ain.az, 525.az portalına istinadən məlumat yayır.
Rəşad MƏCİD"525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini
70 yaşlı AzTV, "Bəxtiyar" filmi, yeni nəsil və "şokolad kimi" Süni İntellekt
70 il öncə televiziyamızın ilk efir günündə "Bəxtiyar" filmi göstərilib. Böyük sənətkarlarımızın çəkildikləri, duzlu yumorla zəngin "Bəxtiyar" indiyədək bir neçə nəsil insan üçün sevimli ekran əsəri olub, filmdən sitatlar dillərdə dolaşıb. Amma yeni nəsil üçün də belədirmi?
Neçə il əvvəl olmuş bir hadisəni xatırlayıram...
Neft-qaz mövzusunda yazan jurnalistlər üçün keçirilən iki günlük seminarın bağlanış mərasimiydi, sertifikatlar təqdim olunacaqdı, mən də dəvətliydim. Əvvəlcə Dövlət Neft Şirkətinin vitse-prezidenti, əfsanəvi neftçi Xoşbəxt Yusifzadə çıxış etdi. Sadə, səmimi çıxışında jurnalistlərin bu sahəylə bağlı bilgisizliyinə kübar tərzdə irad bildirdi, qazın həcmi barədə suallardakı yanlışlara diqqət yönəldib incə düzəlişlər verdi.
Mən də çıxışımda Xoşbəxt müəllimin fikirlərinə toxunaraq "Bəxtiyar" filminə bir göndərmə etdim. Hesabla zaldakı gənc jurnalistlərin üzündə gülüş, heç olmasa dodaqlarında təbəssüm yaranmalıydı. Amma buz kimi soyuq, etinasız reaksiyanı, donuq gözləri görəndə sual verməyə məcbur oldum:
- "Bəxtiyar" filminə baxmamısınız?
Zaldan səs çıxmadı. Xoşbəxt müəllimin də məyusluğunu hiss etdim, özüm də heyrətləndim.
Neftdən yazan 20 nəfərdən artıq gənc jurnalistin heç birinin bu məşhur filmimizə baxmaması acı bir təəssüf yaratmışdı.
Yəqin ki, AzTV bu gün - filmin ilk nümayişindən 70 il sonra yenə "Bəxtiyar"ı göstərəcək. Çox istərdim ki, gənclərimiz imkan tapıb bu filmə baxsınlar. Heç olmasa baba-nənələrinin 70 il qabaq Azərbaycan Televiziyasının ilk efir günündə göstərilən filmimizi hansı həyəcanla izlədikləri, niyə və nəyə güldükləri barədə düşüncələrə dalsınlar.
Televiziyamızın 70 yaşı mübarək olsun!
Gərək Süni İntellektə deyəm filmdəki məşhur deyimlərdən bir-ikisini sadalasın:
"Biz neyləyə bilərik, Ağabala?"
lll
Hər dəfə əsərlərinə baxanda, musiqisini dinləyəndə qəlbin qürur hissi ilə dolur və Üzeyir Hacıbəylinin böyüklüyünü bir daha başa düşür, Tanrının lütfünə dua edirsən!
lll
Səhərin alatoranında qatar təkərlərinin səngiməyən səsi və arabir eşidilən qırıq-qırıq fit xəyalları da çəkib özüylə uzaqlara aparırdı...
lll
Günəş şəfəq saçsa da, hava soyuq idi.
lll
Sosial şəbəkə etibarlı istinad mənbəyi deyil. Sosial şəbəkə istifadəçiləri məsuliyyətli olmaya bilərlər. Onların hətta qərəzli və şəxsi maraqlar çərçivəsində davranmaları da mümkündür. Ona görə media subyektlərinin sosial şəbəkələrdə yayılmış bilgiləri ağına-bozuna baxmadan, araşdırmadan tirajlamaları peşə prinsiplərinə ziddir, jurnalistikanın etibarına xələl gətirir. Media informasiya yayıcılığında sosial şəbəkələrdən üstünlüyünü yalnız peşəkarlığı ilə göstərməlidir. Peşəkarlıq isə həm də həssaslıq tələb edir. Hadisə və proseslərə həssas yanaşma tərzi medianın cəmiyyətdəki nüfuzunu qoruyan əsas məqamlardandır. Arzu edərdim ki, həmkarlarım bunu nəzərə alsınlar.
lll
Tez və çılğın reaksiya verməyi tərgitmək müdriklik işartısıdır.
lll
Min Süni İntellekt yığışa, belə təsirli, belə kövrək cümlələr yaza bilməz.
lll
Pul istəyənlər çox artıb.
lll
İncəsənətdə də, idmanda da ruh, coşqu vacib şərtlərdəndir. Hərdən peşəkarlığı da üstələyir.
lll
Aliminə, yaşlı insanına lağ eləmək, məsğərəyə qoymaq naqis keyfiyyətdir, ictimai mənəviyyata zərbədir, pis nümunədir.
