AZ

Deputat yeni iş yerlərinin yaradılmasına ÇAĞIRDI

“Nazirlər Kabinetinin 2025-ci il üzrə fəaliyyəti haqqında təqdim olunan hesabat ölkəmizin sosial-iqtisadi inkişafının əsas istiqamətlərini, həyata keçirilən proqramları və əldə olunan nəticələri geniş şəkildə əks etdirir. 

Hesabatdan göründüyü kimi, ötən il də ölkəmizdə iqtisadi sabitliyin qorunması, sosial müdafiə tədbirlərinin genişləndirilməsi, infrastruktur layihələrinin həyata keçirilməsi, azad olunmuş ərazilərin bərpası və digər istiqamətlərdə mühüm işlər görülüb”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü iclasında deputat Elçin Mirzəbəyli hökumətin ötən ilin yekunları ilə bağlı hesabatına münasibət bildirərkən deyib. 

Deputat hökumətin hesabatını dəstəklədiyini deyib və görülən işlərə görə təşəkkürünü bildirib: 

“Bununla yanaşı, hörmətli cənab Baş nazirin və hökumət üzvlərinin diqqətini vətəndaşlarla görüşlər zamanı, onların müraciətlərdə yer alan və təsdiqini tapmış bəzi məqamlara yönəltmək istəyirəm: 

Ağsu şəhərində içməli su təminatı uzun müddətdir ki, sakinləri narahat edən problemlərdən biridir və xüsusilə yay aylarında daha qabarıq şəkildə özünü göstərir. Bu baxımdan, şəhərin dayanıqlı içməli su ilə təmin olunması üçün yeni su mənbələrinin müəyyənləşdirilməsi, mövcud su şəbəkəsinin yenilənməsi və bu istiqamətdə kompleks layihələrin həyata keçirilməsi perspektivinin, mövcud imkanlar və reallıqlar çərçivəsində nəzərdən keçirilməsini xahiş edirəm. 

Diqqət çəkmək istətiyim digər məqam 2019-cu ilin fevralında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırlması ilə bağlıdır. Həmin dövrdə aparılan qiymətləndirmələr zamanı 2175 evin təmirə ehtiyacı olduğu müəyyən edilib. 

Dövlət dəstəyi və yerli imkanlar hesabına müxtəlif mərhələlərdə ümumilikdə 1698 fərdi yaşayış evi təmir olunaraq sakinlərin istifadəsinə verilib. Lakin vəsait çatışmazlığı səbəbindən hazırda 477 evdə təmir işləri aparılmamış qalır və ötən illər ərzində zədələr daha da dərinləşərək sakinlər üçün əlavə çətinliklər yaradıb. Ümid edirəm, hökumət yaranmış vəziyyətin təhlilini və qeyd olunan istiqamətdə problemlərinin aradan qaldırımasını diqqətdə saxlayacaq”. 

E.Mirəzbəyli çıxışında məşğulluqla bağlı məsələlərə də toxunub: 

“Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tərəfindən qeyd etdiyim istiqamətdə davamlı tədbirlər həyata keçirilir. Bununla yanaşı hesab edirəm ki, özünəməşğulluq proqramları çərçivəsində həm proqrama cəlb edilən şəxslərin məsuliyyətinin artırılması, həm də motivasiya xarakterli addımların atılması zəruridir. 

Təəssüf ki, bır sıra hallarda və belə halların sayı az deyil – müəyyən bir zaman kəsiyindən sonra vətəndaşlara verilən iri və xırda buynuzlu heyvanlar, həmçinin avadanlıqlar satılır və bununla da özünəməşğulluq proqramlarının əsas hədəfi, məşğullluğun davamlılığının təmin edilməsi elə başlanğıc mərhələdən sıradan çıxmış olur. 

Bu baxımdan, bu sahədə həm fərdi hüquqi öhdəliklərin müəyyənləşməsinin, həm də öz işinə vicdanla yanaşan şəxslərə təsərrüfatlarını genişləndirmək üçün davamlı dəstək verilməsinin vacib olduğunu düşünürəm. 

Çox yaxşı olardı ki, özünəməşğulluq proqramlarının icrası prosesində müvafiq sahələr üzrə ayrı-ayrı dövlət qurumları, iri kənd təsərrüfatı subyektləri, banklar və digər təsisatlar da koordinasiyalı şəkildə hərəkət etsinlər, proqrama cəlb edilən, təsərrüfatlarını, iş yerlərini inkişaf etdirməyə çalışan vətəndaşlara yeni iş yerləri yaratmaları üçün dəstək versinlər”. Deputat yollarla bağlı problemləri də hökumət üzvlərinin diqqətinə çatdırıb: 

“Toxunmaq istədiyim başqa bir məsələ həm rayonun özü, həm də ətraf rayonlar üçün əhəmiyyət kəsb edən Ağsu–Çaparlı–Bağırlı magistral yolunun vəziyyəti ilə bağlıdır. Yolun əsaslı təmir edilməsi ilə əlaqədar hörmətli cənab Baş nazirə ünvanladığım müraciətə diqqətlə yanaşıldığı üçün təşəkkürümü bildirirəm və ümid ediəm ki, magistral yolun əsaslı təmiri istiqamətində müvafiq addımlar atılacaq. 

Bu, həm Ağsu sakinlərinin gündəlik həyatlarının yaxşılaşdırılması, həm də rayonun iqtisadiyyatının inkişafı üçün mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, Nazirlər Kabinetindən perspektiv imkanlar və reallıqlar çərçivəsində rayonun İlxıçı, Padarqışlaq və Daşdəmirbəyli kəndlərində yeni məktəblərin inşa edilməsi ilə bağlı olduqca mühüm əhəmiyyət daşıyan məsələləri də nəzərdən keçirməyi xahiş edirəm. 

Bir daha hökumətin 2025-ci il üzrə hesabatını dəstəklədiyimi bildirir, cənab Baş nazirə və hökumət üzvlərinə fəaliyyətlərində uğurlar diləyirəm”. 

Seçilən
10
1
cebheinfo.az

2Mənbələr