AZ

Bank Nəzarəti Strategiyası

Azərbaycan banklarında risk əsaslı nəzarət sistemi təkmilləşdiriləcək

Mərkəzi Bank (MB) risk əsaslı nəzarət prosesləri çərçivəsində 2026-2027-ci illəri əhatə edən Bank Nəzarəti Strategiyasını təsdiqləyib. Sənəd maliyyə sektorunun inkişafı çərçivəsində müəyyən edilmiş hədəflərə uyğun olaraq Dünya Bankı ilə birgə həyata keçirilən “Maliyyə sektorunun modernizasiyası layihəsi” çərçivəsində hazırlanıb və risk əsaslı nəzarətin həyata keçirilməsini nəzərdə tutur.

Qeyd edık ki, MB Dünya Bankı ilə birgə həyata keçirilən “Maliyyə sektorunun modernizasiyası layihəsi” çərçivəsində risk əsaslı nəzarətin həyata keçirilməsi üzrə nəzərdə tutulmuş təşəbbüsləri uğurla icra edib. Ötən iki il ərzində həmin konsepsiyadan irəli gələrək ARAS adlandırılan Azərbaycan Risklərin Qiymətləndirilməsi Sistemi (Azerbaijan Risk Assessment System) qurulub, risk əsaslı nəzarət alətlərinin yaradılması və pilot banklar üzrə testləşdirilməsi təmin olunub. Ötən ilin dekabr ayında “Mərkəzi Bankın banklara risk əsaslı nəzarət üzrə təlimatı” təsdiq edilib. Risk əsaslı nəzarətin məqsədi maliyyə sektorunun əsas risklərinə istiqamətlənmiş nəzarət çərçivəsini formalaşdırmaqdır. Mərkəzi Bank bu nəzarət yanaşmasını tətbiq etməklə, sistem riskinə səbəb ola biləcək nəzarət subyektlərinə nəzarəti intensivləşdirməklə sistem riskinin qarşısını almağı hədəfləyir. Bu yanaşma maliyyə sektorunun dayanıqlığını gücləndirməklə, ölkə iqtisadiyyatının sabitliyinə töhfə vermiş olur. Beləliklə, həmin konseptual yanaşma və təlimatdan irəli gələrək Bank Nəzarəti Strategiyası təsdiqlənib.

Strategiya növbəti iki ildə banklar üçün daha aktual hesab olunan risk istiqamətləri üzrə aşağıdakı nəzarət prioritetlərinin icrasını hədəfləyir:

* Bankların makroiqtisadi xarakterli təhlükələrə qarşı dayanıqlılığının gücləndirilməsi;

* Bankların biznes model dayanıqlığı və gəlirliliyin idarə edilməsi üzrə fəaliyyətinin təkmilləşdirilməsi;

* Bankların əməliyyat dayanıqlılığının gücləndirilməsi;

* Bankların risk idarəetmə çərçivəsinin modernizasiyası;

* Banklarda korporativ idarəetmə, risk mədəniyyəti və istehlakçı hüquqlarının qorunması üzrə çərçivənin gücləndirilməsi.

Sağlam risk idarəetməsinin təmin olunması

Bundan əlavə, qeyd olunan prioritetlərin dəstəklənməsi üçün Bank Nəzarəti Strategiyası çərçivəsində banklarda risklərin idarə edilməsi və stress-testləşdirmə çərçivəsinin təkmilləşdirilməsinə dair tənzimləmələrin modernizasiyası, banklarda korporativ idarəetmə standartlarına dair tövsiyələrə əsasən, tənzimləyici çərçivənin daxil edilməsi, Basel III standartları ilə uyğunluğun artırılması istiqamətində banklara münasibətdə Daxili Kapital Adekvatlığının Qiymətləndirilməsi Prosesi (ICAAP) və Daxili Likvidlik Adekvatlığının Qiymətləndirilməsi Prosesi (ILAAP) üzrə tələblərin tətbiqi, İqlim və ESİ risklərinin tənzimləmə və nəzarət çərçivəsinə inteqrasiyası nəzərdə tutulur. Proaktiv və effektiv nəzarət müdaxiləsinin seçilməsi. Risk əsaslı nəzarət reaktiv tədbirlərin əvəzinə risklərin erkən müəyyən edilməsinə və problemlər yaranmazdan əvvəl qabaqlayıcı tədbirlər görməyə imkan yaradır. Nəzarət resurslarının səmərəli istifadəsi. Risk əsaslı nəzarət yanaşmasında yüksək risk profilinə malik nəzarət subyektlərinə daha çox diqqət ayrılır ki, bu da nəzarət resurslarının daha effektiv və səmərəli paylanmasını təmin edir. Risk əsaslı nəzarətin tətbiqi proporsionallıq prinsipinə uyğun olaraq, aşağı risk profilli nəzarət subyektlərinin nəzarət yükünü azaldır.

