AZ

Mərkəzdəki obyektlərin ucuz qiymətə icarəyə verilməsinin səbəbi bilindi AÇIQLAMA

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Şəhərin mərkəzində parkinq yerlərinin pullu və nisbətən yüksək tariflərlə tətbiqi müzakirə mövzusudur. Bu dəyişikliklər təkcə nəqliyyatın tənzimlənməsi ilə deyil, həm də həmin ərazilərdə yerləşən ticarət və xidmət obyektlərinin iqtisadi dəyəri ilə əlaqələndirilir. Parkinq siyasəti müştəri axınına və biznes fəaliyyətinə təsir etməklə obyektlərin qiymətinə də dolayı təsir göstərə bilər. Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı ekspert Famil Niftiyev bildirib ki, şəhərin mərkəzində parkinqin pullu və baha olması daşınmaz əmlak qiymətlərinə bir neçə iqtisadi kanal vasitəsilə təsir edir və bu təsir adətən həm obyektin növündən, həm də şəhərin nəqliyyat strukturundan asılı olur."Birincisi, parkinqin bahalaşması mərkəzi ərazilərdə avtomobillə gələn müştəri axınını azalda bilər. Məsələn, əgər bir restoran, mağaza və ya xidmət obyekti əsasən avtomobillə gələn müştərilərdən asılıdırsa, bahalı parkinq həmin biznes üçün əlavə “görünməyən xərc” yaradır. Müştəri həm xidmətə, həm də park yerinə pul ödəməli olur. Bu vəziyyətdə bəzi müştərilər alternativ olaraq daha ucuz parkinqi olan periferik əraziləri seçə bilər. Nəticədə belə obyektlərin gəlirlilik potensialı azalır və bu, uzun müddətdə həmin obyektlərin icarə və satış qiymətlərinə təzyiq göstərə bilər. Digər tərəfdən, parkinqin pullu olması mərkəzdə avtomobil sıxlığını azaltmaq və ərazinin keyfiyyətini artırmaq məqsədi daşıyır. Avtomobil sayının azalması səs-küyün və tıxacın azalmasına, piyadalar üçün daha rahat mühitin yaranmasına səbəb olur. Bu isə piyada axınına əsaslanan bizneslər, məsələn, kafe, butik, xidmət sahələri üçün əksinə üstünlük yarada bilər. Belə zonalarda obyektlərin kommersiya dəyəri bəzən hətta arta da bilər, çünki ərazi daha cəlbedici urban məkanına çevrilir".Ekspert bildirib ki, üçüncü mühüm faktor nəqliyyat alternativlərinin səviyyəsidir. "Əgər mərkəzə metro, avtobus və ya digər ictimai nəqliyyatla rahat çıxış varsa, parkinqin bahalaşmasının obyekt qiymətlərinə mənfi təsiri zəif olur. Çünki müştəri və işçilər avtomobildən asılı olmur. Amma ictimai nəqliyyat zəifdirsə və əraziyə əsasən avtomobillə gəlmək mümkündürsə, bahalı parkinq biznes üçün ciddi mənfi faktor ola bilər. Dördüncü məsələ obyektin özündə parkinq imkanının olub-olmamasıdır. Əgər bir ticarət mərkəzi, ofis binası və ya restoran özünə məxsus parkinq təqdim edirsə, şəhər parkinqinin bahalı olması həmin obyekt üçün rəqabət üstünlüyünə çevrilə bilər. Bu halda belə obyektlərin icarə və satış qiymətləri daha stabil və ya yüksək olur, çünki istifadəçilər əlavə rahatlıq əldə edir". Onun sözlərinə görə, ümumilikdə iqtisadi təcrübə göstərir ki, mərkəzdə parkinqin pullu olması obyekt qiymətlərinə vahid istiqamətdə təsir etmir. "Avtomobil yönümlü bizneslər üçün bu, qiymətləri aşağı salan faktor ola bilər, lakin piyada axını yüksək olan və urban mühitin keyfiyyətindən qazanan obyektlər üçün əksinə, əmlak dəyərinin artmasına səbəb ola bilər. Əsas fərqi yaradan isə müştəri davranışı, nəqliyyat infrastrukturu və obyektin funksional tipidir".Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
demokrat.az

1Mənbələr