AZ

Biraz da bahalaşma olacaq Bakıya axın var

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Son dövrlər Bakıda kirayə mənzil bazarında qiymətlərin nəzərəçarpacaq dərəcədə artması müşahidə olunur. Paytaxtda bir neçə il əvvəl nisbətən münasib qiymətə kirayə verilən mənzillərin dəyəri hazırda xeyli yüksəlib. Bu vəziyyət xüsusilə tələbələr, gənc ailələr və kirayədə yaşayan insanlar üçün əlavə maliyyə yükü yaradır. Bəs paytaxtda kirayə mənzillərin bahalaşmasının əsas səbəbləri nədir? Bu barədə Demokrat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, son dövrlərdə Bakıda kirayə mənzillərin qiymətinin sürətlə bahalaşması bir neçə amilin eyni vaxtda təsir göstərməsi ilə bağlıdır:“Paytaxtda əhali sayı sürətlə artır və regionlardan Bakıya köç prosesi davam edir. İş, təhsil və daha yaxşı həyat şəraiti axtaran insanlar paytaxta üz tutur və bu da kirayə mənzilə tələbatı artırır. Tələbat artdıqca isə bazar qanunlarına uyğun olaraq qiymətlər də yüksəlir. Son illərdə Bakıya gələn əcnəbilərin və müvəqqəti çalışan xarici mütəxəssislərin sayı da artıb. Onların əksəriyyəti uzunmüddətli kirayə mənzil axtarır və daha yüksək qiymət ödəməyə hazır olur. Bu da bazarda ümumi qiymət səviyyəsinin yüksəlməsinə təsir edir. Turizm sektorunun inkişafı da kirayə bazarına təsirsiz ötüşmür. Bəzi mənzil sahibləri uzunmüddətli kirayə verməkdənsə, mənzillərini gündəlik və ya qısamüddətli kirayə üçün təklif edirlər ki, bu da adi kirayə mənzillərin sayını azaldır”.Onun sözlərinə görə, yeni tikilən binalarda mənzil qiymətlərinin artması da kirayə bazarına birbaşa təsir edir:“Mənzil sahibi yüksək qiymətə aldığı evi kirayə verərkən investisiyasını tez qaytarmaq istəyir və buna görə kirayə haqqını yüksək təyin edir. Kommunal xərclərin, xidmət haqlarının və yaşayış xərclərinin artması da kirayə qiymətlərinə əlavə təzyiq yaradır. Tələbə axını da hər il kirayə bazarında qiymətlərin artmasına səbəb olan faktorlardan biridir. Universitetlər açılan dövrdə minlərlə tələbə Bakıda qalacaq yer axtarır və bu zaman kirayə qiymətlərində daha kəskin artım müşahidə olunur. Bəzi mənzillərin satış məqsədilə bazardan çıxarılması kirayə üçün təklif olunan evlərin sayını azaldır. Bakıda kirayə bazarında əsas problem təklif və tələbat arasındakı balansın pozulmasıdır. Tələbat sürətlə artır, lakin kirayə üçün real təklif eyni sürətlə artmır. Bu isə qiymətlərin stabil qalmasına imkan vermir. Əgər yaxın illərdə yeni yaşayış layihələri və kirayə bazarına yönəlmiş dövlət proqramları həyata keçirilməzsə, qiymətlərin müəyyən müddət daha yüksək səviyyədə qalması ehtimalı böyükdür”.Leyla Turan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
40
demokrat.az

1Mənbələr