İnsaflı davranmaq lazımdır.
lll
Təklikdə ağlı başında, normal adamdır, kütləyə qoşulan kimi dəyişir, havalanır.
lll
"Lağlağı" sözü dilimizin izahlı lüğətində "boşboğaz, naqqal, ağzına və ağlına gələni danışan adam" kimi xarakterizə olunur.
Ötən əsrin əvvəlində böyük ədiblərimiz ictimai məsələlərə, xurafata, cəhalətə qarşı kəskin satiralarında bu təxəllüsdən istifadə ediblər. Amma hamı Mirzə Cəlil deyil və hər mövzunu da lağlağıya çevirmək olmaz!
lll
"İsmailiyyə binasının divarlarından öpüb ağlayırdı"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş tədbirə gedərkən bir əhvalatı xatırladım. Əflatun Amaşov danışırdı ki, təxminən 15 il əvvəl mətbuatla bağlı bir tədbirə Yakut-Saxadan bir jurnalist-yazıçı xanım gəlmişdi. Təkidlə İsmailiyyə binasına getmək istədiyini söyləyirdi. Çatanda ağlaya-ağlaya binanın divarlarını öpməyə başladı: "Mənim babamın burda şəkli var, 1926-cı ildə Türkoloji Qurultayın iştirakçısı olub".
Qadının emosional halı heç vaxt yadımdan çıxmır - deyir Əflatun Amaşov.
Bu gün bu tarixi binadakı möhtəşəm tədbirə qatılarkən yenə o söhbəti xatırladım. Professor Vilayət Quliyevin "Buzlu Yakutiyadan Bakıya türklük sevdası ilə" yazısında Yakut-Saxa nümayəndə heyətinin uzun səfəri və qurultayda iştirakı barədə ətraflı yazılıb. Yəqin ki, jurnalist xanımın babası da bu heyətin üzvlərindən biri olub. Qurultayın bütün iştirakçılarını ehtiramla yad edək.
lll
Niyə düşmən kəsilmişik
Hamı qardaş olsa da?..
(R.Rövşən)
lll
"Mayak" nəşriyyatının "MiniArt" layihəsinin təqdimatında iştirak etdik. Kitabın təbliği sahəsində çox yenilikçi addımları var. Təqdir və təbrik edir, uğurlar arzulayırıq.
İpək Məciddən xahiş elədim yeni layihəni tanıtsın...
lll
Hamımız dərin narahatlıq, səksəkə içindəyik. Qonşuda yanğındırsa, necə biganə qalmaq olar?
Bu müharibənin tez bitməsini, əmin-amanlıq yaranmasını arzulayırıq. Cənubdakı yurddaşlarımızın gələcək taleyi bizim üçün də həyati əhəmiyyət kəsb edir. İranın axırı necə olacaq, yurddaşlarımız necə bir dövlətdə yaşayacaqlar, ən adi haqlarına qovuşa biləcəklərmi?
Azərbaycanımızın səmasının da təhlükəsizlik məkanı olduğundan qürur duyuruq. Dünyaya Bakı pəncərəsindən baxmaq ən doğru addımdır.
Tanrı Vətənimizi və arzularımızı qorusun!
Od çərşənbəniz mübarək!
lll
İstedadı min addım uzaqdan hiss etmək olur.
lll
Əsl ədəbiyyat güc verir insana.
Enerji yayır.
lll
Qonşuları, o cümlədən Türkiyəni və Azərbaycanı zorən düşmənə çevirmək sonun başlanğıcıdır.
Ən doğru başlığı AzTV verib:
"Azərbaycan hücuma məruz qaldı".
lll
Lap iki ölkədə universitet bitir, sənətində peşəkar ol, cəhalətə və xurafata təslimsənsə, cahilsən.
lll
Bilmədim iblissən, ya mələk, Qadın!
Ətri, gözəlliyi çiyələk Qadın!
Bir də gəlməyəcək sənin tək Qadın
Nə mənim dünyama, nə bu dünyaya!
Bayramınız mübarək, əziz Qadınlar!
Həmişə sevilən olasınız!
lll
Qadınların ən Kişisi!..
lll
Paşinyanın videolarından görünür ki, adam dərin bir mənəvi boşluq içərisindədir.
lll
Heyif bu qədər dəyərli kitablardan.
Bunları oxuyan olacaqmı?..
lll
ChatGPT bizə tənbəllik, savadsızlıq, arxayınlıq aşılayacaq. Bütün bilgilər əlinin altındadır, amma heç nə bilmirsən. Öz düşüncən və mövqeyin yoxdur.
lll
Yaranmış gərginlikdən sonra Prezidentin tapşırığına əsasən İrana humanitar yardım göndərilməsi xoşməramlı, ibrətamiz addımdır.
Azərbaycan öz ürəyigenişliyini və yaxşı qonşu olduğunu yenə də göstərdi...
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.