AZ

Yel baba 

Deyilənə görə, Yel baba ilə Əkinçi baba qardaş imişlər. Bahar torpağa hərarət gətirəndə onlar birlikdə tarlanı şumlayıb əkinlərini əkərmişlər. Bundan sonra tarladakı işlərə Əkinçi baba cavabdeh imiş. 

O, məhsula su verər, ot-alaqdan təmizləyib becərər, yetişəndə də biçib xırmana gətirərmiş. Arpa-buğda dənini küləşdən, samandan ayırmaq isə Yel babanın işi imiş. Yel baba başqalarının da taxılını xırmanda sovurub əvəzində pay alarmış. Bir kərə adamlar yenə arpa-buğdanı xırmanda döyüb gözləyirlər ki, Yel baba gəlib onu sovursun. Amma o gəlib çıxmır ki, çıxmır. Səbri tükənmiş adamlar taxılı özləri sovurmağa başlayır və:

Yel baba, amana gəl,

Dolanıb xırmana gəl,

Bir bəhanən yoxdursa,

Xəlbirə samana gəl.

A Yel baba, Yel baba,

Saman sənin, dən mənim.

Ləçəyi mindər-mindər,

Yönünü bizə döndər,

Yönünü döndərmirsən.

Mehini bizə göndər.

A Yel baba, Yel baba,

Saman sənin, dən mənim, - 

deyə oxuyurlar. Elə bu vaxt gəlib xırmana yetişən Yel baba eşitdiyi sözlərdən inciyib geri dönür. Adamlar öz əməlindən peşman olurlar. Hamı Yel babanın arxasınca qaçır və onu səsləyə-səsləyə oxuyurlar:  

A Yel baba, Yel baba,

Qurban sana, gəl, baba.

Taxılımız yerdə qaldı,

Yaxamız əldə qaldı.

A Yel baba, Yel baba

Qurban sana, gəl, baba.

Bu nəğmə Yel babanın xoşuna gəlir. Geri qayıdıb xırmandakı buğdanı, arpanı sovurub samandan ayırır.

Seçilən
20
azerbaijan-news.az

1Mənbələr