AZ

Azərbaycan Aİ əməkdaşlığı təhlükəsizlik, enerji və nəqliyyat sahələrində dərinləşir ŞƏRH

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 13 mart, AZƏRTAC

Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü Azərbaycan-Avropa İttifaqı (Aİ) münasibətlərinin strateji əhəmiyyətini bir daha təsdiqləyir. Aİ ilə siyasi dialoq və praktiki əməkdaşlıq təhlükəsizlik, enerji və nəqliyyat sahələrində dərinləşir. Bu, Azərbaycanın Cənubi Qafqazda regional oyunçu, eyni zamanda, Aİ üçün Qara Dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında sülh və dayanıqlı inkişaf təşviqatçısı kimi rolunu gücləndirir. Görüş, həmçinin Avropa İttifaqının Azərbaycana geosiyasi marağını və sabitlik istəklərini göstərir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

O xatırladıb ki, prezidentlər birgə bəyanat zamanı münasibətlərin qarşılıqlı hörmət, bərabərlik və beynəlxalq hüquq prinsipləri əsasında qurulduğunu bir daha təsdiqləyiblər. Bu, Azərbaycanın postmünaqişə siyasətinin, xüsusilə Ermənistanla sülh və regionun bərpası proseslərinin legitimliyini beynəlxalq müstəvidə dəstəkləyir. Yeni əhatəli ikitərəfli saziş üzrə danışıqlar və yenilənmiş Tərəfdaşlıq Prioritetləri Aİ ilə münasibətlərin hüquqi və institusional çərçivəsini möhkəmləndirir, əməkdaşlığı daha dayanıqlı edir.

“Görüşdə Azərbaycan tərəfindən Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpası və mina ilə çirklənmə kimi problemlərin həlli də vurğulanıb. Avropa İttifaqının humanitar mina təmizləmə sahəsində lider donor rolunun önə çıxarılması, regionda sülhün və təhlükəsizliyin qorunmasına beynəlxalq dəstəyin vacibliyini göstərir. “Azerbaijan 2030” proqramı isə ölkəni dayanıqlı postmünaqişə inkişafı nümunəsi kimi təqdim edir, ticarət, nəqliyyat, sərmayə və təmiz enerji sahələrində əməkdaşlıq imkanlarını açır.

Prezidentlər Azərbaycanın regional nəqliyyat və ticarət dəhlizlərində, xüsusilə Orta Dəhliz vasitəsilə rolunu vurğulayıblar. Naxçıvan dəmiryolunun müasirləşdirilməsi və TRIPP layihəsinin icrasına Aİ dəstəyi bir daha vurğulanıb. Avropa İttifaqının qiymətləndirməsi deyir ki, Zəngəzurdan keçəcək dəmir yolu xətti Bakı-Tbilisi-Qars xəttindən ən azı 25 faiz daha sürətli olacaq. Burada, həmçinin karqonun fasiləsiz keçidinin təmin olunması üçün rəqəmsal sistemlər, bir-pəncərə prinsipi ilə fəaliyyət göstərəcək”, - deyə P.Vəliyeva əlavə edib.

Görüşdə Azərbaycanın Ümumdünya Şəhərsalma Forumunun (WUF13) ev sahibliyinin vurğulandığını deyən deputat qeyd edib ki, bu, Aİ ilə dayanıqlı şəhər inkişafı, iqlim və innovasiya sahələrində əməkdaşlığı genişləndirmək üçün fürsət kimi qeyd olunub.

“Görüşdə mütəşəkkil cinayətkarlıq, terror, ekstremizm, insan alveri və qeyri-qanuni miqrasiya ilə mübarizə sahəsində əməkdaşlıq vurğulanıb. Eyni zamanda, viza sadələşdirilməsi, təhsil, mədəniyyət və gənclər sahəsində əlaqələrin gücləndirilməsi sosial və mədəni diplomatiyanın vacibliyini göstərir. Prezidentlər, həmçinin İran və Ukraynadakı son geosiyasi hadisələri müzakirə ediblər. Bu, Azərbaycanın Aİ üçün regional dialoq və geosiyasi tərəfdaşı kimi əhəmiyyətini göstərir. Beləliklə, Aİ Azərbaycana strateji tərəfdaş kimi uzunmüddətli investisiya və dəstək verməyə hazır olduğunu ifadə edib”, - deyə P.Vəliyeva bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
7
azertag.az

8Mənbələr