AZ

Avropa İttifaqı Naxçıvanın dəmiryollarını tam yeniləyəcək...



Tural İsmayılov: “...Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında nəqliyyat imkanlarının genişlənməsi baxımından strateji əhəmiyyət daşıyır”

Azərbaycan Prezidenti İlham ƏliyevləAvropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın birgə mətbuata bəyanatında ən müxtəlif məsələrə, o cümlədən də Naxçıvan dəmir yolunun yenidən qurulmasına xüsusi diqqət ayrılıb. Bu baxımdan birgə bəyanatın 8-ci bəndi də diqqətçəkəndir.

Prezidentlər Azərbaycanın regional daşımalarda, xüsusilə də Orta Dəhliz vasitəsilə Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında nəqliyyat, ticarət, enerji və rəqəmsallaşma sahələrində əlaqələrin gücləndirilməsində oynadığı aparıcı rolu vurğulayıblar. Avropa İttifaqı “Qlobal Qapı” çərçivəsində daşımalar, digər müvafiq mexanizmlər, o cümlədən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında dəmir yolunun müasirləşdirilməsinə dəstək, həmçinin TRIPP-in icrası üzrə davam edən səylərlə bağlı Azərbaycanla əməkdaşlığa sadiqliyini bir daha təsdiqləyib. Onlar “Qlobal Qapı” təşəbbüsü çərçivəsində Azərbaycan-Aİ iqtisadi əməkdaşlığını və sərmayələrini gücləndirmək üçün İqtisadi Əməkdaşlıq üzrə Yüksəksəviyyəli İşçi Qrupunun yaradılmasını alqışlayıblar.

Naxçıvan dəmir yolunun moderizasiyası məsələsinin Aİ prezidenti ilə müzakirəsi, qərarlaşma olduqca böyük əhəmiyyətə malikdir. Naxçıvan dəmir yolunun modernləşməsində, müasirləşməsində Avropa yüksək səviyyədə iştirak etməkdə maraqlıdır.

Siyasi ekspert Tural İsmayılov bu məsələnin əhəmiyyəti barədə baki-xeber.com-a bildirdi ki, martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Antonio Kosta Bakıda görüş keçirərək mətbuata bəyanatla çıxış ediblər. “Bu görüş Azərbaycan–Avropa İttifaqı münasibətlərinin strateji gündəliyində yeni istiqamətlərin formalaşdığını göstərən mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər.

Birgə bəyanatın 8-ci bəndi xüsusilə diqqət çəkir. Sənəddə vurğulanır ki, Azərbaycan regional daşımalarda, xüsusilə Orta Dəhliz vasitəsilə Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında nəqliyyat, ticarət, enerji və rəqəmsallaşma sahələrində əlaqələrin gücləndirilməsində aparıcı rol oynayır. Bu yanaşma Avropa İttifaqının regionun geoiqtisadi xəritəsində Azərbaycanın yerini strateji tərəfdaş kimi gördüyünü bir daha təsdiqləyir.

Eyni zamanda Avropa İttifaqının Qlobal Qapı təşəbbüsü çərçivəsində nəqliyyat və logistika layihələrinə dəstək verməsi, xüsusilə Naxçıvan Muxtar Respublikasında dəmir yolunun modernləşdirilməsinə maraq göstərməsi olduqca əhəmiyyətli mesajdır. Bu məsələ təkcə regional infrastruktur layihəsi deyil, həm də Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında nəqliyyat imkanlarının genişlənməsi baxımından strateji əhəmiyyət daşıyır.

Politoloji baxımdan bu addım Avropa İttifaqının Cənubi Qafqazda nəqliyyat və enerji marşrutlarının şaxələndirilməsində Azərbaycanın roluna daha çox önəm verdiyini göstərir. Naxçıvan dəmir yolunun modernləşdirilməsi layihəsində Avropa tərəfinin iştirak etmək niyyəti isə regionda yeni logistika imkanlarının formalaşmasına və Orta Dəhlizin daha funksional işləməsinə əlavə töhfə verə bilər”.

T.İsmayılovun fikrincə, bütövlükdə bu müzakirələr göstərir ki, Azərbaycan artıq yalnız enerji tərəfdaşı kimi deyil, həm də Avropa ilə Asiya arasında strateji tranzit mərkəzi kimi qəbul olunur. “Naxçıvan dəmir yolunun modernləşdirilməsi istiqamətində Avropa ilə mümkün əməkdaşlıq isə Azərbaycanın regional nəqliyyat arxitekturasında mövqeyini daha da gücləndirə biləcək mühüm addım kimi dəyərləndirilə bilər”-deyə T.İsmayılov vurğuladı.

İradə SARIYEVA

Seçilən
49
baki-xeber.com

1Mənbələr