Bakı, 13 mart, AZƏRTAC
Azərbaycanın strateji mövqeyi ölkəni Şərq-Qərb və Cənub-Şimal nəqliyyat dəhlizlərinin mərkəzinə çevirir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov XIII Qlobal Bakı Forumunda “Orta Dəhliz və Avrasiya bağlantısı qapısı” mövzulu paneldə çıxışında bildirib.
O qeyd edib ki, Prezident İlham Əliyevin uzunmüddətli strateji vizyonu əsasında ölkə bu marşrutları davamlı inkişaf etdirir. Siyasi sabitlik və bölgədə uzunmüddətli sülhün təmin edilməsi ilə Azərbaycan infrastruktur yatırımlarını sürətləndirib.
Ş.Mövsümov əlavə edib ki, Bakı limanı artıq Xəzər regionunun əsas logistika mərkəzinə çevrilib və ötən il ölkədən 4,7 milyon ton yük daşınıb. Orta Dəhliz altı il əvvəl istifadəyə verilib və indi gündəlik orta hesabla bir blok qatar Avropa və Çin arasında hərəkət edir.
Prezidentin köməkçisinin sözlərinə görə, Orta Dəhliz yalnız yük daşımaları üçün deyil, həm də enerji və rəqəmsal əlaqələr üçün mühüm rol oynayır. O qeyd edib ki, Cənub Qaz Dəhlizi, TANAP və TAP layihələri vasitəsilə Azərbaycan qazını 16 ölkəyə çatdırır. Yeni layihə olan Qara Dəniz elektrik kabeli Azərbaycanın, Gürcüstanın, Rumıniyanın və Macarıstanın elektrik şəbəkələrini birləşdirəcək, genişmiqyaslı yaşıl enerji ötürülməsinə imkan yaradacaq.