AZ

ABŞ ı bölgədən çıxarmaq, Rusiyanı dünya neft bazarına qaytarmaq və xalqı rejim ətrafında birləşdirmək İranın prioritetidir

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

İran ABŞ və İsrail ilə atəşkəs barədə danışmaq niyyətində olmadığını açıqlayıb. İslam Respublikası Məclisinin sədri Məhəmməd Bağır Qalibaf bildirib ki, təcavüzkarlara dərs verilməlidir. Məhəmməd Bağır Qalibaf qeyd edib ki, İran qəti şəkildə atəşkəs axtarmır və düşmənlər bir daha ölkəyə hücum etməyi düşünməməlidir.

Politoloq Zeynal Əmrəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İranın istəyi Amerika Birləşmiş Ştatlarının geri çəkilməsidir: “İran faktiki olaraq ABŞ-ın geri çəkilməsini və öz nüvə silahını, öz nüvə gücünü yaratmaq istəyir. Bununla bağlı da lazım olan mövqeyini göstərir. Görünən odur ki, İran bu müharibədə çox da geri çəkilmək niyyətində deyilmiş kimi özünü nümayiş etdirir.

Eyni zamanda İran faktiki olaraq burada Rusiyanın önünü açır. Körfəz ölkələrinə zərbələrin endirilməsi, xüsusilə də Körfəzdə neft strukturlarına ciddi şəkildə zərbələrinin endirilməsi, bir növ Rusiyanın yenidən dünya bazarına qayıtmasına şərait yaratmaqdır. Bununla yanaşı, Amerika Birləşmiş Ştatları ilə İran danışıqlar apararaq yenidən neft bazarına qayıtmaq istəyir. Buna görə də, Körfəz ölkələrini çətin vəziyyətə salır. Yəni burada əsas məsələlər məhz bunlardır”.

Zeynal Əmrəliyev

Politoloq Zeynal Əmrəliyev qeyd edib ki, rejim öz ömürünü uzatmaq siyasəti həyata keçir: “Qan dəyişikliyinə də getdilər. Hər nə qədər buna qan dəyişikliyi də demək mümkündürsə. Faktiki olaraq İranda vilayəti fəqih sistemi pozuldu. Bununla demək olar ki, hakimiyyət atadan oğula keçdi. Yəni Əli Xameneidən sonra hakimiyyətin Müctəba Xameneiyə keçməsi faktiki olaraq İranda bəzi qaydaların dəyişməsinə gətirib çıxardı. Ancaq hər halda davam edən bu müharibə İrandakı indiki rejimin ömrünü müəyyən qədər uzada bilər. Yəni uzadacaq bir müharibədir və rejim çalışır ki, xalqı daha çox ABŞ və İsrailə qarşı düşmənçilik siyasəti ətrafında birləşdirsin”.

Politoloqun fikrincə, qısacası İranın halhazırda bir neçə məqsədi var: “ABŞ-ı bölgədən sıxışdırıb çıxarmaq, dünya neft bazarına qayıtması üçün Körfəz ölkələrini vuraraq Rusiyanın önünü açmaq və xalqı rejim ətrafında birləşdirmək İranın prioritetidir”.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
76
bizimyol.info

1Mənbələr