AZ

Lisenziyaların verilməməsi bölgədə yeni turizm obyektlərinin açılmasının qarşısını alır Vasif Qafarov

ain.az, Redaktor.az portalına istinadən məlumat verir.

"Lerik və Astara rayonlarının böyük turizm potensialı var. Bu potensial əsas etibarilə rayonların meşə fondu ərazilərinə aid sahələrdə yerləşir. Hazırda meşə fondu ərazilərində yeni sahibkarlıq subyektlərinin fəaliyyətinə lisenziyaların verilməsi dayandırılıb. Bu isə bölgədə yeni turizm obyektlərinin açılmasının qarşısını alır və mövcud turizm potensialının reallaşmasına imkan vermir".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Vasif Qafarov bildirdi.

O əlavə etdi ki, indiyədək bu bölgədə fəaliyyət göstərən turizm obyektləri əhalinin məşğulluğunun təmin edilməsinə və bölgə iqtisadiyyatına mühüm töhfələr verib.

"1996-cı ildə həyata keçirilən aqrar islahat zamanı Astara rayonunun Pəncəsər, Siyaku, Toradi və Barzavu kənd inzibati dairələri üzrə 400 hektardan artıq ərazi 5 minə yaxın ailə arasında bölüşdürüldü. Hər bir ailəyə 1, 5, 10, 20 və 30 sota qədər torpaq sahəsi düşdü. Əsas problemli məsələlərdən biri odur ki, 1–5 sot torpaq alan ailələrə bu torpaqlar elə formada ayrıldı ki, onlardan istifadə faktiki olaraq qeyri-mümkün oldu. Torpaq sahələri 30–50 santimetr və ya 1 metr enində, 100, 150 və ya 200 metr uzunluğunda lentvari zolaqlar şəklində verildiyi üçün kəndlilər həmin sahələrdən istifadə edə bilmir. Bu torpaqlarda suvarma aparmaq da mümkün deyil. Torpaq sahələrinin hamısının bir sahibkar tərəfindən satın alınması da mümkün olmadı. Nəticədə 30 ildir ki, bu torpaqlar istifadəsiz qalır. Daha məqsədəuyğun olardı ki, həmin torpaqların səmərəli istifadəsi və əkin dövriyyəsinə qaytarılması üçün onlar dövlət tərəfindən kompensasiya ödənilməklə torpaq sahiblərindən alınsın, dövlət mülkiyyətinə qaytarılsın və sahibkarlara icarəyə verilsin. Bu addım nəticəsində 30 il istifadəsiz qalan torpaqlar əkin dövriyyəsinə qaytarıla və ölkə iqtisadiyyatına fayda verə bilər.

Təmsil etdiyim Lerik rayonunda fəaliyyət göstərən 3 ailə sağlamlıq mərkəzi, 39 tibb məntəqəsi və 22 həkim məntəqəsinin yalnız 2–3 binası yenidir. Digər binaların demək olar ki, hamısının istismar müddəti başa çatıb və qəzalı vəziyyətdədir. Astara rayonunun Pəncəsər kənd tibb məntəqəsi də eyni vəziyyətdədir. Bundan əlavə, Lerik rayonunda nəinki idman kompleksi, ümumiyyətlə hər hansı idman mərkəzi mövcud deyil. Bu məsələ yeniyetmə və gənclərin asudə vaxtının səmərəli təşkili ilə bağlı vətəndaşlar tərəfindən mütəmadi olaraq qaldırılır. Hörmətli Baş nazirdən növbəti dövlət investisiya proqramlarında bu məsələlərin diqqətdə saxlanılmasını xahiş edirəm", - deyə deputat yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
redaktor.az

2Mənbələr