AZ

Mart yoğun bağırsaq xərçəngi ilə mübarizə ayıdır

Onkoloq: Kolon xərçəngi vaxtında aşkar edildikdə həm qarşısı alına, həm də effektiv şəkildə müalicə oluna bilən xəstəliklər sırasına daxildir

Mart ayı dünyada olduğu kimi, Azərbaycanda da yoğun bağırsaq xərçəngi (kolon xərçəngi) ilə mübarizə və bu xəstəlik barədə ictimai savadlılığın artırılması ayı kimi qeyd olunur. Beynəlxalq səviyyədə həyata keçirilən bu təşəbbüsün əsas məqsədi cəmiyyətin diqqətini geniş yayılmış onkoloji xəstəliklərdən biri olan yoğun bağırsaq xərçənginə yönəltmək, risk faktorları və erkən diaqnostikanın əhəmiyyəti barədə maarifləndirməni gücləndirməkdir.

Yoğun bağırsaq xərçəngi qlobal miqyasda geniş yayılan onkoloji xəstəliklərdən biri hesab olunur. Bir çox hallarda xəstəlik ilkin mərhələdə ciddi narahatlıq yaratmadığı üçün insanlar uzun müddət müayinədən yayınır və problem yalnız daha gec mərhələdə üzə çıxır. Məhz bu səbəbdən mart ayı ərzində aparılan maarifləndirmə kampaniyalarının əsas mesajlarından biri mütəmadi tibbi yoxlamaların həyat qurtaran roluna diqqət çəkməkdir. Nəzərə alınmalıdır ki, müayinələrin vaxtında aparılması yalnız xəstəliyin erkən aşkarlanmasına deyil, eyni zamanda, gələcəkdə yarana biləcək risklərin qiymətləndirilməsinə də imkan yaradır.

Maarifləndirmə tədbirlərində tez-tez vurğulanan məqamlardan biri də insanların tibbi yoxlamalara münasibətinin dəyişməsinin vacibliyidir. Bir çox hallarda insanlar özlərini sağlam hiss etdikləri üçün müayinəyə ehtiyac duymadıqlarını düşünürlər. Halbuki mütəxəssislər qeyd edirlər ki, profilaktik müayinələrin əsas məqsədi məhz simptomlar yaranmazdan əvvəl mümkün riskləri müəyyən etməkdir.

Mart ayının yoğun bağırsaq xərçəngi ilə bağlı məlumatlılıq ayı kimi qeyd olunması cəmiyyətə bir daha xatırladır ki, sağlamlıq yalnız xəstəlik ortaya çıxdıqdan sonra deyil, onun qarşısının vaxtında alınması üçün görülən tədbirlərlə qorunur. Profilaktik müayinələr isə bu prosesin ən vacib mərhələlərindən biri hesab olunur.

Ölkəmizdə də bu istiqamətdə maarifləndirmə fəaliyyətləri aparılır, ictimaiyyət arasında xəstəlik barədə məlumatlılığın artırılmasına yönəlmiş təşəbbüslər həyata keçirilir. Mart ayının yoğun bağırsaq xərçəngi ilə mübarizə ayı kimi qeyd olunması isə cəmiyyətin diqqətini bu sahəyə yönəltmək və erkən diaqnostikanın əhəmiyyətini bir daha gündəmə gətirmək məqsədi daşıyır.

Onkoloq Dursun Əliyev mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, kolon xərçəngi yoğun bağırsağın bədxassəli şişi hesab olunur və dünyada ən çox rast gəlinən onkoloji xəstəliklərdən biridir. Onun sözlərinə görə, bu xəstəlik vaxtında aşkar edildikdə tam sağalma ehtimalı yüksək olan xərçəng növlərindən sayılır.

Risk faktorları nələrdir?

Həkim qeyd etdi ki, kolon xərçənginin yaranma riskini artıran bir sıra amillər mövcuddur: “Bu risk faktorlarına 50 yaşdan yuxarı olmaq, bağırsaqda poliplərin mövcudluğu, ailədə kolon xərçəngi hallarının olması, qırmızı və işlənmiş ətin həddindən artıq qəbulu, siqaret və alkoqol istifadəsi, piylənmə, həmçinin az hərəkətli həyat tərzi daxildir.”

Onkoloqun sözlərinə görə, xəstəlik bəzən uzun müddət simptomsuz inkişaf edə bilər. Bununla belə, bəzi əlamətlər erkən mərhələdə diqqət çəkə bilər: “Nəcisdə qan görülməsi, uzun müddət davam edən qəbizlik və ya ishal, qarın ağrıları, səbəbsiz arıqlama, halsızlıq və qanazlığı kolon xərçənginin əsas əlamətləri arasında yer alır. İrəliləmiş mərhələlərdə isə xəstəlik qaraciyərə metastaz verə və bu zaman qaraciyərdə kütlə müşahidə oluna bilər.”

Erkən diaqnostika əhəmiyyətlidir

Mütəxəssis skrininq müayinələrinin erkən diaqnostika baxımından mühüm rol oynadığını da diqqətə çatdırdı. O bildirdi ki, adətən 45-50 yaşdan sonra profilaktik məqsədlə kolonoskopiya müayinəsi tövsiyə olunur. Bununla belə, hər hansı narahatlıq yaradan simptomlar müşahidə edilərsə, bu yaş həddini gözləmədən həkimə müraciət etmək vacibdir. Onun sözlərinə görə, belə hallarda pasiyentlər ilk növbədə qastroenteroloqa müraciət etməlidirlər və müayinə zamanı bağırsaqda şübhəli dəyişiklik aşkarlanarsa, əlavə müalicə tədbirləri görülür.

Onkoloq diqqətə çatdırdı ki, kolon xərçənginin profilaktikasında bağırsaq poliplərinin vaxtında aşkar olunaraq götürülməsi mühüm rol oynayır. Çünki bəzi hallarda poliplər zamanla bədxassəli şişə çevrilə bilir: “Kolonoskopiya zamanı polip aşkarlanarsa, onun götürülməsi gələcəkdə xərçəngin yaranmasının qarşısını almağa kömək edir.”

Müasir müalicə üsulları

Dursun Əliyevin sözlərinə görə, xəstəlik təsdiqləndikdə müalicə taktikası onun mərhələsindən asılı olaraq müəyyən edilir. Bu zaman cərrahi müdaxilə və kimyaterapiya ilə yanaşı, müasir tibbdə tətbiq olunan yeni müalicə üsullarından da istifadə olunur: “Son illərdə hədəfli terapiya və immunterapiya kimi müasir müalicə metodları yoğun bağırsaq xərçənginin müalicəsində geniş tətbiq olunur. Genetik və molekulyar analizlərin nəticələrinə əsaslanaraq şişdə mövcud mutasiyalar müəyyən edilir və buna uyğun fərdiləşdirilmiş müalicə planı hazırlanır.”

Onkoloq sonda vurğuladı ki, kolon xərçəngi vaxtında aşkar edildikdə həm qarşısı alına, həm də effektiv şəkildə müalicə oluna bilən xəstəliklər sırasına daxildir. Onun fikirlərinə əsasən, xəstəlik irəli mərhələdə aşkarlanarsa, əsas məqsəd xəstəliyin inkişafını nəzarətdə saxlamaq, pasiyentin yaşam müddətini uzatmaq və həyat keyfiyyətini yaxşılaşdırmaqdır. Erkən mərhələdə diaqnoz qoyulan hallarda isə sağalma şansı olduqca yüksəkdir.

Şahnigar Əhmədova, “İki sahil”

Seçilən
71
ikisahil.az

1Mənbələr