bp şirkətinin dəstəyi ilə Təşəbbüslər və Layihələr Mərkəzinin layihəsi əsasında hazırlanmış "Azərbaycan kinosu. Yığcam ensiklopediya (1898-2025)" adlı dördcildliyin təqdimat mərasimi keçirilib.
"Yeni Sabah" xəbər verir ki, kino tədqiqatçısı, Əməkdar incəsənət xadimi, dosent Aydın Kazımzadənin müəllifi olduğu bu fundamental nəşr Azərbaycan kinosunun yarandığı gündən bu günə qədər bütün tarixi mərhələləri əhatə etməklə, Azərbaycan Dövlət Film Fondunda qeydiyyata alınmış filmlər haqqında məlumatları sistemli şəkildə təqdim edir.
Ensiklopediyanın I və II cildlərinə 1898-2025-ci illərdə ölkəmizdə istehsal olunmuş tammetrajlı və qısametrajlı bədii filmlər, televiziya bədii filmləri, animasiya filmləri və "Mozalan" satirik kinojurnalının bədii süjetləri daxil edilib. III və IV cildlərdə isə Azərbaycan kinematoqrafiyasının mühüm hissəsini təşkil edən sənədli filmlər haqqında geniş ensiklopedik məlumatlar təqdim olunub.
"Azərbaycan kinosu. Yığcam ensiklopediya" dördcildliyində ilk dəfə olaraq 2025-ci ilə qədər istehsal olunmuş filmlər vahid şəkildə toplanaraq sistemləşdirilib. Nəşrlərdə oxucular üçün həmçinin "Filmlərin əlifba göstəricisi" və "Kinorejissorların adlar göstəricisi" üzrə təsnifat aparılıb.
Telegram kanalımız