Bakıda kooperativ binalarda 1000-ə qədər liftin dəyişdirilməsinə vəsait ayrılması istənilir.
APA-nın xəbərinə görə, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nın müzakirəsi zamanı parlament sədrinin birinci müavini Əli Əhmədov deyib ki, təxminən 35–40 il bundan əvvəl Bakı şəhərində kooperativ binalar tikilib və bu binalarda quraşdırılan liftlərin istismar müddəti çoxdan başa çatıb.
Əli Əhmədov qeyd edib ki, həmin binalarda quraşdırılan liftlərin sayı təxminən 1000 ədəddir: “Bu binalarda yaşayan insanların həmin liftlərin dəyişdirilməsi üçün imkanları çatmır. Hökumət bu məsələyə müdaxilə etməsə, liftlərin dəyişdirilməsi çox çətin bir problemə çevriləcək və eyni zamanda qısa müddətdə risklər yarana bilər. Xahiş edirəm ki, hökumət vəsait ayırsın və 5–10 illik proqram çərçivəsində bunun reallaşması üçün addımlar atsın”.