Bakı, 13 mart, AZƏRTAC
Çin iqtisadiyyatın müxtəlif sahələrində süni intellekt texnologiyalarını fəal şəkildə tətbiq etməyə davam etmək niyyətindədir. Ölkə hazırda süni intellekt texnologiyalarının inkişafı və tətbiqi sahəsində dünya liderləri sırasındadır. Çin modernləşmə imkanlarını Azərbaycan ilə bölüşməyə və qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, bu açıqlamanı Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfiri Lu Mey cümə günü keçirilən brifinqdə verib.
O qeyd edib ki, Baş nazir Li Çian hökumətin fəaliyyəti ilə bağlı hesabatında “Süni intellekt - Plus” proqramının inkişafına xüsusi diqqət yetirib. Bu mövzu ardıcıl üçüncü ildir ki, ölkənin dövlət siyasətinin əsas hissəsidir. İlk dəfə olaraq müxtəlif sektorlarda süni intellektin tətbiqinin miqyasını və dərinliyini genişləndirməyi nəzərdə tutan yeni intellektual iqtisadiyyat modelinin hazırlanması təklif edilib. Qeyd olunur ki, bu cür addımlar iqtisadiyyatın rəqəmsal transformasiyasını sürətləndirməyə və istehsalın səmərəliliyini artırmağa yönəlib.
Səfir əlavə edib ki, Çin tərəfi Azərbaycanı milli xüsusiyyətlərinə uyğun inkişaf yolunu seçməkdə qətiyyətlə dəstəkləyir.
Diplomat qeyd edib ki, Çin süni intellekt, biotibb, robototexnika və kvant texnologiyaları kimi sahələrdə tədqiqatları və texnologiyaların praktik tətbiqini fəal şəkildə inkişaf etdirir.
Səfir, həmçinin əlavə edib ki, Çində tədqiqat və inkişaf xərclərinin orta illik artım tempi təxminən 10% təşkil edir.
Bundan əlavə, ixtiralar üçün yüksək dəyəri olan patentlərin sayı hər 10.000 nəfərə 16-ya çatıb ki, bu da innovativ inkişafın sürətli tempini nümayiş etdirir.