"Mən düşünürəm ki, sülh sazişinin imzalanması ilə bağlı Ermənistan sonuncu maneəni də aradan qaldırıbsa, yəni Konstitusiyanın preambula hissəsində dəyişiklik edərək müstəqillik bəyannaməsi ilə olan əlaqəni aradan qaldırıbsa, bu, irəliyə doğru atılmış bir addımdır. Əlbəttə ki, burada əsasən Azərbaycanın irəli sürdüyü tələblər, demək olar ki, yerinə yetirildi. Lakin buna baxmayaraq, hələ də gündəmdə qalan müəyyən məsələlər mövcuddur".
Bu fikirləri Bakı İctimai Əməkdaşlıq Mərkəzinin sədri Rauf Zeyni QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, bununla belə, sülh sazişinin imzalanması üçün əsas şərtlər demək olar ki, Ermənistan tərəfindən icra olundu və bu da icra olunmalı idi. Çünki Ermənistan və onun baş naziri Nikol Paşinyan reallığı çox yaxşı dərk edib. O da demişdi ki, biz tarixi Ermənistan ideyasını bir kənara qoyaraq real Ermənistan düşüncəsindən çıxış etməliyik. Çünki tarixi Ermənistan iddiası ilə real Ermənistan qurmaq mümkün deyil:
"Bu gün dünya ictimaiyyətinə də aydın olmalıdır ki, öz maraqları naminə Ermənistanı silahlandırmaq və ya onu hansısa formada qonşularına qarşı yönəltmək, regionda sülhün pozulmasına səbəb olmaq heç kimə fayda verməyəcək. Biz dəfələrlə demişik ki, Ermənistan, Gürcüstan və Azərbaycan kimi Cənubi Qafqaz ölkələri sülhü və sabitliyi səmimi şəkildə dəstəkləyirlərsə, Azərbaycanın irəli sürdüyü təkliflər də həm beynəlxalq prinsiplərdən, beynəlxalq hüquq normalarından, həm də səmimi əməkdaşlıqdan irəli gəlməlidir. Bu prosesdə kənar təsirlər bir kənara qoyulmalı, ölkələr bir-birini dəstəkləyərək regionda davamlı və dayanıqlı sülhü, inkişafı və əməkdaşlığı gücləndirməlidirlər. Mən hesab edirəm ki, xüsusilə Ermənistan öz havadarlarına – 30 il ərzində Azərbaycan torpaqlarının işğal altında saxlanmasına səbəb olan qüvvələrə – yeni mövqeyini açıq şəkildə bildirməlidir. Onlar deməlidirlər ki, biz sülh istəyirik və bu sülhə sadiqik".
QHT rəhbəri həmçinin bildirib ki, belə olduğu halda, sülh müqaviləsinin altında imza atan rəhbərlər bu sülhə görə məsuliyyət daşıyacaqlar. Bu məsuliyyət xüsusilə Ermənistan üçün aktualdır. Çünki Azərbaycan müstəqillik dövründə imzaladığı bütün beynəlxalq müqavilələri yerinə yetirib və hər zaman sözünün və imzasının sahibi olub:
"Məhz buna görə də Azərbaycan həm regionda, həm də dünyada etibarlı tərəfdaş kimi tanınır. İstər “Əsrin müqaviləsi”ndən irəli gələn böyük iqtisadi layihələr, istər neft və qaz kəmərləri, istərsə də digər beynəlxalq layihələr Azərbaycanın imzasına və öhdəliklərinə sadiqliyinin nümunəsidir. Bu gün heç bir tərəfdaş Azərbaycanın hansısa müqavilədən geri çəkildiyini deyə bilməz. Bu baxımdan Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanması region üçün tarixi hadisə olacaq. Düşünürəm ki, Ermənistanın hazırkı rəhbərliyi və siyasi elitası bu məsuliyyətin region və tarix üçün nə demək olduğunu yaxşı anlamalı və bu prosesi sona qədər dəstəkləməlidir".
Rauf Zeyninin sözlərinə görə, əks halda, regionda xoşagəlməz hadisələr baş verə bilər. Əgər hər hansı bir kənara çıxma olarsa, Azərbaycan da buna uyğun olaraq öz mövqeyini bildirəcək. Çünki biz dəfələrlə şahidi olmuşuq ki, Ermənistan son 30 il ərzində beynəlxalq qətnamələri və qərarları yerinə yetirməyib. O, üzərinə götürdüyü beynəlxalq öhdəliklərdən və konvensiyalardan irəli gələn məsuliyyətləri icra etməyib:
"Bu günə qədər də itkin düşmüş şəxslərlə bağlı, minalanmış ərazilərlə bağlı və digər məsələlər üzrə lazımi məlumatları Azərbaycana təqdim etməyib. Bütün bu məsələlər köklü şəkildə gündəmə gətirilməlidir. Bir daha qeyd edirəm ki, sülh sazişinin imzalanması ilə yanaşı, qarşılıqlı etimadın yaradılması üçün də ciddi addımlar atılmalıdır. Hesab edirəm ki, Ermənistanın qeyri-hökumət təşkilatları da işğal, terror və soyqırımı ilə bağlı məsələlərə münasibət bildirərək bəyanatlar qəbul etməlidirlər. Yalnız bundan sonra ictimai etimadın yaradılması və sülh platformasının gücləndirilməsi istiqamətində daha intensiv addımlar atmaq mümkün olacaq".
Pərvanə Fərhadqızı
QHT.az