AZ

ABŞ təxminən 60 ölkəyə qarşı ticarət araşdırmaları başladıb

Vaşinqton administrasiyası məcburi əməyin tətbiqi ilə istehsal olunan məhsulların idxalı ilə bağlı qaydaları araşdırmağa başlayıb...

Poliqon xəbər verir ki, bu barədə ABŞ-nin Ticarət danışıqları üzrə nümayəndəsinin aparatı 12 mart tarixində yaydığı rəsmi bəyanatda məlumat verib. Bildirilib ki, Vaşinqton administrasiyası təxminən 60 dövlətə qarşı həmin ölkələrdə məcburi əməyin tətbiqi ilə istehsal olunan malların idxalını tənzimləyən qaydalarla bağlı ticarət araşdırmaları başladıb.

ABŞ tərəfinin mövqeyinə görə, sözügedən ölkələrdə məcburi əməyin istifadəsi ilə istehsal edilən malların idxalına ya qadağa tətbiq edilməyib, ya da bu qadağalar effektiv şəkildə icra olunmur. Vaşinqton bu vəziyyətin ABŞ-nin beynəlxalq ticarət fəaliyyətinə mənfi təsir göstərib-göstərmədiyini müəyyənləşdirməyi planlaşdırır. ABŞ administrasiyası qeyd edir ki, ölkədə belə məhsulların idxalına qadağa artıq qüvvədədir və bu sahədə ciddi nəzarət mexanizmləri mövcuddur.

Rəsmi sənəddə vurğulanır ki, ABŞ hakimiyyəti araşdırmaların aparılması üçün adı çəkilən bütün dövlətlərlə məsləhətləşmələr aparmalıdır. Bu proses ABŞ-nin 1974-cü il tarixli “Ticarət haqqında qanun”unun 301-ci bölməsinə əsasən başladılıb. Həmin müddəa ABŞ prezidentinə digər dövlətlərin ABŞ ticarətinə məhdudiyyətlər yaratdığı hesab edildiyi hallarda müxtəlif tədbirlər görmək səlahiyyəti verir.

Araşdırmaların əhatə etdiyi ölkələr siyahısına bir sıra iri iqtisadiyyatlar və ticarət tərəfdaşları daxildir. Siyahıda Argentina, Avstraliya, Braziliya, Böyük Britaniya, Hindistan, İndoneziya, Kanada, Çin, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Cənubi Afrika Respublikası, Cənubi Koreya və Yaponiya kimi ölkələrin adı çəkilir. Bundan əlavə, siyahıya Avropa İttifaqı da daxil edilib.

Ekspertlərin fikrincə, ABŞ-nin bu addımı qlobal ticarət münasibətlərinə əlavə gərginlik gətirə bilər. Çünki belə araşdırmalar nəticəsində Vaşinqton müəyyən ölkələrə qarşı əlavə tariflər tətbiq edə və ya digər iqtisadi məhdudiyyətlər tətbiq etmək hüququ əldə edə bilər. Bu isə beynəlxalq ticarət sistemində yeni mübahisələrin yaranmasına səbəb ola bilər.

Poliqon.info

Seçilən
42
poliqon.info

1Mənbələr