AZ

Bu rayonlarda yeni universitetlər yaradıla bilər

Paytaxtdan kənarda yeni universitetin yaradılması təklif olunur. Bu, Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb. Bəs ali təhsil müəssisələrinin yerləşdirilməsi üçün hansı ərazilər daha məqsədəuyğun ola bilər?Millət vəkili Ceyhun Məmmədov Metbuat.az-a açıqlamasında bildirib ki, regionlarda yeni universitetlərin yaradılması və eyni zamanda regionlardakı universitetlərə qəbul sayının artırılması məsələsinə baxılmalıdır. Bu, şəhərdə tıxacın azaldılmasına da, birmənalı olaraq, öz töhfəsini verə bilər: “Regionlara gəldikdə isə hesab edirəm ki, bu məsələ əhali sıxlığından asılıdır. Məsələn, Gəncə və Mingəçevir bölgələri var. Fikrimcə, şimal bölgəsində, məsələn, Zaqatala və Şəki kimi şəhərlərdə filiallar olsa da, ayrıca universitetlərin yaradılması mümkündür. Şərqi Zəngəzurda ayrıca bir universitetin yaradılması məsələsi də nəzərdən keçirilə bilər. Qarabağ bölgəsində universitet var, lakin Qazax tərəfdə də hansısa bir ali təhsil müəssisəsinin yaradılmasına baxıla bilər. Yəni bu proses kor-koranə getməməlidir. Belə olması əlavə problemlər də yarada bilər. Bu səbəbdən, ölçülüb-biçilərək, ehtiyaclar nəzərə alınaraq belə addımların atılması məqsədəuyğundur”. C.Məmmədov əlavə edib ki, burada qarşımıza çıxan ən əsas məsələlərdən biri müəllim heyəti ilə bağlıdır: “Bu, məsələnin ümumi həlli baxımından xüsusi önəm daşıyır. Hesab edirəm ki, bu məqamın da ciddi şəkildə nəzərə alınmasına böyük ehtiyac var”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
29
metbuat.az

1Mənbələr