AZ

IATA: MDB aviasiya hadisələrinin araşdırılmasının tamamlanmasına görə liderdir

2025-ci ildə MDB ölkələrinin ərazisində 4 aviasiya hadisəsi qeydə alınıb, bu zaman insidentlərin milyon yerinə yetirilmiş reys üzrə tezliyi 2,74-ə qədər yüksəlib.

"Report" Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) məlumatlarına istinadən xəbər verir ki, 2024-cü ildə MDB ölkələri ərazisində aviasiya hadisələrinin ümumi tezliyi bir milyon reys üçün 1,44 idi. Bununla bağlı ilk beşlikdəki orta regional göstərici isə 2,26-dır.

Məlumata əsasən, qeydə alınmış bütün insidentlər turbovintli təyyarələr ilə bağlı olub. Onların arasında 48 nəfərin həlak olmasına CFIT tipli (texniki cəhətdən saz olan hava gəmisinin yer səthi ilə toqquşması) qəza var.

Qlobal miqyasda 2025-ci ildə aviasiya hadisələrinin ümumi tezliyi bir milyon reys üçün 1,32 həddinə çatıb, bu da hər 759 646 uçuşda bir insidentə bərabərdir. Bu göstərici 2024-cü il üzrə 1,42 dəyərinə nisbətən yaxşılaşıb, lakin hələ də beşillik orta göstəricini - 1,27-ni cüzi olaraq üstələyir. Ümumilikdə yerinə yetirilmiş 38,7 milyon reys zamanı 51 hadisə qeydə alınıb.

İnsan ölümü ilə nəticələnən qəzaların sayı isə səkkiz olub, göyərtədə həlak olanların ümumi sayı isə 394 nəfərə çatıb. IATA-nın məlumatına görə, bu göstəricinin artması bir neçə irimiqyaslı aviaqəza ilə əlaqədardır: 2025-ci ildə bütün həlak olanların 77 %-dən çoxu iki hadisənin – "Air India" 171 və "PSA Airlines" 5342 reyslərinin payına düşür.

"Aviasiya hələ də uzaq məsafələrə hərəkət etməyin ən təhlükəsiz üsuludur. Hər bir insidentin faciəyə səbəb olmasına baxmayaraq, çoxillik tendensiya təhlükəsizlik səviyyəsinin davamlı şəkildə artdığını göstərir. Əgər 10 il əvvəl orta hesabla hər 3,5 milyon uçuşa bir qəza düşürdüsə, bu gün bu göstərici 5,6 milyondur", - IATA-nın baş direktoru Uilli Uolş vurğulayıb.

Avropa regionunda 2025-ci il ərzində 11 aviasiya hadisəsi qeydə alınıb. İnsidentlərin ümumi tezliyi 2024-cü ildəki bir milyon reysə 1,48-dən 2025-ci ildə 1,30-a qədər azalıb, lakin hələ də beşillik orta regional səviyyə olan 1,11-dən yuxarı qalır. 2025-ci ildə ölüm riski göstəricisi sıfıra bərabər olub. Bir il əvvəlki göstəricisi 0,03 olub. İnsidentlərin əsas hissəsi uçuş zamanı hava gəmilərinin zədələnməsi və füzelyajın quyruq hissəsinin uçuş-enmə zolağına toxunması ilə əlaqədar olub.

IATA-nın 2019-2023-cü illər dövrü üzrə təhqiqatlarla bağlı apardığı təhlil aşkar edib ki, hesabatların yalnız 63 %-i Çikaqo konvensiyasında nəzərdə tutulmuş dövlət öhdəliklərinə uyğun olaraq başa çatdırılıb. Təhqiqatların çox vaxt bir ildən artıq davam etdiyini nəzərə alaraq, 2023-cü ildə tamamlanan beşillik məlumat qlobal vəziyyət haqqında ən obyektiv təsəvvür yaradır.

Regionların müqayisəsi zamanı qeyd olunan öhdəliklərin icra səviyyəsində əhəmiyyətli fərqlər ortaya çıxır. Tamamlanmış təhqiqatların ən yüksək faizi MDB dövlətlərində qeydə alınıb: 81 %. Onların ardınca Şimali Amerika (78 %), Avropa (75 %), Asiya-Sakit okean regionu (68 %), Şimali Asiya (67 %), Yaxın Şərq və Şimali Afrika (67 %), Latın Amerikası və Karib hövzəsi (60 %), eləcə də Afrika (19 %) gəlir.

Seçilən
24
far.az

1Mənbələr