AZ

Pakistan Əfqanıstanın paytaxtı Kabili və digər bölgələrini bombalayıb

BAKI, TurkicWorld, Nailə Babazadə

Əfqanıstan rəhbərliyinin sözçüsü Zabihullah Mücahid Pakistanın paytaxt Kabil başda olmaqla, Qəndəhar, Paktia və Paktika bölgələrinə hava zərbələri endirdiyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, "Tolo News" kanalının məlumatına görə, Mücahid bu hücumlar zamanı mülki əhalinin yaşadığı evlərin hədəf alındığını, nəticədə qadın və uşaqların həyatını itirdiyini bildirib. Sözçü Pakistanın bu hərəkətlərini ən kəskin şəkildə qınadıqlarını və edilən hücumların "cavabsız qalmayacağını" vurğulayıb. Mənbələr son zərbələr nəticəsində 4 mülki şəxsin öldüyünü, 25 nəfərin yaralandığını və 4 evin tamamilə dağıldığını qeyd edirlər.

İki ölkə arasındakı hərbi gərginlik fevralın 22-də Pakistanın öz ərazisində baş verən bombalı hücumlara cavab olaraq Əfqanıstan sərhədindəki yeddi nöqtəni "terror düşərgəsi" adı ilə vurması ilə başlayıb. Buna cavab olaraq Əfqanıstan rəhbərliyi fevralın 26-da İslamabadın hərbi obyektlərinə hücumlar təşkil edib. Pakistan tərəfi əməliyyatlar nəticəsində Əfqanıstan tərəfində 583 nəfərin öldüyünü, 795-dən çox insanın yaralandığını iddia edir. Əfqanıstan rəsmi dairələri isə Pakistanın hücumları nəticəsində 110 ölüm və 123 yaralı faktını təsdiqləyib. BMT-nin hesabatına görə, bu toqquşmalar səbəbindən Əfqanıstanda təxminən 66 min insan yaşayış yerini tərk etməli olub.

İslamabad administrasiyası Pakistan Talibanının (TTP) Əfqanıstanda mövqe tutduğunu və hücumlarını buradan təşkil etdiyini müdafiə edir, lakin Kabil bu iddiaları qəti şəkildə rədd edir. Qeyd edək ki, 2025-ci ilin oktyabr ayında da oxşar gərginlik yaşanmış və tərəflər həmin ilin noyabrında atəşkəs detallarını müzakirə etmək üçün İstanbulda bir araya gəlmişdilər. Lakin İstanbul müzakirələrinin nəticəsiz qalması və dayandırılması regionda yenidən genişmiqyaslı hərbi qarşıdurmanın alovlanmasına şərait yaradıb. Hazırkı vəziyyət Mərkəzi və Cənubi Asiyanın təhlükəsizliyi üçün ciddi təhdid hesab olunur.

Seçilən
15
turkic.world

1Mənbələr