşına çevrilib.
Çıxışlarda, habelə 2025-ci ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söhbət açılıb, 5-ci sosial islahat paketinin qəbul edildiyi bildirilib. Ölkədəki demoqrafik vəziyyətlə bağlı fikirlər səsləndirilib. Təhsil sisteminin təkmilləşdirilməsi istiqamətində əldə edilən nailiyyətlərdən bəhs edilib. Ötən il kənd təsərrüfatının inkişafı sahəsində görülmüş işlər, bu sahədə fəaliyyət göstərən sahibkarlara olan dəstək təqdirəlayiq hesab edilib.
Millət vəkilləri, eyni zamanda, ötən il seçicilərin üzləşdiyi problemlərin həlli istiqamətində görülmüş işlərdən danışıblar, həmçinin vətəndaşları narahat edən bəzi məsələləri hökumət üzvlərinin nəzərinə çatdırıblar, bir sıra təkliflərini səsləndiriblər.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova müzakirələrin səmərəli keçdiyini bildirib. O, qaldırılan bəzi məsələlərə münasibət bildirmək üçün Baş nazir Əli Əsədova söz verib.
Əli Əsədov səmərəli müzakirələrə və deputatların çıxışlarında hökumətin ötən il gördüyü işləri yüksək qiymətləndirdiklərinə görə təşəkkürünü ifadə edib. O, ötən il ümumilikdə deputatlar tərəfindən hökumətə daxil olmuş müraciətlərdə qaldırılan məsələlərlə bağlı görülən işlər barədə danışıb. Bildirilib ki, qaldırılan məsələlərin çoxu həll olunub, digər məsələlərin icrası istiqamətində işlər davam etdirilməkdədir.
O, Milli Məclis və hökumət arasında formalaşmış səmərəli əməkdaşlığı və qurulmuş işgüzar münasibətləri yüksək qiymətləndirdiklərini bildirib. Baş nazir bugünkü müzakirələrdə deputatların seçicilərinin müraciətləri əsasında hökumət qarşısında qaldırdıqları məsələlərin diqqətdə saxlanılacağını, onların həlli istiqamətində lazımi addımların atılacağını bildirib.
İclasda Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı səsə qoyularaq nəzərə alınıb.
Parlamentin sədri Sahibə Qafarova Baş nazirə və hökumət üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.