Nazirlər Kabinetinin 2025-ci il fəaliyyət hesabatına görə, ölkədə 1-5 yaşlı uşaqların yalnız 38,7%-i bağçalara cəlb olunub. Bu rəqəm uşaqların erkən inkişafı və sosiallaşma imkanlarına mənfi təsir göstərə bilər və narahatlıq doğurur.
Psixoterapevt İlkin Kazımlının sözlərinə görə, statistikaya baxanda məsələni yalnız təhsil və ya sosial xidmət prizmasından deyil, uşağın psixoloji inkişafı baxımından qiymətləndirmək lazımdır. “Erkən uşaqlıq dövrü – xüsusilə 1-5 yaş aralığı – insanın emosional dünyasının, sosial münasibət modelinin və özünü dərk etmə prosesinin formalaşdığı ən həssas mərhələlərdən biridir" – deyə o bildirib.
İlkin Kazımlı qeyd edib ki, uşaq bu dövrdə yalnız ailədən deyil, həm də sosial mühitdən gələn təcrübələr vasitəsilə dünyanı anlamağa başlayır. Psixoterapevt vurğulayıb ki, bağça uşağın ailədən kənarda ilk sosial təcrübələr qazandığı mühitlərdən biridir.
İ.Kazımlının sözlərinə görə, uşaq bağçası psixoloji baxımdan uşağın sosiallaşma laboratoriyası kimidir. “Burada uşaq yaşıdları ilə münasibət qurmağı, sərhədləri anlamağı, paylaşmağı, gözləməyi və bəzən də emosional məyusluqlarla baş etməyi öyrənir. Bu təcrübələr gələcəkdə insanın münasibətlər qurma tərzinə və sosial uyğunlaşmasına ciddi təsir göstərir" – deyə o bildirib.
Psixoterapevt vurğulayıb ki, əgər uşaqların böyük bir hissəsi bu cür sosial mühitdən kənarda qalırsa, onların sosial adaptasiya prosesində gecikmələr müşahidə oluna bilər. “Bəzi uşaqlar kollektiv mühitdə özünü ifadə etməkdə çətinlik çəkə, digərləri isə qayda və sərhədlərə uyğunlaşmaqda çətinlik yaşaya bilər” – deyə İ.Kazımlı qeyd edib.
İlkin Kazımlı əlavə edib ki, erkən yaş dövrü həm də emosiyaların tanınması və tənzimlənməsi baxımından çox vacib mərhələdir. “Uşaqlar bağça mühitində müxtəlif emosiyalarla – sevinc, məyusluq, rəqabət, qısqanclıq kimi hisslərlə – qarşılaşır və onları tədricən idarə etməyi öyrənirlər. Bu proses emosional zəkanın formalaşmasında mühüm rol oynayır” – deyə psixoterapevt bildirib.
Psixoterapevt vurğulayıb ki, bağçanın digər vacib tərəfi uşağın müstəqillik hissinin inkişafıdır. Uşaq ailədən kənar bir mühitdə özünü tədricən fərdi şəxsiyyət kimi hiss etməyə başlayır ki, bu da özünə güvənin və psixoloji dayanıqlığın formalaşmasına təsir göstərir.
İ.Kazımlının sözlərinə görə, bağça uşağın inkişafı üçün vacib sosial mühit olsa da, onun yerini yalnız formal iştirak deyil, keyfiyyətli münasibət və inkişaf mühiti müəyyən edir. Uşağın psixoloji inkişafı üçün həm ailədə təhlükəsiz emosional bağın olması, həm də sosial mühitlə tədricən tanışlıq vacibdir.
Psixoterapevt əlavə edib ki, 1-5 yaşlı uşaqların yalnız 38,7 faizinin bağçaya getməsi psixoloji inkişaf perspektivindən müəyyən suallar doğurur. “Erkən yaş dövründə uşaqların sosial və inkişaf mühitlərinə çıxış imkanlarının artırılması gələcəkdə həm emosional sağlamlıq, həm sosial bacarıqlar, həm də adaptasiya qabiliyyəti baxımından mühüm rol oynaya bilər".
Fatimə Nəbiyeva