Bəzi bakteriyalar adi hərəkət mexanizmləri işləmədikdə belə səthlər üzərində yayılmağa davam edə bilir.
QHT.az xarici mediaya istinadən bildirir ki, normalda bakteriyalar hərəkət etmək üçün flagella adlanan nazik, qamçıya bənzər strukturlardan istifadə edir. Lakin alimlər müəyyən ediblər ki, bəzi mikroorqanizmlər bu strukturlar fəaliyyət göstərmədikdə belə başqa üsullarla səthlər boyunca yayıla bilir.
Araşdırma zamanı məlum olub ki, E. coli və Salmonella bakteriyaları şəkərləri fermentasiya edərkən maye axınları yaradır və bu axınlar bakteriya koloniyalarını səth boyunca yavaş-yavaş hərəkət etdirir. Alimlər bu yeni hərəkət formasını “swashing” adlandırıblar.
Tədqiqatçılar bildirirlər ki, bu mexanizm bakteriyaların tibbi avadanlıqlar, yaralar və qida emalı qurğularının səthlərində yayılmasını izah edə bilər. Alimlərin bildirib ki, şəkər səviyyəsi və turşuluq kimi amillərin dəyişdirilməsi bakteriyaların yayılmasını məhdudlaşdıra bilər.
Digər araşdırmada isə flavobakteriyalar adlanan mikroorqanizmlərin fərqli hərəkət sistemi öyrənilib. Bu bakteriyalar səth boyunca hərəkət etmək üçün T9SS adlı xüsusi molekulyar mexanizmdən istifadə edir. Bu sistemdə GldJ adlı zülal mühərrikin istiqamətini dəyişərək bakteriyanın hərəkətini idarə edir.
Bakteriyaların müxtəlif hərəkət strategiyalarına malik olması onların yayılmasının qarşısını almağı çətinləşdirir. Buna görə də gələcəkdə infeksiyalarla mübarizə üçün bakteriyaların yaşadığı mühitin – şəkər səviyyəsi, turşuluq və səth xüsusiyyətlərinin – dəyişdirilməsi kimi yeni yanaşmalar vacib ola bilər.
Fatimə Nəbiyeva