Vətənpərvərlik dərin məna kəsb edən anlayışdır. Onun dərin və tarixi kökləri vardır. Vətənpərvərlik ən müqəddəs və ülvi hisslərdən biridir. Hər bir insanın dəyəri onun Vətənə və millətə xidmətinə görə ölçülür, əsl insanlıq ləyaqəti isə vətənpərvərlik hissi ilə müəyyən edilir. Vətən sevgisi, Vətənə məhəbbət insanın daxilindən, qanından, genindən gəlir. Bu hissin formalaşmasında valideynin, müəllimin və komandirin rolu böyükdür.
Orta məktəbdə vətənpərvər ruhda tərbiyə alan bir gənc hərbi xidmət dövründə komandirinin düzgün istiqamətləndirməsi ilə Vətəni qorumağa hazır bir əsgər və zabit kimi yetişir.
Belə igid oğullarımızdan biri də şəhid Quliyev Orxan Vaqif oğludur.
Orxan 20 oktyabr 1987-ci ildə Naxçıvan şəhərində anadan olub. Anası Minayə xanım övladını təkbaşına böyüdüb, ona həm ana, həm də ata olub. Vətənə layiqli, vətənpərvər bir oğul böyüdən Minayə xanım özü də hərbi hissədə çalışıb. Orta təhsilini 1993-cü ildə Naxçıvan şəhərindəki 705 saylı məktəbdə almağa başlayan Orxan boş vaxtlarını anasının yanında keçirir, hərbçi həyatını yaxından görürdü. Bu mühit onda gələcəkdə zabit kimi Vətəninin keşiyində durmaq arzusu formalaşdırmışdı.
Bu məqsədlə 2002-ci ildə Heydər Əliyev adına Hərbi Liseyə daxil olur. 2005-ci ildə liseyi müvəffəqiyyətlə bitirir və həmin il Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunur.
2009-cu ildə Azərbaycan Ali Hərbi Məktəbini bitirən leytenant Quliyev Orxan Ağcabədi rayonunda yerləşən N saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmətə başlayır. Daha sonra təyinatla Beyləqan rayonundakı N saylı hərbi hissəyə göndərilir və burada baş leytenant rütbəsi ilə kəşfiyyat bölüyünün komandiri vəzifəsində xidmətini davam etdirir.
Orxan xidmət etdiyi müddətdə nümunəvi fəaliyyəti ilə seçilmiş, komandanlıq tərəfindən dəfələrlə fəxri fərman və diplomlarla təltif olunmuşdur.
Məlumdur ki, Ermənistanın 1990-cı illərin əvvəllərindən ölkəmizə qarşı apardığı işğalçı siyasət nəticəsində torpaqlarımızın 20 faizi işğal olunmuşdu. 1994-cü ildə iki dövlət arasında atəşkəs elan olunsa da, Ermənistan silahlı qüvvələri tərəfindən tez-tez təxribatlar törədilir, cəbhə xəttində gərginlik yaradılırdı.
2015-ci il martın 13-də Füzuli rayonunun Alxanlı kəndi istiqamətində xidməti vəzifəsini yerinə yetirən zaman düşmən yenidən təxribata əl ataraq mövqelərimizi atəşə tutur. İgid əsgər və zabitlərimiz bu təxribatın qarşısını qətiyyətlə alırlar. Həmin döyüşdə Orxan Quliyev qəhrəmancasına şəhidlik zirvəsinə ucalır.
Şəhid Quliyev Orxan Vaqif oğlunun nəşi Şərur şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb. Ondan bir oğul övladı Vətənə yadigar qalıb. Heç şübhəsiz ki, balaca Orxan da atasının adını fəxrlə daşıyacaq, Vətəninə layiqli bir insan kimi böyüyəcək.
Şəhidimizin anım günündə Şərur rayon Şəhidlər xiyabanında izdihamlı tədbir keçirilib. Muxtar respublikanın müxtəlif bölgələrindən gələn dövlət qurumlarının nümayəndələri, idarə və təşkilat əməkdaşları, hərbçilər, polis əməkdaşları, qazilər və şəhid ailələri bu əlamətdar gündə Minayə xanımın yanında olublar.
Tədbir zamanı şəhidin məzarı üzərinə tər güllər düzülüb, əklillər qoyulub, ruhuna dualar oxunub, şəhid anasına başsağlığı verilib, dərin hörmət və ehtiram ifadə olunub.
Çıxış edənlər Azərbaycan xalqının mərd və qəhrəman xalq olduğunu vurğulayaraq belə igid oğulların sayəsində Vətənimizin qorunduğunu qeyd ediblər. Bildirilib ki, Orxan kimi qəhrəmanların qanı yerdə qalmayıb, 44 günlük Vətən müharibəsində əldə olunan möhtəşəm Qələbə ilə şəhidlərimizin ruhu şad olub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Bəxtiyar ƏLİYEV
Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin mətbuat katibi




