AZ

Media savadlılığı hər kəs üçün dərs vəsaiti

ain.az bildirir, 525.az portalına istinadən.

Cahangir MƏMMƏDLİBDU Milli mətbuat tarixi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor

Müasir texnoloji inqilab bütün sahələrdə olduğu kimi, jurnalistika - media sistemində də ciddi çağırışlar formalaşdırır. İnformasiya texnologiyasının inkişafı bir tərəfdən media materialının sürətlə hazırlanması və ötürülməsinə özünün müsbət xidmətini göstərirsə, digər tərəfdən sosial şəbəkə tipli platformalarda yalan - feyk xəbərlərin yayılmasına, antimilli təbliğatın asanlıqla istənilən ünvana ötürülməsinə şərait yaradır. Hadisələri istənilən formatda təhrif edib öz maraqlarına uyğun şəkildə  yayılmasını bu yeni texnologiya vasitəsilə həyata keçirən ayrı-ayrı fərdlər bir yana, indi hətta jurnalistikanın beynəlxalq doktrinalarına etinasız yanaşan bəzi dövlətlərin Azərbaycanda formalaşmış demokratik dəyərlərin, ölkəmizdə hökm sürən sabitliyin, Azərbaycan-Ermənistan arasında formalaşmaqda olan sülh prosesini və s. kimi faktları saxtalaşdıran xəyanətkar qurumları da bu şəraitdən vicdansızcasına sui-istifadə etməkdədirlər. Etiraf edək ki, bir sıra hallarda jurnalistikanın qayda və qanunlarına məhəl qoymadan elektron mediadan aldıqları saxta, yalan, təhrif olunmuş informasiyalara inanan oxucular da az deyil. Məhz belə bir şəraitdə beynəlxalq yanaşma platformasında "media savadlılığı" anlayışı meydana çıxdı. 

Bəzi hallarda "media savadlılığı" anlayışının jurnalistlərə aid edildiyinin də şahidi oluruq. Lakin bu qavrayış tamamailə yanlışdır. Çünki jurnalist peşəsi ilə məşğul olan hər kəs informasiyanın doğrumu, faktın dəqiqmi və ya saxtamı, yalanmı, qəsdən təhrif edildiyi kimi dərhal anlayır və düzgün qiymətləndirir. Deməli, media savadlılığı, əslində, xüsusilə jurnalistikanın prinsiplərinə nabələd adamlara lazımdır: ona ötürülən xəbərin nə dərəcədə dəqiq, doğru olduğunu müəyyən etmək üçün.

Bu problem müasir dövrdə ciddi olduğu qədər də aktualdır. Bu aktuallığa diqqət Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində çox ciddiyə alınan faktlardan biridir. Fakültəmizin kafedra müdirləri Xatirə Hüseynova və Aynur Nəsirovanın bu yaxınlarda nəşr etdirdikləri "Feyk-yalan xəbərlər: onlara qarşı necə mübarizə aparmaq olar" adlı kitabı buna yaxşı bir nümunədir. Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının dosenti Könül Niftəliyeva və fakültəmizin məzunu, jurnalistika üzrə fəlsəfə doktoru Maral Nəcəflinin çap etdirdikləri "Media savadlılığı" monoqrafiyasını zamanın tələblərinə cavab verən bir əsər kimi qiymətləndirmək olar. Kitabın annotasiyasında da deyildiyi kimi, "media ilə gündəlik təmasda olan hər kəs üçün faydalı bu araşdırma həm tələbələr və müəllimlər, həm də geniş oxucu kütləsi üçün əhəmiyyətli bir bələdçidir". Əslində mən bir az irəli gedərək deyərdim ki, bu kitab müasir günümüzdə media sistemindən istifadə edən hər kəs üçün bir dərslik formatındadır. Kitabda qoyulan və təhlil edilən problemlərə diqqət etmək kifayətdir ki, onun aktuallığı və səmərəliliyi ilə bağlı deyilənlər öz təsdiqini tapsın.

Bəs bu problemlər hansılardır? Dörd fəsildən və bu fəsilləri aydınlaşdıran çoxsaylı bölmələrdən ibarət əsərin əsas mahiyyəti onun hər səhifəsində duyulmaqdadır. Birinci fəsil kütləvi kommunikasiya anlayışı, kütləvi kommunikasiya vasitələrinin tədqiqi tarixini araşdırır. Burada problemə tarixi aspektdən yanaşmalar həm də tarix və müasirliyi eyni kontekstdə təqdim etməklə maraq doğurur. Çünki medianın tarixi inkişaf yoluna nəzər salmadan onun müasir problemlərini dərk etmək olmaz.

Əsərin ikinci fəsili birbaşa mətləbə keçərək media savadlılığı anlayışı fonunda bu savadlılığın vizual, kompüter, informasiya, rəqəmsal texnologiya kimi aspektləri aydınlaşdıraraq media savadlılığının məqsədi və əhəmiyyəti barədə lakonik yanaşmaları əhatə edir.

Kitabın üçüncü fəslində media savadlılığı təhsili və bu təhsil sistemində əsas yanaşmalardan bəhs olunur. Bu yanaşmalar sistemində qoruyucu, gücləndirici, tənqidi, analitik münasibətlər aparıcı yer tutur. Burada maraqlı məsələlərdən biri media savadlılığı təhsilində ABŞ, Kanada, Avropa ölkələri, o cümlədən İngiltərə, Fransa, Finlandiya, Türkiyə kimi ölkələrdə tarixən formalaşmış və bu gün özünü göstərən məktəblər oxucuya təqdim olunmaqla bağlıdır.

Kitabın dördüncü, sonuncu fəslində bəzi media məhsullarının tənqidi analizi araşdırılır. Və bu fəsili maraqlı edən bir cəhət də bundan ibarətdir ki, müəlliflər media savadlılığı probleminə praktik aspektdən yanaşma ilə çıxış edirlər. Bu fəsil özünün nəzəri əsasları kontekstində həm də peşəkarlığın praktik formalarını ortaya qoyur.

Kitabın nəticə hissəsi oxucuya səmimi bir müraciət forması daşıyır. Bu nəticə həm də oxucunun kitabdan nəyi öyrəndiyinin qısa xülasəsidir: "Bu kitabı oxumaqla sən medianın yalnız məlumat yaymaqla kifayətlənmədiyini, kommersiya və siyasi maraqların bu məlumatın necə formalaşmasında mühüm rol oynadığını, xəbərlərin "obyektivlik" pərdəsi altında bəzən subyektiv çalarlar daşıdığını öyrəndin. Reklamların necə tərtib edilməsindən, hansı texnikaların istifadə olunmasından, tənqidi və analitik yanaşmadan xəbərdar oldun. Sosioloji və psixoloji nəzəriyyələrin işığında medianın insanlar üzərindəki gücünü, önmühakimələrin və stereotiplərin necə yarandığını, cəmiyyətə necə hopduğunu və bu prosesdə dilin, kütləvi informasiya vasitələrinin və mədəni təmsillərin rolunu dərindən dərk etdin".

Qeyd edək ki, müəlliflərin oxucuya bu səmimi müraciəti və bu müraciətdə qaldırılan problemlər həqiqətən də geniş şəkildə ifadə edilmiş və media savadlılığı kimi aktual bir mövzunun elmi praktik həllini vermişdir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
51
525.az

1Mənbələr