AZ

Prezident İlham Əliyev Qlobal Bakı Forumunda sülh və əməkdaşlıq məsələlərinə toxunub » AzadMedia.az


Prezident İlham Əliyev 12 mart 2026-cı il tarixində keçirilən XIII Qlobal Bakı Forumu çərçivəsində “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda çıxışı zamanı qlobal və regional proseslərə dair mühüm məqamlara toxunmuşdur. Prezident çıxışında vurğulamışdır ki, Azərbaycan uzun illər işğal altında qalan ərazilərini beynəlxalq hüquqa uyğun olaraq güc yolu ilə azad etmiş və bununla regionda yeni reallıq yaratmışdır. Dövlət başçısı qeyd etmişdir ki, Azərbaycan münaqişənin həllində sülhə nail olunmasını əsas məqsəd kimi müəyyən etmiş və azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlamışdır.

Prezident çıxışında həmçinin bildirmişdir ki, Azərbaycan bölgədə dayanıqlı sülhün əldə olunması üçün siyasi və diplomatik səylərini davam etdirir. Bu kontekstdə ölkəmiz ikitərəfli dialoqun daha effektiv mexanizm olduğunu vurğulayır və üçüncü tərəflərin bəzən prosesə maneə yaradan yanaşmalarının sülh təşəbbüslərinə töhfə vermədiyini qeyd edir. Dövlət başçısı Azərbaycanın qarşılıqlı hörmət, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanan münasibətlərin qurulmasının tərəfdarı olduğunu xüsusi olaraq diqqətə çatdırmışdır.

Çıxış zamanı Prezident İlham Əliyev qlobal çağırışlar fonunda beynəlxalq əməkdaşlığın və dialoqun əhəmiyyətini də vurğulamışdır. O qeyd etmişdir ki, müasir dünyada sabitlik və təhlükəsizliyin təmin olunması üçün ölkələr arasında etimadın möhkəmləndirilməsi, açıq müzakirə platformalarının təşviqi və qarşılıqlı anlaşmanın artırılması böyük əhəmiyyət daşıyır. Bu baxımdan Qlobal Bakı Forumunun müxtəlif ölkələrin siyasi liderlərini, ekspertlərini və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirərək mühüm fikir mübadiləsi platforması rolunu oynadığı diqqətə çatdırılmışdır.

Prezident çıxışının sonunda Azərbaycanın beynəlxalq əməkdaşlığın inkişafına, regional sabitliyin möhkəmləndirilməsinə və sülh gündəliyinin irəli aparılmasına bundan sonra da töhfə verməyə davam edəcəyini bildirmişdir. Dövlət başçısı qeyd etmişdir ki, Azərbaycan qlobal problemlərin həllinə töhfə verən məsuliyyətli tərəfdaş kimi beynəlxalq münasibətlər sistemində fəal rol oynamaqdadır.


Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının fəal üzvü Rəmzi Şahverdiyev
Seçilən
54
1
azadmedia.az

2Mənbələr