XIII Qlobal Bakı Forumunda “Böhranda çoxtərəflilik: qlobal əməkdaşlığın yenidən düşünülməsi” mövzusunda panel iclas keçirilib.
Teleqraf xəbər verir ki, panel iclasa Millətlər Birliyinin Baş katibi Patrisiya Canet Skotland moderatorluq edib.
Vaira Vike-Freiberga Latviya sabiq prezidenti: “ABŞ İkinci Dünya Müharibəsindən sonra güclü və ideallara malik bir ölkə idi. Baxmayaraq ki, rasizm geniş vüsət almışdı, amma ABŞ tək deyildi. Biz istəyirik ki, hər dövlət öz gələcəyi haqqında sərbəst fikir söyləyə bilsin. Mənim ölkəmin belə imkanı olmamışdı. Onlar kifayət qədər qorxulu rejim hesab edilirdi.”
Kolinda Grabar-Kitaroviç Xorvatiya sabiq prezidenti: “Biz BMT-nin həm müsbət, həm də mənfi tərəflərini müşahidə etmişik və təcavüzə məruz qalan ölkələrdən olmuşuq. Beynəlxalq iqtisadiyyat və digər sahələrdə əldə etdiyimiz uğurlar sayəsində artıq donor ölkəyə çevrilmişik. Suverenlik və ərazi bütövlüyü BMT-nin əsas prinsiplərindəndir. Təəssüf ki, hazırda beynəlxalq münasibətlərdə güc əsas rol oynayır və qaydalar lazımi şəkildə təmin edilə bilmir. Əvvəlki təsisatlara yalnız inamla yanaşa bilmirik. Uyğunlaşmaq isə heç də təslim olmaq demək deyil”.
Yan Kubiş Slovakiya Prezidentinin xarici siyasət və beynəlxalq əlaqələr üzrə müşaviri: “Yaxın Şərqdə baş verən hadisələrə baxsaq, necə ola bilər ki, eyni ölkə bir tərəfdən bunları beynəlxalq hüququn pozuntusu adlandırır, amma digər tərəfdən deyir ki, rejim pisdir və ona qarşı addımlar atmaq düzgündür? Belə ikili standartlar işləməz. Əgər bu, beynəlxalq hüququn pozuntusudursa, bunu açıq şəkildə demək və niyə qəbuledilməz olduğunu izah etmək lazımdır. Hər hansı rejimi sevməsək də, prinsiplər dəyişməz. BMT Təhlükəsizlik Şurasının mandatı heç kimə başqa ölkələrin daxili işlərinə və ya suverenliyinə müdaxilə etmək hüququ vermir".
Bəli, digər təzyiq alətlərindən istifadə lazım ola bilər, amma güc tətbiqi yox. Ümid edirəm ki, bütün beynəlxalq birliklər universal prinsipləri və dəyərləri əsas götürəcək, həmçinin iqlim dəyişikliyi, enerji təhlükəsizliyi, pandemiyalar, demoqrafiya, təhsil, rifah və islahatlar kimi qlobal məsələləri gündəliklərinə daxil edəcəklər. Eyni zamanda mövcud strukturlarla da işləmək vacibdir. Məsələn, səhiyyə sahəsində artıq “mükəmməllik mərkəzi” – Ümumdünya Səhiyyə Təşkilatı mövcuddur. Onlarla birlikdə işləmək lazımdır”.
Maria Fernanda Espinosa, BMT Baş Assambleyasının 73-cü sessiyasının prezidenti: “Biz elə bir dövrdə toplaşmışıq ki, multilateralizm bir tərəfdən məhdudiyyətlərlə üzləşir, digər tərəfdən isə bəlkə də heç vaxt olmadığı qədər zəruridir. Paradoks sadədir: problemlərimiz qlobal, idarəetməmiz isə parçalanmış və zəifdir".
Multilateralizm ümumi rifah naminə kollektiv fəaliyyət və əməkdaşlıq deməkdir. Əsas çağırış qarşılıqlı asılılığımızı və ortaq məqsədlərimizi necə idarə edəcəyimiz barədə razılığa gəlməkdir.
Multilateralizmin böhranı yalnız institutların böhranı deyil, siyasi iradə və liderlik böhranıdır. Bizə təkcə daha yaxşı qaydalar lazım deyil, həm də onları tətbiq etməyə, müdafiə etməyə və nəticə əldə etməyə hazır olan liderlər lazımdır.”