AZ

İşsizlərin sayı necə hesablanır?

Ötən il ölkədə işsizlərin sayı 279, 1 min nəfər olub. 

Bu, Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb. 2026-cı il yanvarın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5384,3 min nəfər olub. 

Onlardan 5105,2 min nəfərini məşğul əhali təşkil edib. Parlamentin bugünkü iclasında deputat Elçin Mirzəbəyli hökumətin ötən ilin yekunları ilə bağlı hesabatına münasibət bildirərkən işsizliklə bağlı məqama da toxunub: 

“Çox yaxşı olardı ki, özünəməşğulluq proqramlarının icrası prosesində müvafiq sahələr üzrə ayrı-ayrı dövlət qurumları, iri kənd təsərrüfatı subyektləri, banklar və digər təsisatlar da koordinasiyalı şəkildə hərəkət etsinlər, proqrama cəlb edilən, təsərrüfatlarını, iş yerlərini inkişaf etdirməyə çalışan vətəndaşlara yeni iş yerləri yaratmaları üçün dəstək versinlər”. 

Qeyd edək ki, bəzən işsizlərin sayı ilə bağlı statistikanın reallığı əks etdirmədiyi barədə fikirlər də səslənir. İşsizlərin sayı nəyə əsasən hesablanır və realdırmı? 

Məsələ ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”-a bildirib ki, işsizlik terminindən həm ümumi mənada istifadə edilir, həm də hökumətin rəsmi statistikası nəzərdə tutulur: 

“Statistikada yalnız məşğulluq idarələrində qeydiyyatda olub, iş tapa bilməyən şəxslər öz əksini tapır. Bu, o demək deyil ki, Azərbaycanda cəmi göstərilən rəqəm qədər işsiz var. İşsizlərin sayı onminlərlədir. Məşğul əhalinin sayı 5 milyona yaxındır. 

Ölkədə 10 milyona yaxın əhalinin 7 milyona yaxını əmək qabiliyyətlidir. Bu gün paralel statistika aparılmadığına görə real işsizlərin sayı açıqlanmır. Əvvəllər bununla bağlı statistikanın tərtibi ilə məşğul olan QHT-lər var idi. Əslində hökumət özü bu işlə məşul olmalıdır. 

QHT-lər isə şəffaflığı təmin etmək üçün vətəndaş cəmiyyəti olaraq paralel statistika aparmalıdır. İşsiz sayı azdırsa, demək ölkədə iqtisadi vəziyyət yaxşıdır”. 

Seçilən
25
cebheinfo.az

1Mənbələr