AZ

BMT-də Azərbaycanın qadın hüquqları və rəqəmsal inkişafı sahəsində nailiyyətləri təqdim edilib

BMT-nin Baş Qərargahında keçirilən Qadınların Statusu üzrə Komissiyanın 70-ci sessiyası çərçivəsində ABŞ-də səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Rəqəmsal texnologiyaların qadın hüquqlarına təsiri" mövzusunda keçirilən yan tədbirdə çıxış edib.

"Far.Az"un ABŞ bürosu xəbər verir ki, B.Muradova çıxışında erkən nikahların və yaxın qohumlar arasında nikahların qızların təhsil imkanlarını məhdudlaşdırdığını, onların sosial və iqtisadi potensialına mənfi təsir göstərdiyini bildirib.

O qeyd edib ki, Azərbaycanda erkən nikahların və yaxın qohumlar arasında nikahların qarşısının alınması məqsədilə qanunvericiliyə dəyişikliklər edilib, eyni zamanda qızların təhsilinin təşviqi və sosial imkanlarının genişləndirilməsi istiqamətində layihələr həyata keçirilir.

Komitə sədri həmçinin Azərbaycanda qadınlara qarşı zorakılığın qarşısının alınması, gender bərabərliyinin təşviqi və qadınların ictimai-siyasi həyatda iştirakının genişləndirilməsi istiqamətində ardıcıl tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Bildirilib ki, hazırda bu sahədə yeni milli tədbirlər planı hazırlanır və növbəti üç ili əhatə edən Gender Bərabərliyi üzrə Milli Fəaliyyət Planı qəbul edilib.

B. Muradova əlavə edib ki, Azərbaycanda bu sahədə siyasətin daha effektiv koordinasiyasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin qərarı ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradılmışdır.

Şuraya ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva rəhbərlik edir. Bu qurum innovasiya, rəqəmsal texnologiyalar və süni intellekt sahəsində strateji yanaşmanın formalaşdırılmasına, eləcə də rəqəmsal imkanlardan hamının, o cümlədən qadınların daha geniş faydalanmasına xidmətin təşkilinə cavabdehdir.

B.Muradova həmçinin rəqəmsal texnologiyaların qadınların təhsil, məşğulluq və sahibkarlıq imkanlarını genişləndirdiyini vurğulayıb, eyni zamanda onlayn zorakılıq və kiber təqib kimi risklərə qarşı təhlükəsiz rəqəmsal mühitin təmin edilməsinin vacibliyini diqqətə çatdırıb.

Seçilən
75
far.az

1Mənbələr