ain.az, Banco.az portalına istinadən məlumat yayır.
2025-ci ildə respublika üzrə 197,6 min vergi ödəyicisinin dövlət büdcəsinə ümumilikdə 6 mlrd. manat vergi borcu yaranıb.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.
Görülmüş tədbirlər nəticəsində isə 193,7 min vergi ödəyicisinin 5,8 mlrd. manat məbləğində vergi borcunun ləğv edilməsi təmin olunub.
Borclu vergi ödəyicilərinin borcunun tərkibi və borcu ödəmədikləri təqdirdə görüləcək inzibati tədbirlər barədə ilkin məlumatlandırılması məqsədilə onlara ümumilikdə 1,3 milyon rəsmi bildiriş göndərilib, mobil telefon nömrələrinə 583,5 min qısa mesaj yollanıb, eləcə də 153,2 min telefon zəngi edilib.
Borcun dövlət büdcəsinə alınmasını təmin etmək məqsədilə hesabat dövründə borclu vergi ödəyicilərinin aktiv bank hesablarına 7,6 mln. sərəncam göndərilib, 7,1 min şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb. Həmçinin borclu vergi ödəyicilərinin əmlaklarının siyahıya alınması barədə 11,2 min qərar qəbul edilib.
Bununla yanaşı, borclu vergi ödəyicilərinin borclarının “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 82-ci maddəsinə əsasən icraya yönəldilməsi barədə 5 min qərar qəbul olunub, 851 vergi ödəyicisi üzrə cinayət tərkibi yaradan materiallar isə aidiyyəti istintaq orqanına göndərilib.
Bundan əlavə, sosial sığorta haqları üzrə 2025-ci il 1 yanvar tarixinə 155,2 min vergi ödəyicisinin 263,9 mln. manat, 2026-cı il 1 yanvar tarixinə isə 156,3 min vergi ödəyicisinin 299,3 mln. manat borcu olub.
Bu göstəricilər müvafiq olaraq işsizlikdən sığorta haqları üzrə 6,7 mln. manat (31,6 min vergi ödəyicisi) və 8,9 mln. manat (34,7 min vergi ödəyicisi), icbari tibbi sığorta haqları üzrə isə 26,2 mln. manat (67,3 min vergi ödəyicisi) və 34,3 mln. manat (72 min vergi ödəyicisi) təşkil etmişdir.
Qeyd edək ki, 2024-cü ildə vergi ödəyicilərinin vergi borcunun həcmində 12,1% artım qeydə alındığı halda, hesabat ilində bu göstərici 4,2% təşkil edib.
Onu da bildirək ki, 2025-ci il 1 yanvar tarixinə ölkə üzrə 109,3 min vergi ödəyicisinin dövlət büdcəsinə ümumilikdə 3,1 mlrd. manat vergi borcu olub.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.