AZ

Rusiyanı sevindirən, Avropanı heyrətə gətirən qərar 27 illik əməliyyat gündəmdə

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Serbiya Prezidenti Aleksandr Vuçiç ölkəsinin NATO-ya qoşulmayacağını açıqlayıb. O bildirib ki, Serbiya neytrallığını qorumaq niyyətindədir. Bu açıqlama xüsusilə İsveç və Finlandiyanın Alyansa qoşulmasından sonra Avropada təhlükəsizlik balansının dəyişdiyi bir vaxtda diqqət çəkir.

Uzun illər Avropa İttifaqına (Aİ) üzvlük niyyətini qoruyan Serbiya, son dövrlərdə Qərb strukturlarına qarşı daha ehtiyatlı və məsafəli siyasət yürüdür.

Globalinfo.az-a danışan siyasi şərhçi Tamilla Qulami deyib ki, Vuçiçin bu açıqlamalarının ən əsas faktoru 1999-cu ildə NATO-nun Serbiya və Yuqoslaviya qüvvələrinə qarşı həyata keçirdiyi əməliyyatdır:

“Bu hadisə NATO bombardmanı kimi xalqın yaddaşında psixoloji və siyasi travma yaradıb. Serbiya əhalisinin böyük əksəriyyəti də bu səbəbdən ölkənin Alyansa qoşulmasını dəstəkləmir. Üstəlik, unutmayaq ki, NATO ölkələrinin əksəriyyəti 2008-ci ildə öz müstəqilliyini elan edən Kosovonu tanıyıb və bu ərazidə Alyansın sülhməramlı qüvvələri yerləşir. Serbiya isə Kosovonu öz ərazisi hesab edir, buna görə də ölkənin NATO-ya qoşulması Kosovonun itirilməsini faktiki qəbul etməkdir.

Serbiyanın Rusiya ilə əlaqələrini də xatırlatmadan keçmək olmaz. Çünki Serbiya tarixən Rusiyaya yaxın ölkələrdən biri hesab olunur. Hər iki ölkənin enerji və təhlükəsizlik sahəsində əlaqələri var, ən əsası isə Rusiya Kosovo mövzusunda Serbiyanın əsas diplomatik dəstəkçisi olan dövlətdir. NATO-ya üzvlük məsələsində nə qədər önəmli və vacib detal sayılmasa da, Serbiya Alyansa qoşularsa, Rusiya ilə münasibətləri şübhə altına almış olar. Nəticədə ölkələrarası əlaqə ciddi şəkildə zədələnə bilər.

Tamilla Qulami 

Düzdür, Serbiya uzun zamandır avrointeqrasiyaya, xüsusilə də Aİ üzvlüyünə maraq göstərir. Lakin hələlik hərbi ittifaqlara qoşulmaq məsələsində daha ehtiyatlı davranmaq xəttini seçib. Bu səbəbdən də Aleksandr Vuçiç, “Ölkə hərbi neytrallıq prinsipini qorumağı özünün strateji xətti sayır” bəyanatı ilə çıxış edir.

Bu balans siyasəti hələlik Serbiyaya həm Qərb, həm də Şərq aktorları ilə əməkdaşlıq imkanlarını saxlamasına şərait yaradır.

Sadaladığım səbəblərdən Finlandiya və İsveç kimi ölkələrin son illərdə NATO-ya üzv olması Serbiyanın təhlükəsizlik seçimlərinə avtomatik təsir göstərmir, çünki bu ölkənin təhlükəsizlik mühiti və tarixi təcrübəsi, dövlətlərarası münasibətləri həmin ölkələrdən əhəmiyyətli dərəcədə fərqlənir”.

Turan Rzayev

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
33
globalinfo.az

1Mənbələr