Zərdabda yarım əsrlik körpü qəzalı vəziyyətə düşüb.
"Cebheinfo.az" APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Gödəkqobu kəndində ötən əsrin 70-ci illərində istifadəyə verilən körpünün dayaq hissələrində aşınma müşahidə olunur.
Yerli sakinlər bildiriblər ki, eni 8, uzunluğu 25 metr olan istismar müddətini keçmiş körpü hər an təhlükə yarada bilər. Körpünün bəzi hissələri aşınıb, dayaq hissələri zəifləyib.
Rayon mərkəzindən 13 km məsafədə yerləşən, 1804 nəfər sakini olan Gödəkqobu kəndində əhali əsasən əkinçilik və heyvandarlıqla məşğul olur. Tez-tez ağır texnikalar və yük avtomobillərindən istifadə edən sakinlər körpüdən 5 tondan artıq yükün keçməsinin təhlükəli olduğunu açıqlayıblar.
Sakinlər bildiriblər ki, körpü kəndin rayon mərkəzinə çıxışını təmin edən əsas keçiddir. Ona görə də mövcud vəziyyət həm sürücülər, həm də piyadalar üçün narahatlıq yaradır.
"Cebheinfo.az"