AZ

Şəxsiyyət vəsiqənizi kiməsə göndərmisinizsə, bu təhlükəyə hazır olun

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Vətəndaşların xəbəri olmadan onların adına kredit rəsmiləşdirilməsi və müxtəlif məhsulların alınması ilə bağlı hallar narahatlıq doğurur. Belə vəziyyətlər həm maliyyə təhlükəsizliyi, həm də şəxsi məlumatların qorunması məsələsini gündəmə gətirir. Bu cür hallarda vətəndaşların hüquqlarının müdafiəsi üçün müəyyən hüquqi mexanizmlər mövcuddur və məsələ müvafiq qurumlar tərəfindən araşdırıla bilər.Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən vəkil Cavanşir Qasımzadə bildirib ki, bu, çox ciddi və təəssüf ki, kifayət qədər tez-tez rast gəlinən bir vəziyyətdir. "Belə hallarla qarşılaşdıqda ilk növbədə vaxt itirmədən hərəkətə keçmək lazımdır. Vətəndaş öz adından xəbərsiz kredit açıldığını bildiyi anda dərhal həmin banka və ya mağazalar şəbəkəsinə rəsmi şikayət ərizəsi ilə müraciət etməlidir. Ərizədə müqavilədəki imzanın ona məxsus olmadığı və həmin alış-verişdən xəbərsiz olduğu açıq şəkildə qeyd olunmalıdır. Bununla yanaşı, mütləq hüquq-mühafizə orqanlarına, polisə və prokurorluğa da müraciət edilməlidir. Çünki bu artıq dələduzluq cinayəti hesab olunur və hüquqi araşdırma aparılmalıdır".Vəkil bildirib ki, hüquqi baxımdan bu prosesdə ən vacib məqamlardan biri xəttşünaslıq ekspertizasının keçirilməsidir. "Ekspertiza müqavilədəki imzanın saxta olduğunu təsdiqlədiyi halda, həmin kredit borcu vətəndaşın üzərindən silinir. Eyni zamanda, şəxsin kredit tarixçəsinin zədələnməməsi üçün Azərbaycan Mərkəzi Bankı nəzdində fəaliyyət göstərən Kredit Bürosuna da məlumat verilməlidir ki, bu fakt orada dələduzluq qurbanı kimi qeyd olunsun. Gələcəkdə bu kimi halların qarşısını almaq üçün şəxsiyyət vəsiqəsinin surətini kənar şəxslərə təqdim etməmək və şübhəli saytlarda şəxsi məlumatları paylaşmamaq vacibdir. Əgər vətəndaşın şəxsiyyət vəsiqəsi itibsə, bu barədə dərhal rəsmi qurumlara məlumat verilməlidir ki, köhnə sənəd vasitəsilə onun adına hər hansı maliyyə əməliyyatı aparılmasın. Həmçinin müəyyən aralıqlarla ASAN Login və ya bank tətbiqləri vasitəsilə kredit tarixçəsini yoxlamaq da profilaktik baxımdan faydalıdır".Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
70
demokrat.az

1Mənbələr