AZ

Qoca qitə lider böhranı yaşayır

Avropa ölkələri liderlərinin reytinqləri aşağı düşür

Sosioloqların fikrincə, Almaniya Kansleri Fridrix Merts ölkəsində mövqelərini itirir. Onun partiyası əsas seçkilərdə qalib gələ bilməyib. Avropanın bir sıra ölkələrinin liderləri də xalqın dəstəyini qazanmaqda çətinlik yaşayırlar.

Kansler Fridrix Mertsin rəhbərlik etdiyi Xristian Demokrat İttifaqı (CDU)  Almaniyanın üçüncü ən böyük əyaləti olan Baden-Vürtemberqdə keçirilən seçkilərdə birinci yeri tuta bilməyərək geriləyib. Səsvermədə "Yaşıllar" Partiyası səslərin 30,2 faizini qazanaraq CDU-nu üstələyib ki, bu da onların Mertsin partiyası ilə koalisiyada əyaləti idarəetmə ehtimalını artırır. "Almaniya üçün Alternativ" Partiyası (AfD) isə 2021-ci ildə keçirilmiş əvvəlki seçkilərlə müqayisədə nəticəsini təxminən ikiqat artıraraq 18,8 faiz səslə üçüncü yeri tutub.

Seçkilərin nəticələri təxminən bir il əvvəl vəzifəyə başlayandan bəri yerli sosioloqların kanslerə inamın azaldığını göstərən qənaətini təsdiqləyib. Avropa sorğu mərkəzi YouGov-un məlumatları göstərir ki, Mertsin bəyənilmə reytinqi 2025-ci ilin iyun ayından bəri 34 bal azalıb. Araşdırmaya əsasən, almanların yalnız 23 faizi Mertsə müsbət, böyük əksəriyyəti, yəni 71 faizi isə mənfi münasibət bəsləyir.

Daxili sorğular oxşar, lakin bir qədər müsbət mənzərəni göstərir. Son "ZDF siyasi barometri"nə görə, almanların 54 faizi Mertsin kansler kimi zəif iş gördüyünə inanır. Yalnız 43 faizi onun fəaliyyətini müsbət qiymətləndirir. Eyni sorğu göstərib ki, respondentlərin 10 nəfərindən 6-sı Mertsin gələcəkdə XDİ-yə səmərəli rəhbərlik edə biləcəyinə şübhə ilə yanaşır. 34 faizi isə bunun əksini düşünür.

F.Merts həmçinin -0,5 reytinqi ilə digər alman siyasətçilərindən geri qalır. Müdafiə naziri Boris Pistorius bu reytinqə +2,1 balla başçılıq edir.

Manheym Universitetindən politoloq Mark Debus "Euronews" telekanalına açıqlamasında bildirib ki, bu azalma qismən hökumətin vəd etdiyi islahatların tempindən məyusluğu əks etdirir: "CDU/CSU və Fridrix Mertsin rəhbərliyindəki hökumət seçki kampaniyası zamanı dəyişikliklərin tez bir zamanda baş verəcəyinə və islahatların tezliklə başlayacağına söz vermişdi. Lakin bu islahatlar ya ümumiyyətlə qəbul edilmədi, ya da vəd edildiyi kimi tez bir zamanda həyata keçirilmədi. Yalnız bu ilin qış və yazında iqtisadi və sosial siyasətdə əsas dəyişikliklər edildi". O əlavə edib ki, Baden-Vürtemberqdəki kimi regional seçkilər milli səviyyədə siyasi ovqatın barometri hesab edilə bilər - seçicilər səsvermə bülletenini işarələməklə federal hökumətdən narazılıqlarını və ya onu təsdiqlədiklərini bildirirlər.

F.Mertsin zəif mövqeyi Avropada liderlərə olan inamın azalmasının daha geniş tendensiyasını əks etdirir. YouGov-a görə, Fransa Prezidenti Emmanuel Makron sonuncu yerdədir - fransızların yalnız 19 faizi onun haqqında müsbət fikirdədir. Onun dəstəyi son bir il ərzində davamlı olaraq aşağı səviyyədə qalıb, 2025-ci ilin avqust-sentyabr aylarında kəskin azalıb və yalnız 2026-cı ilin əvvəlində bir qədər bərpa edilib.

Makron populyar olmayan Fransa prezidentləri siyahısında tək deyil. Onlar nadir hallarda yüksək bəyənmə reytinqlərinə malik olurlar. 2016-cı ildə Fransanın keçmiş prezidenti Fransua Olland əhalinin yalnız 4 faizi tərəfindən dəstəklənmişdi.

Böyük Britaniyanın Baş naziri Kir Starmerin də reytinqi aşağıdır: britaniyalıların yalnız 21 faizi onun fəaliyyətini müsbət qiymətləndirir, 71 faizi isə bəyənmir. Amma İspaniya və İtaliyanın baş nazirləri öz ölkələrində daha populyardırlar - ispanların 32 faizi Pedro Sançesi müsbət qiymətləndirir, 35 faizi isə Corcia Melonini bəyənir. Hər iki liderin reytinqləri ümumiyyətlə sabitdir. Danimarkanın Baş naziri Mette Frederiksen 6 lider arasında ən populyardır və ABŞ Prezidenti Donald Trampın Qrenlandiyaya qarşı yeni təhdidləri fonunda danimarkalıların 43 faizi onun fəaliyyətini müsbət qiymətləndirir. Bununla belə sorğuların nəticələrinə görə, liderlərdən heç biri mütləq əksəriyyətin etimadını qazana bilməyib.

Debus qeyd edib ki, Avropa hökumətləri Rusiyanın Ukraynaya müdaxiləsi kimi beynəlxalq böhranlar səbəbindən seçki vədlərini yerinə yetirməkdə çətinlik çəkirlər və bu böhranlar iqtisadi vəziyyətin zəifləməsinə səbəb olur: "Məsələn, hazırda digər sahələrin hesabına müdafiəyə daha çox vəsait ayrılır. Bu, seçicilərin hökumətdən narazılığının artmasına səbəb olur".

Rizvan CƏFƏROV,

"Azərbaycan"

Seçilən
25
azerbaijan-news.az

1Mənbələr