AZ

Muxtar Babayevdən SON DƏQİQƏ AÇIQLAMALARI: "Müharibədən qorunmağa çalışırlar..."

XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Danışıqlardan kənarda: COP-u yaşatmaq uğrunda mübarizə" adlı panel iclasında Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev çıxış edib.

Musavat.com bildirir ki, o, çıxışında hazırkı qlobal vəziyyətin iqlim gündəliyinə ciddi təsir göstərdiyini vurğulayıb.

Muxtar Babayevin sözlərinə görə, bu gün bir çox dövlətlər diqqəti daha çox təhlükəsizlik və münaqişə risklərinə yönəldir, nəticədə iqlim çağırışları arxa plana keçir:

"İqlim siyasətinin həyata keçirilməsi üçün maliyyə əsas şərtlərdən biridir. Bununla belə, beynəlxalq səviyyədə qəbul olunan öhdəliklərin icrası ilə bağlı problemlər qalmaqdadır. Birləşmiş Millətlər Təşkilatı çərçivəsində COP formatında çoxsaylı konfranslar keçirilsə də, qəbul edilən qərarların icrası hələ də suallar doğurur. Mövcud vəziyyət çoxtərəfli əməkdaşlıq sisteminə də təsir edir. Bu gün həm beynəlxalq institutlar, həm də çoxtərəfli əməkdaşlıq mexanizmləri ciddi təzyiqlə üzləşir. Buna görə də dövlətlərin və beynəlxalq tərəfdaşların daha sıx əməkdaşlıq etməsi vacibdir".

O bildirib ki, əvvəlki müzakirələr zamanı bir sıra mühüm qərarlar qəbul edilsə də, onların praktik icrası müəyyən çətinliklərlə müşayiət olunur:

"Xüsusilə iqlim təşəbbüslərinin maliyyələşdirilməsi, yaradılmış fondların fəaliyyəti və beynəlxalq dəstək mexanizmlərinin işləməsi ilə bağlı problemlər qalmaqdadır. Əsas məsələ isə qəbul olunan qərarların real nəticələrə çevrilməsidir. İqlim maliyyəsi xüsusilə inkişaf etməkdə olan ölkələr və kiçik ada dövlətləri üçün həyati əhəmiyyət daşıyır. Bu vəsaitlər təbii fəlakətlərdən sonra iqtisadiyyatın və sosial həyatın bərpasına, həmçinin iqlim dəyişikliklərinə uyğunlaşma tədbirlərinə yönəldilməlidir".

Muxtar Babayev çıxışında Pakistanla bağlı qəbul edilən qərarları və hazırlanmış ictimai yol xəritəsini də xatırladıb. Bildirib ki, həmin yol xəritəsi çərçivəsində iqlim gündəliyinə dair mühüm məsələlər müzakirə olunub.

O əlavə edib ki, Bakıda keçirilən COP29 çərçivəsində qəbul olunan mühüm qərarlardan biri illik 300 milyard dollarlıq maliyyə öhdəliyi ilə bağlı idi:

"Bununla yanaşı, 1,3 trilyon dollarlıq qlobal iqlim maliyyəsi yol xəritəsi də müzakirə edilmişdi. Lakin bəzi ölkələrin bu qərarlardan uzaqlaşdığı müşahidə olunur".

Xalidə Gəray
Musavat.com

Seçilən
2
1
musavat.com

2Mənbələr