Bakı, 13 mart, AZƏRTAC
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən mənzillərdən oğurluq edən şəxslərə qarşı əməliyyatlar keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görülən tədbirlər nəticəsində 2 fərdi yaşayış evindən ümumi dəyəri 7750 manat olan müxtəlif növ məişət əşyaları və 1000 manat oğurlamaqda şübhəli bilinən, əvvəllər də məhkum olunmuş Xəyal Kazımzadə saxlanılıb.
Polis əməkdaşlarının keçirdikləri digər tədbirlər nəticəsində şəhər ərazisində avtomobillərdən, eləcə də obyektlərdən mobil telefon və pul oğurlayan keçmiş məhkum Naib Əliyev saxlanılıb. Araşdırmalar nəticəsində N. Əliyevin ümumilikdə 15-ə yaxın mağaza və avtomobildən oğurluq etdiyi müəyyən olunub. Həmçinin saxlanılan şəxsdən psixotrop maddə olan metamfetamin də aşkarlanıb.
Keçirilən növbəti tədbir zamanı evlərin birindən ümumi dəyəri 3 min manat olan müxtəlif növ məişət əşyalarını oğurlamaqda şübhəli bilinən Adil Məmmədov da saxlanılaraq istintaqa təhvil verilib.
Faktlarla bağlı cinayət işləri başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxslərin hər biri barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.