AZ

Yığmadakı 14 illik çıxışını başa vurdu

Kayl Uoker beynəlxalq karyerası ilə bağlı gözlənilən qərar verib. O, İngiltərə yığmasındakı çıxışını başa vurub.

35 yaşlı müdafiəçi bu qərarını dünya çempionatına üç ay qalmış açıqlayıb. “Reuters” agentliyinin yaydığı məlumata görə, 2011-ci ildə debüt etdiyi yığmada 14 il çıxış edən Uoker 100 oyunluq yubiley həddinə 4 matç qalmış milli komandadan getməyi lazım bilib. Karyerası ərzində 5 böyük turnirdə iştirak edən futbolçu iki dəfə Avropa çempionatının (AÇ-2020, AÇ-2024) gümüş medalını qazanıb.

Bu mövsüm “Bernli”nin heyətində premyer-liqada 27 oyuna çıxan Kayl son vaxtlar Tomas Tuxelin rəhbərlik etdiyi milli komandaya dəvət almırdı. O, “instaqram” hesabında yer alan paylaşımda bunları qeyd edib:

“Ölkəmi on ildən artıq təmsil edəndən sonra yığmadakı karyerama son vermək qərarına gəldim. İngiltərə yığmasının formasını geymək karyeramın ən şərəfli işi idi və bununla həmişə qürur duyacam. Bütün komanda yoldaşlarıma, məşqçilərə və azarkeşlərə bu səyahətdə yanımda olduqları üçün təşəkkür edirəm. İndi mən də azarkeşlərə qoşulub dünya çempionatında uşaqları dəstəkləyəcəm”.


Milli komandanın baş məşqçisi Tomas Tuxel karyerası ərzində “Tottenhem”, “Mançester Siti” və “Milan” kimi aparıcı klubların şərəfini qoruyan Uoker haqda xoş sözlər deyib:

“Onunla az müddət işləməyimə baxmayaraq, Kaylın İngiltərə futbolunun əfsanələrindən biri olduğunu bilirdim. 14 illik beynəlxalq karyera və 5 böyük turnir onun fədakarlığının sübutudu”.
Seçilən
67
1
football-plus.az

2Mənbələr