XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “BMT 80+” mövzusunda paneldə dünya siyasətçiləri və ekspertlər BMT sisteminin çağırışlara cavab verə bilməsi və effektivliyinin artırılması üçün aparılacaq islahatları müzakirə ediblər.
AZƏRTAC xəbər verir ki, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım bildirib ki, beynəlxalq vəziyyət əvvəlki dövrlərlə müqayisədə xeyli dəyişib və problemlər artıb. Onun sözlərinə görə, BMT-nin daimi üzvlərinə yönələn tənqidlər güclənir, çünki bəzi hallarda onlar bitərəf qalmaq əvəzinə münaqişələrin tərəfinə çevrilirlər. Bu isə dünyada qarşıdurmaların artmasına səbəb olan amillərdən biridir. Binəli Yıldırım BMT-nin uzun illər uğurla fəaliyyət göstərdiyini, lakin son dövrdə əvvəlki effektivliyinin hiss olunmadığını və buna görə də təşkilatda əsaslı islahatların zəruri olduğunu vurğulayıb.
BMT-nin 62-ci Baş Assambleyasının Prezidenti olmuş Şimali Makedoniyanın keçmiş xarici işlər naziri Srgjan Kerim deyib ki, BMT sistemi müxtəlif agentliklər, proqramlar, ixtisaslaşmış orqanlar və katibliyin birləşməsindən ibarətdir. Onun sözlərinə görə, bu müxtəliflik zəiflik deyil, gücün əksidir, lakin effektiv koordinasiya olmadan təkrarçılıq və səmərəsizlik riski yaranır.
Türkiyənin Avropa İttifaqı işləri üzrə sabiq naziri Volkan Bozkır bildirib ki, BMT-nin tarixi təkamülü və Təhlükəsizlik Şurasındakı veto hüququ qlobal güclərin maraqları çərçivəsində formalaşıb. Aparıcı güclərin imtiyazlarını qorumağa meyilli olması səbəbindən yaxın gələcəkdə köklü islahatlar çətin görünür.
Slovakiyanın sabiq xarici işlər naziri Miroslav Layçak isə bildirib ki, əsas məsələ BMT-nin çağırışlara daha səmərəli cavab verməsi üçün gündəliyin düzgün müəyyən olunmasıdır. Layçak sülh və təhlükəsizlik, inkişaf və insan hüquqları sahələrində üzv dövlətlərin gələcək problemlərə diqqət yetirməsinin vacibliyini qeyd edib.
BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibinin müavini Pedro Manuel Morenonun fikrincə, BMT sistemində islahatlar yalnız texniki deyil, strateji zərurətdir. Belə ki, təşkilatın effektivliyini artırmaq üçün mandatların və strukturun yenidən qiymətləndirilməsi vacibdir. Moreno əlavə edib ki, resurslar azalıb və 2030-cu ilə qədər resursların 2024-cü ilə nisbətən 35 faiz azalacağı gözlənilir.
Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) baş katibinin müavini Tomas Lamanauskas isə BMT sistemində süni intellekt (AI) sahəsində qlobal əməkdaşlıq və vahid yanaşmanın təmin edilməsinin təşkilatın effektivliyi üçün əsas olduğunu bildirib.