AZ

Hörmüz problemi dünyada qazın qiymətini bahalaşdıracaq: Bizə təsiri olacaqmı?

Yaxın Şərqdə artan geosiyasi gərginlik, xüsusilə də Hörmüz boğazı ətrafında baş verən hadisələr qlobal enerji bazarlarına təsirsiz ötüşmür. Mayeləşdirilmiş təbii qaz (LNG) daşımalarının alternativ marşrutlara yönəlməsi fonunda Avropa qaz bazarında qiymətlərin gələcək dinamikası ilə bağlı suallar artır.
Bəs mövcud vəziyyət orta və uzunmüddətli dövrdə qaz qiymətlərinə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, dünya üzrə mayeləşdirilmiş qaz daşımalarının təxminən 20 faizi məhz Hörmüz boğazı vasitəsilə həyata keçirilir.

iqtisadçı-ekspert

Onun sözlərinə görə, İran və ABŞ arasında mümkün hərbi qarşıdurma fonunda Avropa qaz bazarında artıq bahalaşma müşahidə olunur:

“Qaz qiymətlərinin gələcək taleyi müharibənin nə qədər davam edəcəyindən asılıdır. Müharibə başlamazdan əvvəl əsas müzakirə mövzusu Hörmüz boğazının bağlanıb-bağlanmayacağı idi. Artıq görünür ki, İran faktiki olaraq bu boğazı bağlamaq imkanına malikdir. İndi əsas sual budur: boğaz bir həftə ərzində açılacaq, yoxsa müharibə daha uzun müddət davam edəcək?”

İqtisadçı qeyd edib ki, qısa müddətdə qaz bazarında qiymətlərin dinamikası birbaşa ABŞ, İsrail və İran arasında baş verən hərbi proseslərdən asılı olacaq.

“Əgər müharibə qısa müddətdə bitsə, qaz qiymətləri müəyyən vaxtdan sonra əvvəlki səviyyələrə qayıda bilər. Lakin müharibə uzansa, qiymətlərin iki dəfəyədək artması da mümkündür. Yəni əsas məsələ müharibənin nə qədər davam etməsidir. Müharibə uzandıqca qaz qiymətləri daha da yüksələcək”, – deyə Xalid Kərimli vurğulayıb.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
27
1
konkret.az

2Mənbələr