Sevindirici haldır ki, Vəkillər Kollegiyası üzvlərinin andiçmə mərasimi ənənəvi xarakter daşıyır. Bu, təkcə rəmzi andiçmə mərasimi deyil, eyni zamanda, görüşüb fikir mübadiləsi aparmaq üçün bir fürsətdir. Vəkillik Azərbaycanda institusional təsisat kimi çox böyük yol keçib. Biz öz fəaliyyətimizi birgə şəkildə qururuq.
AZƏRTAC xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Vəkillər Kollegiyası üzvlərinin təntənəli andiçmə və təltifetmə mərasimində çıxış edərkən deyib.
“Vəkillər ədalət mühakiməsinin həyata keçirilməsində mühüm rol oynayan, cəmiyyət üçün əvəzsiz xidmət göstərən peşə sahibləridir. Uzun illərdir Konstitusiya Məhkəməsi Vəkillər Kollegiyası ilə əməkdaşlıq edir. Vəkillərin tərtib etdiyi rəylər bizim qəbul etdiyimiz qərarların əsaslandırıcı hissəsində yer alır. Bildirməliyəm ki, hüquq islahatları daimi prosesdir. Bu gün dəyişən dünyada ictimai münasibətlər qanunların da yenilənməsinə səbəb olur", - deyə F.Abdullayev qeyd edib.