AZ

Psixoloq: “Disleksiya oxuma yazma ilə bağlı olaraq öyrənmə çətinliyi yaradan nevroloji bir problemdir”

ain.az, Bizimyol saytına istinadən bildirir.

Disleksiya cəmiyyətdə kifayət qədər yayılmış olsa da, hələ də tam anlaşılan mövzulardan biri deyil. Bir çox valideyn övladının oxumaqda çətinlik çəkməsini tənbəllik və ya diqqətsizlik kimi qiymətləndirir. Eyni zamanda 18 yaşdan yuxarı bəzi insanlar illərlə yaşadıqları oxu və yazı çətinliklərinin əsl səbəbinin fərqində olmurlar. Bu, zəka ilə bağlı deyil və düzgün dəstək göstərildikdə insanlar tam potensiallarını reallaşdıra bilirlər. Lakin çox vaxt həm uşaqlarda, həm də böyüklərdə gec aşkar olunur.Bəs valideyn hansı hallarda övladında disleksiyadan şübhələnməlidir?

Günəş Psixoloji Sağlamlıq Mərkəzinin psixoloqu Elnur Abuşov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, disleksiya əlamətləri olan insanların intellektual problemi olduğu anlamına gəlmir: “Bəzən disleksiya ilə disqrafiya bir-biri ilə qarışdırılır. Disleksiya zamanı insan müəyyən hərfləri və səsləri qavrayarkən onları bir-biri ilə qarışdıra bilir. Məsələn; p hərfini görür, lakin onu b hərfi ilə səhv sala bilər. Bu xüsusiyyət yazıda da özünü göstərə bilər. Bəzi hallarda disqrafiya ilə əlaqəli çətinliklərə keçə bilir.

Disleksiya oxuma yazma ilə bağlı olaraq öyrənmə çətinliyi yaradan nevroloji bir problemdir. Bu da o demək deyil ki, bu insanda intellektual problemlər var. Qətiyyən belə deyil. Həmin insanlar yüksək intellektə malik belə ola bilərlər”.

“Disleksiya uşaqlarda daha çox rast gəlinir. Bunun demək olar ki, tam müalicəsi yoxdur. Loqoped, xüsusi müəllimlərlə məşğul olmalıdır ki, o səsləri yavaş-yavaş tamamilə aradan qalxsın. Sözləri yavaş-yavaş çətin oxuyur. Müəyyən hərfləri qarışdırır, yazı yazanda çoxlu səhvlərə yol verir. Bu xüsusiyyətlərlə uşaqlarda artıq bu problemi görmək olar. Eyni zamanda oxuduğunu yadda saxlamaqda çətinlik çəkir və ya gec xatırlayır. Bu problemlər olduqda, loqoped psixoloqa mütləq müraciət edilməlidir və mütəxəssislər paralel şəkildə işləməlidir. Bu uşaqlarda danışıq gec formalaşır. Söz ehtiyatı digər uşaqlara nisbətən aşağı olur. Yeni sözləri öyrənməkdə çətinlik çəkirlər. Hərflər və səsləri ayırmaqda çətinlikləri olur”-deyə psixoloq Elnur Abuşov qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
bizimyol.info

1Mənbələr