AZ

“Sakit qatil”: Azərbaycanda milyonlarla insan risk altındadır QORXUNC STATİSTİKA

Bakivaxti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Arterial hipertoniya çox vaxt gizli inkişaf etdiyi üçün “sakit qatil” adlandırılır və bir çox insan xəstəlikdən xəbərsiz yaşayır”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında həkim-mütəxəssis kardioloq Dr. Emil Hasilov arterial təzyiqdən danışarkən deyib.

Onun sözlərinə görə, arterial hipertoniya barədə tez-tez danışılmasına baxmayaraq, Azərbaycanda vəziyyət hələ də narahatedicidir:

“Statistik məlumatlara əsasən, ölkədə 30 yaşdan yuxarı 2 milyondan çox insanın arterial təzyiqi yüksəkdir. Bu isə kifayət qədər ciddi rəqəmdir və aparılan araşdırmaların, kardioloji təşkilatların statistik nəticələrinə əsaslanır. Məlumata görə, bu insanların təxminən 1 milyona yaxını yüksək təzyiqdən əziyyət çəkdiyini bilmir. Təzyiqinin yüksək olduğunu bilənlər arasında isə vəziyyət tam ürəkaçan deyil. Belə ki, onların təxminən 500 minə yaxını müalicə alır və təzyiq dərmanları qəbul edir”.

Müsahibimiz vurğulayıb ki, ən narahatedici məqamlardan biri odur ki, müalicə alan bu insanların cəmi 14 faizində arterial təzyiq normal səviyyədə saxlanılır. Dediyinə görə, bu isə problemin nə qədər geniş yayıldığını göstərir.

Emil Hasilov: Vaxtında nəzarət və düzgün müalicə hipertoniyanın ciddi fəsadlarının qarşısını ala bilər

Kardoloq qeyd edib ki, arterial təzyiq çox vaxt heç bir əlamət vermədən yüksələ bilər. Buna görə də insanlar özlərini yaxşı hiss etdiklərini əsas gətirib təzyiqlərini yoxlamağı gecikdirməməlidirlər:

“Xüsusilə orta və yaşlı insanlar mütəmadi olaraq təzyiqini ölçməli, səhhətlərinə diqqət yetirməlidirlər. Bəzi hallarda arterial təzyiq 140-150, hətta 160-a qədər yüksəlsə belə, insan bunu hiss etməyə bilər. Yalnız daha yüksək səviyyələrdə baş ağrısı, halsızlıq və digər narahatlıqlar meydana çıxa bilər”.

E.Hasilov hər kəsə ev şəraitində mütəmadi olaraq təzyiqini ölçməyi tövsiyə edib:

“Eyni zamanda ailə üzvlərinin də təzyiqini yoxlamaq vacibdir. Əgər arterial təzyiq 130-dan yuxarıdırsa, mütləq həkimə müraciət etmək lazımdır”.

“Vaxtında nəzarət və düzgün müalicə hipertoniyanın ciddi fəsadlarının qarşısını almağa kömək edə bilər”, - deyə Emil Hasilov əlavə edib.

Aynur Babazadə

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
bakivaxti.az

2Mənbələr