Sağlam risk idarəetməsinin təmini də bank sektporunda əsas prioritetlərdən hesab edilir. Risk əsaslı nəzarət yanaşmasında nəzarət subyektinin risk reytinqi, buna uyğun tətbiq olunan nəzarət alətləri subyektin risk idarəetməsinin keyfiyyətindən birbaşa asılıdır. Bu da həmin subyektlərdə təkmil risk idarəetməsi və daxili nəzarətin formalaşmasını şərtləndirir. Eləcə də, maliyyə sektorunda kibertəhlükəsizlik, ekoloji, sosial və idarəetmə və digər risklərin artması nəzarət subyektəri ilə yanaşı nəzarət orqanından da çevik uyğunlaşma tələb edir ki, məhz bu yanaşma sayəsində yeni risklərə nəzarət prosesinə daha sürətli inteqrasiyasa təmin etmək mümkün olur.

Bank sektorunun potensial şoklara qarşı dayanıqlılığının artırılması

“Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş sistemləri üzrə nəzarət konsepsiyasın”a və “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”na əsasən hər il Mərkəzi Bankın operatoru olduğu AZİPS üzrə il ərzində iştirakçılar tərəfindən aparılmış əməliyyatların ümumi həcminin 2 faizindən çox paya malik olan iştirakçılar sistem əhəmiyyətli iştirakçı kimi qiymətləndirilir. Sistem əhəmiyyətli iştirakçı fövqəladə hallarda sistemlərin fəaliyyətinin davamlılığını təmin etmək məqsədi ilə ehtiyat mərkəz yaratmalı və fövqəladə hallara hazırlıq səviyyəsini yoxlamaq üçün ən azı rübdə bir dəfə real vaxt rejimində ödəniş sistemlərində iştirakını ehtiyat mərkəz vasitəsilə təmin etməlidir. Sistem əhəmiyyətli iştirakçı ehtiyat mərkəzdə həyata keçirdiyi fəaliyyəti başa çatdırdıqdan sonra nəticəsi barədə hesabatı Mərkəzi Banka təqdim edir.

Bundan başqa, sistem əhəmiyyətli iştirakçı ehtiyat mərkəzi ilə əsas mərkəz arasında əsas proqram təminatları üzrə məlumat mübadiləsinin təşkilinə dair tərtib edilmiş topoloji diaqramı, ehtiyat mərkəzin yerləşdiyi ünvan barədə məlumatı, fövqəladə hallarda fəaliyyətinin davamlılığının təmin olunması üçün sorğuların cavablandırılması və məlumat mübadiləsinin aparılmasına məsul olan əməkdaşları təyin edərək onları təlimatlandırmalı, həmçinin bu əməkdaşlar haqqında məlumatı hər ilin fevral ayının 25-dən gec olmayaraq Mərkəzi Banka təqdim etməlidir. Eyni zamanda, fövqəladə hallar zamanı sistemlərdə fəaliyyətin davamlılığının təmin edilməsi məqsədi ilə sistem əhəmiyyətli iştirakçının fövqəladə hallarda fəaliyyətinin davamlılığı və bərpa planları olmalıdır. Fövqəladə hallarda fəaliyyətin davamlılığı planı və bərpa planı ildə bir dəfədən gec olmayaraq yenilənməli və Mərkəzi Banka təqdim edilməlidir.

Mərkəzi Bankın missiyası maliyyə bazarlarının sabitliyini və dayanıqlığını təmin etmək, makroprudensial nəzarət çərçivəsində sistem riskini idarə etmək və potensial təhdidləri azaltmaqdır. Bu baxımdan, MB-nin risk əsaslı nəzarətin tətbiqi üzrə həyata keçirdiyi tədbirlər müvafiq Siyasət Konsepsiyası ilə müəyyən edilmiş məqsədlərə xidmət etməklə yanaşı, həm də bank sektorunun uzunmüddətli dayanıqlı inkişafının təmin olunmasına və potensial şoklara qarşı dayanıqlılığının artırılmasına töhfə verəcək.

Beləliklə, mütərəqqi nəzarət orqanlarının tətbiq etdiyi və beynəlxalq təşkilatların tövsiyə etdiyi yanaşma olan risk əsaslı nəzarətin qurulması və yeni nəzarət strategiyasının icrası ölkənin maliyyə sektoruna inamın artmasını təmin edir.

E.CƏFƏRLİ

Seçilən
13
1
yeniazerbaycan.com

10Mənbələr